ADU-da Çində siyasi linqvistikaya dair seminar keçirilib
Oktyabrın 19-da Azərbaycan Dillər
Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Çində
müasir siyasi linqvistikanın əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib.
Açılış nitqi ilə çıxış edən ADU-nun
Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov müasir
linqvokonseptologiyanın əsas istiqamətləri və Çin Xalq Respublikasının (ÇXR) sədri
Si Tsinpinin siyasi dilinin tarixi-mədəni xüsusiyyətləri barədə danışıb.
R.Abbasov qeyd edib ki, ÇXR sədri Si Tsinpinin çıxışlarını oxuyarkən ilk növbədə
diqqəti Çin poeziyasından və qədim dövr mütəfəkkirlərinin əsərlərindən verilən
sitatlar, yaddaqalan parlaq məcazlar, atalar sözləri və "çenyuy” idiomatik ifadələri
cəlb edir. Bütün bu dil vasitələri ÇXR-in sədrinin nitqlərinə dolğunluq və
emosionallıq verməklə, eyni zamanda nəzərdə tutulan siyasi kursunun məna və hədəflərini
izah etməklə yanaşı Çin mədəniyyətinin dünyada yayılmasına da xidmət edir.
Seminarın işi çərçivəsində ÇXR-in
sədri Si Tsinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin
siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət, Azərbaycan
dilində (Çin dilindən qeyri-rəsmi tərcümə) materiallar toplusu təqdim edilib.
Toplunun tərtibçisi R.Abbasov söyləyib ki, Si Tsinpinin dövlətin idarə olunması
haqqında fikirlərindən ibarət olan bu kitab Azərbaycan ictimaiyyətinə ÇXR rəhbərinin
siyasi fəlsəfəsini, ÇXR-in daxili və xarici siyasət
inkişafının əsas strateji istiqamətlərini daha yaxşı öyrənmək, eləcə də, "Çin
arzuları” konsepsiyası və Böyük İpək yolunun bərpasına yönəldilmiş "Bir kəmər -
bir yol” layihəsi ilə tanış olmaq imkanı verəcək.
R.Abbasov onu da qeyd edib ki, Si
Tsinpinin nitqlərinin mətnləri Çin dilinin siyasi leksikasını və
frazeologiyasını tədqiq edən tələbələr üçün gözəl tədris materialıdır.
Seminarda çıxış edən
Konfutsi İnstitutunun əməkdaşları Əfsanə Balayeva və Nigar Qocayeva Çin siyasi
mətninin leksiki-üslub xüsusiyyətləri, siyasi frazeologiyalarının incəlikləri və
siyasi kommunikasiyaları haqqında danışıblar.