AZE | RUS | ENG |


Addımlarımı kiçik atıram ki, yıxılanda böyük zərbə almayım - Debüt

Addımlarımı kiçik atıram ki, yıxılanda böyük zərbə almayım - Debüt
Samirə Ərəstun: “İnsan sevdiyi işlə məşğul olanda, maddi qazanc güdməməlidir”


Deyirlər, istedad sonradan qazanılmır, insanın özü ilə doğulur. "Debüt” rubrikamızın qonağı da məhz istedadlı doğulanlardandır. Rejissor Samirə Hacıyevanı uzun müddətdir ki, tanıyırıq. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Tələbəlik illərindən aktiv fəaliyyət göstərən aktrisa redaksiyamızın qonağı oldu.
Samirə Hacıyeva Ərəstun qızı 1990-cı il avqustun 16-da Rusiyanın Orenburq şəhərində anadan olub. Atası hərbçi olduğu üçün müxtəlif ərazilərdə qulluq edib və müsahibimizin qismətinə də məhz orada doğulmaq yazılıb. Samirə deyir ki, Rusiyada doğulsa da, əslən türkdür: "Çox vətənpərvər insanam. Hara getsəm, mənim üçün doğma torpağın yerini heç nə vermir. İnsanın kökünün, nəslinin göbəyi harada kəsilibsə, sənin də vətənin oradır. Mənim valideynlərim azərbaycanlıdırsa, babamın qəbri burdadırsa, demək ki, mən də buralıyam”.
 
- Samirə xanım, incəsənətə olan sevginiz necə yarandı?
- Çox qəribə (gülür). 2007-ci ildə orta məktəbi bitirdim. Sənədlərimi verdim və Ağcabədidə Müəllimlər universitetinin filialına qəbul olundum. Atam Naxçıvanda qulluq edirdi. Mən isə Qazaxda nənəmin yanında qalırdım. Universitetə qəbul olunduğumu eşidəndə atam qəti şəkildə bildirdi ki, təhsil almayacaqsan, Naxçıvana gəlib yanımda qalacaqsan. Elə də oldu. Bir müddət gedib atamın yanında qaldım.
Uşaqlıqdan aparıcılığa böyük marağım var idi. Evdə olduğum müddətdə televiziyanı izləyir, özümü aparıcıların yerində hiss edirdim. Atamın sahəsi hər nə qədər incəsənətə zidd olsa da, onun da bu sahəyə marağı var idi. Bir gün "Abituriyent” jurnalını vərəqləyəndə gördüm ki, sən demə, İncəsənət universiteti də var imiş. İxtisasların adlarını oxuyanda isə, sevdiyim fənlərin məhz orada cəmləndiyini gördüm. İncəsənətə qəbul olunmaq üçün isə qabiliyyət imtahanı vermək lazım idi. Baxdım ki, qabiliyyət imtahanına getmək üçün şeir, təmsil və sair söyləmək lazımdır. O saat dedim ki, bax, bu mənlikdir. 3 ay atamı razı salmaq üçün evdə yemək bişirir, təmizlik işi ilə məşğul olurdum. Atam əvvəl razı olmadı, sonra güclə də olsa onun razılığını aldım. Hətta elə oldu ki, məni qabiliyyət imtahanına atam gətirdi. Heç bir hazırlığa getmədən qabiliyyət imtahanından yüksək balla qəbul olundum. İki 9, bir 10 aldım. Nəticədə İncəsənət Universitetinin "dram rejissorluğu”na qəbul olundum. İki il xalq artisti Ağakişi Kazımovun, iki il isə əməkdar incəsənət xadimi Bəhram Osmanovun kursunda təhsil aldım. Anamın səhhətində problem olduğu üçün davamlı olaraq rayona gedib-gəlirdim. Ağakişi Kazımov dedi ki, ya kursunu dəyiş, ya da səni kəsəcəyəm. O, çox sərt insan idi. Dedi ki, sənə güzəşt etsəm, gərək çalışan tələbələrə də güzəşt edim. Sağ olsun, Bəhram müəllimlə danışdıq, o mənim kurs işimə baxdı. İşimi bəyəndikdən sonra onun kursuna keçməyimə razılıq verdi. 
- Tələbəlik illərində sizi kurs və diplom işlərində səhnədə aktrisa kimi görsək də, ancaq iş həyatınızda daha çox rejissor kimi görünməyə üstünlük verdiniz.

