• cümə, 26 Aprel, 01:35
  • Baku Bakı 16°C

ADU-da yay imtahan sessiyası davam edir

18.06.14 16:11 2587
ADU-da yay imtahan sessiyası davam edir
İyunun 18-də Qeyri- Hökumət Təşkilatı (QHT) olan Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov ADU-da yay imtahan sessiyasının gedişi ilə bağlı monitorinq aparıb. Monitorinqdə ADU rektorunun müşaviri Vazeh Əsgərov, Kurrikulum və Keyfiyyətə nəzarət Departamentinin müdiri Şəfəq Şahməmmədova və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 253-cü qrup tələbəsi Səbinə Məmmədovanın valideyni iştirak edib.
ADU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən “Kaspi”yə daxil olan məlumata görə, Regionşünaslıq və Beynəlxalq münasibətlər və Pedaqoji fakültələrin II kurslarında keçirilən imtahanların monitorinqi zamanı çıxış edən ADU rektorunun müşaviri Vazeh Əsgərov universitetdə keçirilən imtahanlar barəsində qonağa məlumat verərək imtahanların obyektiv, düzgün və şəffaf keçirildiyini deyib və ali təhsil ocağının monitorinq aparılmasından ötrü ictimai təşkilatlar üçün açıq olduğunu bildirib. Rektorun müşaviri universitetdə Operativ Qərargahın, eyni zamanda “Qaynar xətt”in fəaliyyət göstərdiyini tələbələrin diqqətinə çatdırib.
Normativ sənədlərə baxış keçirən Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verib. V. Mövsümov ali təhsil ocaqlarında imtahan sessiyalarının gedişi ilə bağlı monitorinqlər apardıqlarını tələbələrin nəzərinə çatdırıb. İmtahan sualları ilə maraqlanan V. Mövsümov aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini vurğulayıb. İcraçı direktor yaranan problemlərlə bağlı onlara müraciət etməyin zəruriliyini önə çəkib. Tələbələr imtahanların yüksək səviyyədə keçdiyini və lazımi şərait yaradıldığını bildiriblər.
Xatırladaq ki, ADU-da yay imtahan sessiyasına iyunun 2-dən start verilib.
Yay imtahan sessiyası 4 fakültənin ( Pedaqoji, Filologiya və Jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani şöbəsində aparılır. Qiyabi şöbədə də sessiya müddəti iyunun 2-dən iyulun 5-dək müəyyən edilib.
Yay imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah yaradılıb. Kurrikulum və Keyfiyyətə Nəzarət Departamentinin müdiri Şəfəq Şahməmmədovanın rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri rektorun müşaviri Vazeh Əsgərov, Xüsusi şöbənin rəisi Elçin Tağıyev, ADU –nun Xarici dillər kafedrasının baş müəllimi Hafiz Rəhimov, ADU Tələbə Gənclər Təşkilatının sədri Xıdır Kazımovdur. Bununla yanaşı, ADU-nun (440-35-05, 440 35 02, 440-64-82 saylı şəhər və 141, 146, 264) saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.
banner

Oxşar Xəbərlər