ADU-da İsmixan Rəhimov adına auditoriya açılıb
Oktyabrın 5-də Azərbaycan Dillər
Universitetində (ADU) universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm
xadimi Kamal Abdullanın təşəbbüsü ilə görkəmli tərcüməçi, dilçi alim, antisovet
"İldırım” təşkilatının qurucularından biri olmuş İsmixan Rəhimov adına
auditoriyanın açılış mərasimi keçirilib.
ADU-nun rektoru
Kamal Abdulla qırmızı lenti kəsib və tədbiri açıq elan edib.
Müəllimlər günü münasibətilə tədbir
iştirakçılarını təbrik edən Kamal Abdulla qeyd edib ki, məhz bu gündə
universitet üçün əlamətdar hadisə baş verir: "Azadlıq hərəkatının görkəmli
nümayəndələrindən, antisovet "İldırım” təşkilatının qurucularından biri olan
İsmixan Rəhimov adına auditoriyanın açılmasını universitetimiz üçün mühüm, əlamətdar
hadisə kimi qiymətləndirirəm. Bu auditoriyada həm dərslər, həm də mühüm tədbirlər
keçiriləcək”.
İsmixan Rəhimovun antisovet fəaliyyəti,
müstəqillik uğrunda atdığı addımlar haqqında məlumat verən Kamal Abdulla onun
gördüyü işlərə ulu öndər Heydər Əliyevin dövlət səviyyəsində yüksək qiymət
verdiyini söyləyib.
İsmixan Rəhimovun pedaqoq və tərcüməçi
kimi fəaliyyətindən söz açan rektor onu işıqlı, qayğıkeş insan kimi qiymətləndirib.
Kamal Abdulla İsmixan Rəhimovla
bağlı xatirələrini də bölüşüb.
Millət vəkili, Milli Məclisin Mədəniyyət
komitəsinin sədri Rafael Hüseynov İsmixan Rəhimov adına auditoriyanın
açılmasını son günlərdə ADU rəhbərliyinin atdığı uğurlu addımlardan biri kimi
qiymətləndirib: "Sizin bu addımla İsmixan Rəhimov çox sevdiyi bu universitetə
yenidən qayıdıb”.
Millət vəkili İsmixan Rəhimovu
son dərəcə mühüm şəxsiyyət kimi qiymətləndirib və qeyd edib ki, ən ali sərvətimiz
olan müstəqillik onun ən böyük arzusu idi, o, bütün varlığı ilə istiqlala
inanırdı: "Bu inamı doğrulduğuna, arzusu həyata keçdiyinə görə o, çox xoşbəxt
idi”.
Şair Sabir Mustafa İsmixan Rəhimova
həsr etdiyi şeirləri oxuyub.
İsmixan Rəhimovun qızı, ADU-nun
müəllimi Sevda Rəhimova göstərdiyi diqqətə, nəcib təşəbbüsə görə onun ailəsi
adından universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sonda İsmixan Rəhimovla bağlı qısa
film nümayiş etdirilib.