 - İlk işim 2010-cu ildə Xəzər televiziyasında "Sindrom” serialı ilə başladı. Orada əvvəlcə rejissor assistenti, sonra prodüser kimi çalışmağa başladım. İllər ötdükcə fərqli seriallarda prodüser və ikinci rejissor kimi çalışdım. Əslində aktrisa kimi də təkliflər alırdım, ancaq qarşıma məqsəd qoymuşdum ki, rejissor olacağam. Düzdür, aktrisalığı da sevirəm. Amma artıq müəyyən qədər yol qət etmişdim. Geriyə qayıdıb, sənət dəyişməyimin mənası yox idi.
- Çalışdığınız peşədə iş çox, pul azdır. İşiniz sizi qane edirmi?
- İşimi sevərək görürəm. Heç zaman maddiyyata görə iş görməmişəm. Atam maddi və mənəvi cəhətdən mənim dəstəkçimdir. İncəsənət elə bir aləmdir ki, oradan pul güddünsə, sən heç zaman qazanmayacaqsan. Təmənna güdmədən nəsə edirsənsə, qazancın o qədər çox olacaq ki, xərcləməyə yer tapmayacaqsan. Elə hesab edirəm ki, insan sevdiyi işlə məşğul olanda təmənna güdməməlidir.
- Qeyd etdiniz ki, aparıcılıq eşqi ilə İncəsənət universitetinə gəlmisiniz. İndi əlinizdə aparıcı olmaq imkanı var və amma siz rejissorluq ixtisasından əl çəkmək niyyətində deyilsiniz.
- Uşaqlıqdan ya jurnalist, ya da aparıcı olmaq istəyirdim. İncəsənət universitetinə də bu arzu ilə gəlmişəm. Ancaq daxil olduqdan sonra bütün fikirlərim dəyişdi. Belə ki, Ağakişi Kazımov teatrı mənə o qədər sevdirdi ki, həyatımın bir hissəsinə çevrildi. Özümü oranın bir parçası hiss etməyə başladım. Nə olsun ki, teatrda 140 manat maaş alıram. Əgər o işi sevirsənsə, 140 manat sənə çox gələcək. Bir müddət əvvəl özəl şirkətlərin birində işləməyə başladım. Gözəl maaş alırdım. Mənə sürücü ayırmışdılar, ofisim, şəxsi otağım var idi. Ancaq anladım ki, kostyumda stol arxasında oturub, kiməsə göstəriş vermək mənim işim deyil. İstəyirəm ki, teatrda çalışım, məşq edim. Hər axşam öz-özümə sual verirəm. Bu gün nə etdim? Bu gün etdiyim işdən özüm razıyammı? Özəl şirkətdə işləyəndə gördüm ki, özümdən razı deyiləm. İstər aktrisa, istər rejissor kimi səhnədə olmaq istəyirəm. İndi teatra işə girmək də çox çətindir. Tanışın olmasa, heç kim sizi işə götürməyəcək. İrəvan teatrına gedəndə İftixar Priyevlə söhbət etdik. O, mənə dedi ki, özünü doğrultmağın üçün sənə nə şərait lazımdırsa yaradacağam. Əminəm ki, mənim etimadımı doğruldacaqsan. Bu sözündən sonra onun etimadını necə doğrultmaya bilərdim? İrəvan teatrı mənə böyük bir qapı açdı. Bu təklifdən sonra atama zəng etdim. Ümumiyyətlə atama demədən heç bir addım atmıram. O, da razılıq verdi. 
- Sevindirici haldır ki, İrəvan Dövlət Dram Teatrında sizi həm aktrisa, həm də rejissor kimi gördük. Maraqlıdır, teatra gedən yol haradan başladı?
- Teatrda ilk olaraq aktrisa kimi fəaliyyətə başladım. Bir il aktrisa kimi fəaliyyətimdən sonra əməkdar mədəniyyət işçisi, teatrın direktoru İftixar Piriyev diplomumu nəzərə alaraq mənə şərait yaratdı ki, teatrda tamaşa hazırlayım. Mən də Çingiz Ələsgərlinin "İnsan ömrünün nağılı” əsərinin motivləri əsasında tamaşa hazırladım. Tamaşa insan və onun hisslərindən bəhs edirdi. Tamaşanı izləyənlər bəyəndiklərini bildirdilər. Ondan sonra İftixar müəllim mənə görə rejissor assistenti ştatı açdırdı.
İrəvan teatrında rejissor işimlə yanaşı, aktrisa kimi fəaliyyət göstərmişəm. Belə ki, Nicat Qəribin tamaşasında erməni qızı Qarina, İftixar Piriyevin hazırladığı "Qurtuluş dastanı”nda Azərbaycan zabiti obrazını canlandırdım. İrəvan teatrı mənim üçün bir tramplin oldu. Bunun özü bir möhürdür, təqdimatdır.
- Adətən deyirlər, səhnə qadınlarının taleyi o qədər də yaxşı gətirmir. Məhz bu səbəbdən bəziləri ailə həyatı qurmaqdan imtina edir. Bəs siz necə, ailə qurmaq haqqında düşünürsünüzmü?
 

