ADU-da kolumbiyalı yazıçı ilə görüş keçirilib
Azərbaycan Dillər
Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal
Abdulla Kolumbiyadan olan alim, yazıçı Konrado Zuaqo və Kolumbiyanın Azərbaycandakı
səfirliyinin müvəqqəti işlər vəkili Marta Qalindo ilə görüşüb.
Qonaqları salamlayan Kamal Abdulla
Konrado Zuaqonun ADU-ya gəlişini yüksək qiymətləndirdiyini bildirib və qonağa təşəkkür
edib.
ADU rektoru qeyd edib ki,
Kolumbiyanın qədim və müasir mədəniyyəti Azərbaycanın keçmiş və indiki mədəniyyətinə
yaxındır.
Dünya şöhrətli kolumbiyalı yazıçı,
jurnalist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin
yaradıcılığından söhbət açan Kamal Abdulla qeyd edib ki, Azərbaycan ədəbiyyatsevərləri
Markesin demək olar ki, bütün əsərləri ilə tanışdırlar və o əsərləri həddindən
artıq yüksək qiymətləndirirlər.
İtalyan filosofu, dünya şöhrətli
yazıçı Umberto Eko ilə görüşündən danışan Kamal Adbulla həmin görüşdə də Markes
haqqında müzakirə apardıqlarını söyləyib.
Markesin insanların qəlbində əbədi
yaşayacağını bildirən ADU rektoru onun Azərbaycanı Latın Amerikasına daha da
yaxın etdiyini bildirib.
Universitetdəki "Səfir saatı”
haqqında qonaqlara məlumat verən Kamal Abdulla Marta Qalindonu ADU-da tələbələrə
mühazirə deməyə dəvət edib.
Marta Qalindo təklifi müsbət qiymətləndirdiyini
söyləyərək, tələbələrə mühazirə deməkdən məmnun olacağını diqqətə
çatdırıb.
Yüksək qonaqpərvərliyə görə
universitet rəhbərliyinə öz təşəkkürünü bildirən Konrado Zuaqo belə bir
universitetdə olmaqdan şərəf hissi duyduğunu söyləyib.
Zuaqo ümumi dəyərlərimizin olması
barədə rektorun səsləndirdiyi fikirlərlə razı olduğunu bildirərək, əlavə edib
ki, "Əli və Nino” əsəri ilə tanış olduqdan sonra bu qənaəti daha da möhkəmlənib.
O, "Əli və Nino”nun daha yüksək münasibətə
layiq olduğunu söyləyib.
Görüşdən sonra Konrado Zuaqo ADU
tələbələrinə Qabriel Qarsiya Markes haqqında ispan dilində mühazirə deyib.