ADU-da “Çin mətbəxi” mövzusunda master-klass keçirilib
Azərbaycan
Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun
təşkilatçılığı ilə "Çin mətbəxi” mövzusunda master-klass keçirilib. Tədbirdə məşhur
Çin mətbəxinin yeməklərini hazırlayan Çin aşpazları məhsulların seçilməsi ilə
bağlı tövsiyələrini və milli yeməklərin hazırlanması sirlərini paylaşıb, eyni
zamanda Çin mətbəxinin vacib prinsipləri olan yeməklərin cəld və yüksək
istilikdə hazırlanmasının vacibliyini qeyd ediblər. Çin
aşpazlarının sözlərinə görə, Çin ənənəsinə əsasən qida yalnız dadlı və faydalı
deyil, hətta müalicəvi də olmalı, qidanı qəbul prosesi isə hər zaman millətin mədəniyyəti
ilə tanış olmaq anı kimi qəbul edilməlidir.
Konfutsi İnstitutunun direktoru professor
Rafiq Abbasov tarixi üç min ildən çox olan Çin mətbəxi ənənələri və fəlsəfəsi
haqqında danışıb. O, Konfutsi İnstitutu
ilə Milli Kulinariya Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilə
imzalandığını və bu müqavilənin əsas məqsədinin hər iki ölkə arasında
kulinariya sənəti sahəsində əməkdaşlığın genişləndirilməsi, ixtisaslı aşpazlar
və kulinarların hazırlanması sahəsində əlaqələrin gücləndirilməsi olduğunu
deyib.
Qeyd edək ki, master-klassda əsasən
dəniz məhsulları, ət, ənənəvi desertlər, həmçinin, şəkərli alma,
imperatorsayağı cücə, siçuan istiotu ilə qızardılmış mal əti və Çin mətbəxinin digər nümunələri tədbir
iştirakçılarına təqdim olunub .