ADU-nun Avropadakı Konfutsi institutları ilə əlaqələri genişlənir
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət
göstərən Konfutsi İnstitutunun könüllüsü Diana Hüseynzadə ilə Venesiya şəhərində
yerləşən, İtaliyanın qədim elmi-tədris mərkəzlərindən biri olan Ka’Foskari
Universitetinin nəzdindəki Konfutsi İnstitutunun (Kİ) direktoru Li Şuqinq arasında görüş keçirilib.
D.Hüseynzadə Çinin "Bir kəmər, bir yol” qlobal layihəsi çərçivəsində
tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlar, ADU-nun Konfutsi
İnstitutunun tədris və ictimai təbliğatı barədə ətraflı məlumat verib.
Li Şuqinqə ADU-nun
Çin dili və mədəniyyəti mərkəzi tərəfindən Çin dilində hazırlanan, Prezident
İlham Əliyevin iki ölkənin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr
olunan "İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı hədiyyə
edilib.
ADU-nun Konfutsi İnstitutunun direktoru, professor
Rafiq Abbasov bildirib ki, Avropa və Çin arasında ilk əlaqələrin qurulmasında
iştirak etmiş əfsanəvi səyyah Marko Polonun vətəni olan Venesiyanın Ka’Foskari
Universitetinin Asiya və Afrika Aralıq dənizi araşdırmalar fakültəsinin nəzdindəki Konfutsi İnstitutu ilə əməkdaşlıq İtaliya mütəxəssislərinin iştirakı ilə Çinin "Bir kəmər, bir
yol” konsepsiyasının reallaşdırılması mövzusunda birgə elmi araşdırmaların həyata
keçirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.