• cümə, 19 Aprel, 09:54
  • Baku Bakı 13°C

Çağdaş türk ədəbiyyatını necə yaşadaq?

24.10.16 11:35 2513
Çağdaş türk ədəbiyyatını necə yaşadaq?
"Ədəbiyyat hər bir millətin yaddaşı, bir xalqın estetik dəyərlərinin göstəricisidir. Ədəbiyyat millətin müstəqilliyinin toxumlarını səpən sahədir. Ədəbiyyatı müstəqilliyimizdə ordu kimi dəyərləndirmək lazımdır. Hüseyn Cavid ədəbiyyat üçün ordudan az iş görməyib”. Bu fikirlərə Türk Dünyası I Gənclik Forumu panel müzakirələrində yer ayrıldı. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti və Türk Birliyi Dayanışma Dərnəyinin təşkilatçılığı ilə keçirilən Foruma qatılanlar türk xalqları ədəbiyyatı sferasında Azərbaycan çağdaş ədəbiyyatının bugünkü durumundan da xəbərdar oldular. "Ölkələr arasında ədəbi əlaqələri necə inkişaf etdirmək olar”, "Necə edək ki, türkdilli xalqlar bir-birlərinin ədəbiyyatını oxusunlar, şair və yazıçılarını tanısınlar?”, "Ortaq əlifbaya necə nail olmalı?” kimi suallara cavab axtarılan müzakirələrdə maraqlı təkliflər dinlənildi. Belə ki, «Çağdaş türk ədəbiyyatının öyrənilməsi və yaşadılması» mövzusunda keçirilən müzakirələr əslində türk dünyası ədəbiyyatının çağdaş durumuna güzgü tutdu.
Dil ortaq olmayanda
Ədəbiyyatın gördüyü işin bir orduya bərabər olduğunu söyləyən Lefke Avropa Universitetinin Türk Dili Ədəbiyyatı bölümünün rəhbəri, dosent, Dr. Nazim Muradov türk ədəbiyyatlarının ilk növbədə dil probleminin olduğunu qeyd etdi: "Dil ortaq olmayandan sonra ədəbiyyat ortaq ola bilməz. Ortaq dil məsələsi bəlkə də bir az xəyal oldu. Amma ortaq ünsiyyət dilinin olması mümkündür. «Tərcüman» qəzeti 1983-cü ildə nəşrə başlayanda "Tərcüman” bütün türkləri bir-birinə birləşdirən zəncir kimidir. Bütün türklər bu zəncirdən yapışaraq bir dil ətrafında birləşirlər. Bu zənciri qırmaq lazımdır”, – deyə çar hökumətinə ünvanlalan hesabatlarda yazılırdı. Ona görə "Türk dilləri” deyə bir anlayış ortaya çıxdı. Azərbaycanda, Ermənistanda, Özbəkistanda buna qarşı çıxanlar öldürüldü. Bəkir Çobanzadələr, Abdurauf Fıtratlar "Ortaq türkcə” dedikləri üçün öldürüldülər. Əslində ortaq ədəbi dil bəlkə mümkün deyil, ancaq ortaq ünsiyyət dili ola bilır”. N.Muradov qeyd etdi ki, Türküyə türkcəsinə təkcə ən gözəl dil olduğu üçün deyil, həm də bazar böyük olduğu üçün ciddi baxmaq lazımdır: "Yəni sən şeir yazanda şeirini Azərbaycan türkcəsində nə qədər adam oxuyacaq? Tutaq ki, Güney Azərbaycan da qoşulsa təxminən 40 milyon alıcısı və ya oxucusu olacaq. Ancaq o şeir Türkiyə türkcəsi ilə yazılsa 150 milyona yaxın insan oxuyacaq. Bunu iqtisadi yöndən də fikirləşmək lazımdır. Ancaq biz sadəcə, duyğu yönündən fikirləşirik”. Ortaq türkcəni sadə Türkiyə türkcəsindəki kimi düşünməyə ehtiyac olmadığını deyən N.Muradov bizim real anlaşma dilimizin Türkiyə türkcəsi olduğunu qeyd etdi: "Dil məqsəd, yoxsa vasitədir?” sualı müxtəlif cür qarşılanır. Dil məqsəd deyil, daha çox vasitədir: "Biz dili daha çox məqsəd kimi qələmə versək, deyəcəklər ki, aşırı millətçilik edirsiniz. Ona görə dil məqsəddən çox, vasitə kimi istifadə olunmalıdır. Əslində burda fakt da, hiss də olmalıdır. İsmayıl Qaspiralı «Dildə, işdə, fikirdə birlik» deyirdi. Yəni dillə başlamasaq fikirdə, işdə birlik olmaz”.
Fikirdən işə...
