ADU-da Yay məktəbi uğurla davam edir
Azərbaycan Dillər Universitetində
(ADU) 2016-2017-ci tədris ilinin Yay məktəbi öz işini uğurla davam etdirir. ADU-nun
rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın qərarına əsasən
ödənişsiz təşkil olunan builki yay semestrində mühüm yeniliklər tətbiq
olunub. ADU-nun Tələbə qəbulu və tələbə qeydiyyatı Mərkəzinin direktoru Rəna Fərəcovanın
sözlərinə görə, bu yay semestrində ilk dəfə olaraq həm də onlayn şəkildə
qeydiyyat aparılıb: "Onlayn qeydiyyat universitetimizdə ilk dəfə tətbiq olunub
və bu, rayonlarda olan tələbələrin daha rahat və operativ qeydiyyatdan keçmələrinə
şərait yaradıb”.
Yay məktəbinin rəhbəri, Təhsil fakültəsinin dekan
müavini Bənövşə Məmmədova
deyir ki, məktəb 102 qrup üzrə təşkil olunub, prosesə 61 müəllim cəlb edilib:
"Rektorumuzun Təhsil, Tərcümə, Filologiya və jurnalistika, Regionşünaslıq və
beynəlxalq münasibətlər, Magistratura fakültələrində yay semestrinin ödənişsiz
keçirilməsi ilə bağlı qərarını yüksək qiymətləndiririk. Qeyd etmək istərdim ki,
2016-2017-ci tədris ilində yay semestrinin ödənişsiz təşkil olunmasında məqsəd əvvəlki
semestrlərdən akademik borcu olan tələbələrin kredit borclarının əlverişli,
rahat və dinamik şəkildə ödənilməsini təmin etməkdir. Bu il Yay məktəbində
yalnız ADU tələbələri deyil, ölkəmizin Bakı Mühəndislik Universiteti və Xəzər
Universiteti, həmçinin Kanadanın Toronto Universitetinin tələbələri iştirak
edir”.
ADU-nun II Xarici dil kafedrasının baş müəllimi Rəhimə
Babayeva tələbələrin dərslərdə
çox fəal iştirak etdiyini diqqətə çatdırıb: "Mən rektor Kamal Abdullanın Yay məktəbinin
ödənişsiz keçirilməsi ilə bağlı qərarını yüksək qiymətləndirirəm. Tələbələrin vəziyyətini
nəzərə alaraq belə təşəbbüsün irəli sürülməsi humanist addımdır. Tələbələr əvvəlki
illərdə keçirilən yay məktəbləri ilə müqayisədə dərslərdə daha fəal iştirak
edirlər və mən ümid edirəm ki, bu, onların imtahanları uğurla verməsinə şərait
yaradacaq”.
Təhsil fakültəsinin 3-cü kurs tələbəsi Sədəf
İsmayılovanın sözlərinə görə,
bir ay ərzində dərslərdə mütəmadi iştirakın nəticəsi olaraq onlar imtahanı
uğurla keçmək şansı əldə edirlər: "Maddi vəziyyətimizi nəzərə aldığına, bu il
keçirilən Yay məktəbinin ödənişsiz olmağına görə universitet rəhbərliyinə çox
minnətdaram. Bu şansı dəyərləndirib imtahandan keçmək üçün dərslərimə daha
ciddi yanaşıram”.
Təhsil fakültəsinin 4-cü kurs tələbəsi Gülnarə Cəfərova da Yay məktəbinin ödənişsiz olmasını müsbət hal
kimi qiymətləndirərək bu məsələdə ADU-nun digər universitetlərə örnək olduğunu
vurğulayıb. Bildirib ki, bu qərardan sonra tələbələrin məsuliyyəti artıb, bunu
görən müəllimlər isə işlərinə daha ürəkdən can yandırırlar.
Xatırladaq ki, ADU-da yay semestri iyulun 18-dən etibarən
başlayıb. Yay semestri 5 tədris həftəsi və 1 həftə imtahan sessiyasından ibarət
olmaqla 25 avqust 2017-ci il tarixinə qədər davam edəcək.