• cümə axşamı, 18 aprel, 11:05
  • Baku Bakı 12°C

Adil Əliyev: Zəngəzur türk dünyasını birləşdirən bir körpüdür

04.04.21 12:00 1333
Adil Əliyev: Zəngəzur türk dünyasını birləşdirən bir körpüdür
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də keçirilmiş qeyri-formal Zirvə görüşü türk dövlətləri arasında olan birliyin, bərabərliyin daha da inkişaf etməsinə təkan verdi.
Türk dövlətlərinin birliyinin, bərabərliyinin daha da dərinləşməsinə yönəlmiş bu Zirvə görüşündə müzakirə olunan əsas məsələlərdən biri də ölkəmizin 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalan ərazilərinin azad edilməsi və qazandığımız tarixi Qələbə ilə bağlı idi.
AZƏRTACxəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev bildirib ki, Zirvə görüşündə çıxış edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanın ərazimizin 20 faizini zəbt edərək, vətəndaşlarımızı amansızcasına öldürməsinə, 1 milyona yaxın həmvətənimizin məcburi köçkün olaraq öz dədə-baba yurdlarını tərk etməsinə, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmasına, insanlıq tarixinin ən ağır cinayətlərindən biri olan Xocalı soyqırımına diqqət çəkib. Milli Məclis sədrinin müavini deyib: "Ermənistan bu müddət ərzində sülh danışıqlarını yalnız imitasiya etməklə kifayətlənmiş, faktiki olaraq münaqişənin beynəlxalq hüquq müstəvisində həll olunmasını mümkünsüz edərək, bu müddət ərzində təxribatlar törətməklə öz aqressiv davranışlarını daha da artırmışdı”.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi hər 4 qətnamədə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyini bildirən A.Əliyev vurğulayıb: "BMT ilə yanaşı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatların ölkəmizin haqlı mövqeyini dəstəkləməsinə baxmayaraq, təcavüzkar siyasəti rəhbər tutan Ermənistan hakimiyyəti beynəlxalq normaları kobudcasına pozurdu”.
Sədr müavini bildirib ki, ermənilərin növbəti təxribatının qarşısı alındı və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Ordumuz tərəfindən əzəli və əbədi torpaqlarımız düşmən işğalından həmişəlik azad olundu. Düşmən məğlub olaraq kapitulyasiya aktına imza atdı. Həmin məğlubiyyətdən bir neçə ay keçməsinə baxmayaraq, Ermənistanda vəziyyət hələ də sabitləşmir. Biz isə qazandığımız bu tarixi Qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizdə dərhal abadlıq-quruculuq işlərinə başlamışıq. İşğaldan azad edilmiş şəhərlərimizə baxdıqda görürük ki, orada bir salamat bina belə qalmayıb. Xarici və yerli jurnalistlərin dediyi kimi, Ağdam Qafqazın Xirosimasıdır.
Milli Məclis sədrinin müavinin sözlərinə görə, işğalçılıq siyasəti yürüdən Ermənistan yalnız insanlara qarşı fiziki zor tətbiq etməyib, eləcə də tarixi abidələri məhv edib, məscidləri və ərazidəki bütün infrastruktur obyektlərini dağıdıb. Vandalizm siyasətini dövlət səviyyəsində aparan Ermənistan müharibənin bitməsinə, məğlub olaraq kapitulyasiya sənədinı imzalamasına baxmayaraq, hələ də minalanmış sahələrin xəritələrini təqdim etməməklə Azərbaycana olan nifrətini bir daha büruzə verməkdədir.
Təbii ki, biz işğaldan azad edilmiş ərazilərimizi yenidən quracağıq və bu yerlər dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir. İşğaldan azad edilmiş Vətən torpaqlarının abadlaşdırılması və orada aparılan quruculuq işləri həm də regiona sülhün gəldiyinin müjdəçisidir.
Adil Əliyev vurğulayıb ki, yeni yaranan imkanlar içərisində ən mühümü nəqliyyat imkanlarıdır. Bu sahədə Zəngəzurun xüsusilə mühüm rolu var. Çünki tarixi torpağımız olan Zəngəzur indi türk dünyasının birləşməsində mühüm əhəmiyyət kəsb edəcək. Zəngəzur Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı ilə yanaşı, Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, daha dəqiq desək, türk dünyası arasında yaranmış yeni körpü olacaqdır.
banner

Oxşar Xəbərlər