• cümə axşamı, 18 aprel, 09:24
  • Baku Bakı 12°C

Adaşlar - Cahangir Məmmədlilər

21.06.17 14:30 1088
Adaşlar - Cahangir Məmmədlilər
Mən bir neçə dəfə "Adaşlar” rubrikasında yazmışam. Eyni ad, eyni soyad, bəzən də eyni sənət sahiblərinin müxtəlif yaradıcılıq yolundan, həyatından, fərli cəhətlərindən söz açmışam. Məqsədim müəyyən yanlışlıqların baş verməsinin qarşısını almaq olub. Bu yaxınlarda televiziya verilişlərinin birində aparıcı uşaq mahnılarından danışaraq "Kukla” mahnısının müəllifinin adını belə təqdim etdi: "Cahangir Məmmədli, bizim sevimli müəllimimiz, jurnalistika fakültəsinin professoru ...” Sonrada böyük şövqnən Cahangir Məmmədlinin uşaq mahnılarından və dərsliklərindən danışdı. Gələcək işlərində uğurlar arzuladı. Belə anlaşılmazlıqlar sonradan digər səhvlərə yol açmasın deyə, bu yazını qələmə almalı oldum.
Əslində, iki müxtəlif yaradıcılıq yolunun sahibi, amma eyni ad və soyada malik olan fərqli insanlar bir varlıqda təqdim edilirdi. Halbuki bu adaşlar- şairlə alim ayrı-ayrı şəxsiyyətlərdir. Əvvəlcə, şair, dramaturq Cahangir Atakişi oğlu Məmmədli haqqında bəzi faktları oxuculara çatdırmaq istəyirəm. O, 1935-ci ildə Bakıda anadan olub. İlk təhsilini doğma şəhərdə alan Cahangir uşaq yaşlarından şeir yazırmış. 12-14 yaşlarında ikən şeirləri qəzetdə dərc edilirmiş. 1955-ci ildə keçirilən ən yaxşı pyeslər müsabiqəsində 20 yaşlı gəncin "Günəş” və "Müqəssirlər” adlı dramları mükafata layiq görülmüşdür. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun dramaturgiya şöbəsini bitirən Cahangir Məmmədlinin ilk səhnə əsəri Azərbaycanda ilk mexanizator qadın Sevil Qazıyevaya həsr edilmiş "Dan ulduzu” pyesi olub. Bu tamaşa uzun müddət teatrların repertuarından düşməmişdi. Müəllifin "Həyatın astanasında”, "Qaçırılmış qız”, "Həyətim mənim- həyatım mənim”, " Zəncirlənmış Promotey”, "Ceyran bulağı”, "Ay qız, kimin qızısan”, "Sevməyə Vətən yaxşı” dramları respublikamızın ayrı-ayrı teatrlarında tamaşaya qoyulub. Müxtəlif vəzifələrdə və mətbuat orqanlarında çalışan Cahangir Məmmədli həm də çox istedadlı şair idi. O, əslində uşaq şairi kimi məşhurlaşmışdı. Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın ən çox müraciət etdiyi müəllif məhz Cahangir Məmmədli olub. Onların birgə yazdıqları mahnılar indi də dillər əzbəri və musiqi mədəniyyətimizin bəzəyidir. Məsələn, "Kukla”, "Dəcəl buzovum”, "Balaca sürücü”, "Bağçamız”, "Bizim gəmi”, " Ay mişar, tələs mişar” və onlarca başqaları. Müxtəlif medallara, təltiflərə layiq görülən Cahangir Məmmədli haqq dünyasına qovuşub.
Çoxumuzun müəllimi olmuş Cahangir Əbdüləli oğlu Məmmədli isə filologiya elmləri doktoru, professordur, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində çalışır. Dərslikləri, elmi əsərləri, monoqrafiyaları çoxdur, amma şair deyil. Mənim əziz və unudulmaz müəllimim olan Cahangir Məmmədli barəsində bu yaxınlarda geniş məqalə yazdığım üçün fikirlərimi təkrar etmək istəmirəm. Bir də onu hamı, xüsusi ilə də mətbuat işçiləri yaxşı tanıyırlar. Sadəcə diqqətli olmaq lazımdır. Cahangir Məmmədli 1945-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Ötən əsrin 70-ci illərindən pedaqoji fəaliyyətlə məşğuldur. 500-dən artıq elmi məqalənin, 10-a yaxın kitabın müəllifidir.
Başqa bir məşhur Cahangir Rza oğlu Məmmədli də var. 1940-cı ildə Gədəbəy rayonunda anadan olub. Fəlsəfə elmləri doktoru, professordur. Təbii ki, fəlsəfə sahəsində bir sıra elmi əsərlərin müəllifidir, amma nə şairdır, nə də dramaturq. Bəlkə də araşdırma aparılsa, bu ad və soyadda tanınmışlar daha çoxdur, ona görə də həmişə hər bir informasiya dəqiqləşdirilməlidir. Xüsusilə də şəxs adları, soyadlar eynidirsə, diqqətli olmaq gərəkdir.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər