ADU-nun Konfutsi İnstitutunda beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu keçirilib
Azərbaycan Dillər Universitetinin nəzdində
fəaliyyət göstərən (ADU) Konfutsi İnstitutunda "Çin dilini öyrən – bütün
dünyada dostlar tap” devizi altında məktəblilər arasında Çin dili üzrə "Çin
dili körpüsü” adlı X Beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu keçirilib.
Seçim turu Çin Xalq Respublikasının (ÇXR) Azərbaycan
Respublikasındakı səfirliyinin dəstəyi ilə ÇXR-in Çin dilinin yayılması üzrə
Dövlət Dəftərxanası – Konfutsi İnstitutlarının (Xanban) qərargahı və ADU-nun Konfutsi
İnstitutu tərəfindən təşkil olunub. Müsabiqədə orta məktəblərin və
gimnaziyaların şagirdləri, eləcə də ADU-nun Konfutsi İnstitutunun təşkil etdiyi
Çin dili kurslarının dinləyiciləri iştirak ediblər.
Tədbiri açıq elan edən Konfutsi İnstitutunun
direktoru, professor Rafiq Abbasov əsası Ümummilli lider Heydər Əliyevin Çinə
tarixi səfəri zamanı qoyulmuş Çin və Azərbaycan arasında təhsil sahəsində sürətlə
genişlənən əməkdaşlıqdan söz açıb. Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinə
marağının artdığını qeyd edən R.Abbasov tarixi İpək yolu ilə əlaqəli olan iki
ölkə - Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasının 25-ci
ildönümündə bu müsabiqənin keçirilməsinin simvolik xarakter daşıdığını
vurğulayıb.
Tədbirdə çıxış edən ÇXR-in Azərbaycandakı səfirliyinin
nümayəndəsi Can Xaynin müsabiqənin məqsədinin Azərbaycan məktəblilərinin Çin
dili və mədəniyyətinə dair biliklərini nümayiş etdirmək olduğunu qeyd edib. O, müsabiqə
iştirakçılarına Çin dilinin öyrənilməsində uğurlar və bu "dil körpüsü” vasitəsi
ilə Azərbaycan və Çin arasında əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfələrini
verməyi arzu edib.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent
Jalə Qəribova çıxış edərək, təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının
genişləndirilməsinin vacibliyini qeyd edib və müsabiqə iştirakçılarına Çin
dilinin öyrənilməsində müvəffəqiyyətlər arzu edib.
Tədbirdə iştirak edən Çin Milli Neft Korporasiyasının
Azərbaycan filialının direktor müavini Din Tsinçun Azərbaycan və Çin arasında mədəni
və iqtisadi əməkdaşlığın genişləndirilməsinin iki ölkə gəncliyinin qarşılıqlı
anlaşmasının inkişafı üçün yaxşı imkanlar yaratdığını bildirib. Qonaq müsabiqə
qaliblərinin Çin dili sahəsində yüksək bacarıqlarını nümayiş etdirərək, "Çin
dili körpüsü” adlı beynəlxalq müsabiqənin Pekində keçiriləcək final mərhələsində
Azərbaycanı layiqincə təmsil edəcəklərinə əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası üzrə seçim
turu bir neçə mərhələdə keçirilib. Belə ki, iştirakçılar verilmiş mövzu üzrə
Çin dilində çıxış edib, Çinin mədəniyyəti haqqında sualları cavablandırıb və bədii
nömrələr nümayiş etdiriblər.
Məktəblilərin çıxışları ADU və Konfutsi
İnstitutunun professorları və müəllimlərinin, ÇXR səfirliyinin və Çin ictimaiyyətinin
Azərbaycandakı nümayəndələrinin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqənin nəticələrinə görə qaliblər Çin dili üzrə Beynəlxalq müsabiqənin
finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar.
Onu da əlavə edək ki, müsabiqənin bütün
iştirakçıları sertifikatlar əldə ediblər. Onlar, həmçinin ADU-nun Konfutsi
İnstitutunda Çin dilini ödənişsiz öyrənmək imkanından yararlana bilər.