- Sabah 40 yaşım olanda, mən karyeramı qucaqlamayacağam. Dərdimi karyerama danışmayacağam. Mənim 70 yaşımda valideynlərim yanımda olmayacaq. Əlbəttə ki, mənim də başımı söykəyə biləcəyim insan olmalıdır. Çox zaman mənə deyirlər ki, gələcəyini düşünmürsən və bunun üçün heç bir hərəkət etmirsən. Ailə quracağım insanın yanında nəyə görə gözüm kölgəli olsun? Evimizdə qardaşımın oğlu böyüyür. Elə bir hərəkət etmərəm ki, o da nə vaxtsa bibisinə baxıb utansın. İnsanın genetikasından, tərbiyəsindən çox şey asılıdır. Heç kimin alnına yazılmayıb ki, sən əxlaqsız olacaqsan. Allah bunu kiməsə rəva görərmi, sizcə? Mən qismətə inanıram, Allah hər kəsin qismətini yaxşı yazsın. Ancaq alın yazısına inanmıram. Bunun hamısı insanın özündən asılıdır.
 
- Samirə xanım, hazırda hansı işlərlə məşğulsunuz?
- Hazırda iki klip üzərində işləyirəm. Gənc müğənniyə klip çəkirəm. Özümə söz vermişdim ki, klip çəkməyəcəyəm. Film elədir ki, çəkirsən qalır, klipsə elədir ki, illər ötdükcə dünyagörüşü dəyişir. Hər il müasir şeylər çıxır. Əvvəllər klipləri kino kimi çəkirdilər. İndi isə elə deyil. Klipi elə çəkmək lazımdır ki, mədəni şəkildə onu tamaşaçıya yedizdirə biləsən. Şükürlər olsun ki, indiki tamaşaçılar müasir düşüncəlidirlər. 10 il bundan əvvəl çəkilən klipə heç kim baxmır. İndi o qədər müasir effektli kliplər var ki, insanların diqqətini çəkmək çox çətindir.
 
- Bir müddət bundan əvvəl səsiniz Türkiyədən gəlirdi. İş üçünmü getmişdiniz oraya?

- Türkiyəyə gedib orada yaradıcılıq işləri ilə məşğul olmaq istəyirdim. Türkiyəyə gedər-getməz, dostlarımla görüşdüm, bir az gəzdim. Samsundan İstanbula qədər gəzə-gəzə getdim. Türkiyə ilə bağlı başqa planlarım da var idi. İşimi orada davam etdirmək istəyirdim. Pul yığıb işə başlamaq istəyirdim. Beləliklə, kompyuter kursunda müəllimə kimi işlədim. Valideynlərim mənim üçün çox darıxırdı. Planlaşdırdığım iş görüşməsinə getməyimə bir həftə qalmış valideynlərim zəng etdilər ki, darıxırıq, tez gəl. Qurban olsun dünya malı, valideynlərimin bir kəlməsinə. Elə həmin saat geri qayıtdım.
 
- Bəs hədəfləriniz nələrdir?

- Bir dəfəyə qarşıma böyük hədəflər qoymuram. Hər dəfə kiçik hədəflər qoyuram və onlara çatıram, ondan sonra daha böyük hədəf qoyuram. Addım-addım da olsa istəklərimə nail oluram. Addımlarımı kiçik atıram ki, yıxılanda da böyük zərbə almayım. Təxminən 35 yaşıma qədər beynimdə olan bir filmi çəkmək istəyirəm. O filmin sponsoru, prodüseri, rejissoru özüm olacağam. Demirəm ki, əjdaha olacaq, amma özümə məxsus olacaq.
 
- Necə bir film arzulayırsınız?
- Hər zaman detektiv janrına böyük marağım olub. Ağlımda da ssenarisi hazır olan detektiv janrlı bir film var.
- Bir filmi çəkmək üçün sponsorun olmağı mütləqdir. Siz sponsorsuz necə film çəkəcəksiniz?
- Aktyorların pulunu belə, özüm maliyyələşdirəcəyəm. Sponsorla işləmək istəmirəm. Sponsorlar o qədər şərt qoyur ki, mən də şərtlə işləməyi sevmirəm.
 
- Hər hansı yeni layihələriniz varmı?
- Hazırda Lider kanalında bir maqazin verilişimiz başlamalıdır. Verilişin həm prodüseri, həm rejissoru, həm də layihə rəhbəri olacağam. Bundan əlavə, Azərbaycan dövlət televiziyasında rejissor kimi işləmək dəvəti almışam. Atamın gəlişini gözləyirəm. O gəlsin məsləhətləşim, qərarımı verəcəm.
 
Xəyalə Rəis       





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022