ADU-nun nümayəndə heyəti Konfutsi institutlarının Ümumdünya Konfransında iştirak edib
Dekabrın 11-dən 13-dək Çinin Sian
şəhərində Konfutsi institutlarının XII Ümumdünya Konfransı keçirilib. 140 ölkədən
iki mindən çox iştirakçının bir araya gəldiyi konfransda Azərbaycan Dillər
Universitetinin (ADU) Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Tərbiyə
işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov, ADU-nun Konfutsi İnstitutunun
Çin tərəfindən direktoru Li Jihua və ADU-nun Konfutsi İnstitutunun Azərbaycan tərəfindən
direktoru Rafiq Abbasov iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Çin
Xalq Respublikası Dövlət Şurasının sədr müavini, Konfutsi İnstitutları Baş İdarəsinin
(Xanban) sədri Liu Yandong və Çinin təhsil naziri, Xanbanın sədr müavini Cheng
Baoshen Konfutsi institutlarının inkişafı üçün prioritet istiqamətlər, Böyük İpək
Yolunun bərpası üçün innovativ proqramların həyata keçirilməsi də daxil
olmaqla, xalqlar arasında dostluq əlaqələrinin gücləndirilməsi, Konfutsi institutlarının
ictimai imicinin yaxşılaşdırılması barədə danışıblar.
Konfutsi İnstitutunun
direktorları Li Jihua və Rafiq Abbasov Konfutsi institutlarının Direktorlar
Forumunun bölmələrində Çin dilinin tədrisində innovasiya məsələləri ictimai təşkilatlar
və Konfutsi institutları arasında tərəfdaşlıq qurulması, Konfutsi institutlarının
köməyi ilə sinologiyanın inkişafı, orta
məktəblərdə Çin dilinin tədrisinin yaxşılaşdırılması, test imtahanlarının təşkili,
yaradıcı mədəni proqramların həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Konfutsi İnstitutunun direktoru professor
Rafiq Abbasovun sözlərinə görə, konfransın mühüm hadisələrindən biri də Çin
dili və mədəniyyətinin öyrənilməsi ilə bağlı tədris vəsaitlərinin sərgisi və Çin dilində metodoloji təlimatların işlənməsində yeni
tendensiyaları əks etdirən saytların təqdim edilməsi olub. Ümumdünya Konfransı
bir daha Konfutsi institutlarının təcrübəsini ümumiləşdirməyə, digər ölkələrdən
olan həmkarlar ilə əməkdaşlığın inkişaf perspektivlərini və yollarını müəyyənləşdirməyə
imkan verib.