Filologiya üzrə fəlsəfə doktoru, yazar Şəmil Sadıq ədəbiyyatın toplumların birləşməsi üçün ən faydalı yol olduğunu qeyd etdi: "Bu gün dünya "Əli və Nino” romanını oxuyur. Bu əsər qədər Azərbaycanı olduğu kimi göstərən ikinci bir əsər görmürəm. Biz ədəbiyyata önəm verməliyik”. Türk dünyasının ədəbi əlaqələrinin hazırkı durumundan narahat olduğunu bildirən yazar sovet dövründə ədəbi əlaqələrin daha dərin olduğunu qeyd etdi: "İndi biz bu əlaqələri qura bilmirik. Bu gün türk gəncinin oxuma problemi var. Avropada insanların oxuma sayı daha çoxdur (100/21). Türkiyədə isə kitab çox az oxunur. Çap olunan kitablar depoda qalır. Türk gəncliyi oxumur, kitabdan uzaq düşüb. İndi şeir dünyası deyil. İdeologiyalar nəsrlərlə fikir irəli sürə bilirlər. Azərbaycanda, Türkiyədə çoxlu romanlar çap olunur, amma həm ali, həm də orta məktəblərdə kitaba qayıtmağımıza böyük önəm verməliyik”. Azərbaycanda "Ustad” dərgisini yayımladığını deyən Ş.Sadıq həmin jurnalda türk dünyası yazarlarının yazlarını çap etdirə bilmədiyini təəssüflə qeyd etdi: "Türk ölkələrinin yazarları ilə əlaqə yaratmaq problemimiz var. Kiçik çaplı işlər olsa da, geniş mənada işlər yoxdur. Bizim dərgi türk dünyası yazarlarının yazılarını verməyə maraqlıdır. Biz bu gün üzümüzü torpaq, dil baxımından Türkiyəyə tuturuq. Burada bir yaxınlıq məqsədi də var. Türkiyədə çap olunan kitablar isə Avropada yayımı olan kitablardır. Dərnəklər kitabı 100 və ya 200 nüsxədə nəşr etdirəcək. Ancaq onun yayımlanması bir layihə çərçivəsində həyata keçirilməlidir. Mən Azərbaycanda Türkmənistan, Özbəkistan, Qazaxıstandan kitablar olursa, tərcümə etdirib nəşr etdirə bilərəm. Biz bu gün Özbəkistanda, Qazaxıstanda və ya Türkmənistanda hansı kitabların önəmli olduğunu bilmirik. Ona görə sizdən yazılarınızı istəyirik”. Hazırda virtual dünyada yaşadığımızı qeyd edən yazar sosial şəbəkələrdən yararlanmağa ehtiyac olduğunu qeyd etdi: "İsmayıl Qaspiralının dediyi "Dildə, fikirdə və işdə birlik” fikirlərindən çıxış edərək deyim ki, artıq fikir və dil mövzusunu bitirib, işə keçmək lazımdır: "Görəcək işlərimiz çoxdur, fikir və dildən daha artıq iş mövzusuna keçmək lazımdır. İşimizin nəticəsini də sonradan görmüş olarıq”.
Ortaq ədəbiyyata ehtiyac
Ədəbiyyatın önəmli elm sahəsi olduğunu bildirən Özbəkistan ədəbiyyatçısı Marufjon Yoldaşev öz ölkələrinin ədəbiyyatını tanıtmaq üçün çalışdıqlarını qeyd etdi: "Biz yazılan əsərləri tərcümə edir və dərgi çap etdiririk. Özbək ədəbiyyatı böyük türk ədəbiyyatında öz rəngi, qoxusu olan bir çiçəkdir. Eyni ilə türk ədəbiyyatının ortaya çıxardığı estetik bir əsərdən bəhs etdiyimizi bu gün heç kəs inkar etməz”. 25 ildir ki, müstəqil olaraq ölkələrindəki ədəbiyyatı inkişaf etdirməyə çalışdıqlarını qeyd edən özbək yazarı sovet dövründən fərqli olaraq xeyli irəliləyişə nail olduqlarını da söylədi: "Sovet dövrü ilə fərq odur ki, ədəbiyyatçılar mətbuatda sürətli çıxış edirlər. Kitablar nəşr olunur. 80-ci illər sanballı əsərlərin ortaya çıxdığı dönəmdir. Tarixi əsərlər yazıldı - bunlar müstəqilliyə hədəflənən əsərlər idi. Müstəqillik dövründə isə əsərlərin qəhrəmanı ideoloji yönləndirmədən uzaq oldu. Onlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bildilər. Bu istiqamətdə yazılar davam edir. Ancaq əsas məsələ öz ölkənin ədəbiyyatı ilə türk xalqlarının ədəbiyyatı arasında əlaqə qurmaqdır. Biz bir-birimizin yazılarını oxumalı, çap etdirməliyik. Ortaq ədəbiyyata böyük ehtiyac var. Bu, türk birliyi istiqamətində əsas addımlardan biri ola bilər”.
Tək ədəbiyyat, tək dil
İranda böyük türk toplumunun yaşadığını deyən iranlı alim və araşdırmaçı Fərzanə Devletabadi türk dünyasının özünü ədəbiyyatı və şeiri ilə yaşatdığını qeyd etdi: "Yazılı da olmasa türk dünyasının sözlü ədəbiyyatı yaşayır. Ancaq onu inkişaf etdirmək üçün üstümüzə yük düşür. Bunun üçün tütkdilli ölkələr arasında əlaqələri qurmaq lazımdır. Ədəbiyyat insanın hafizəsidir”.
Kərkük Türkləri Dərnəyinin rəhbəri Kemal Beyatlı türkdilli ölkələrdə şeirin nəsrdən öndə olmasının səbəblərini açıqladı: "Ədəbiyyatdan bəhs edərkən türk ədəbiyyatının qədim bir ədəbiyyat olduğuna diqqət çəkməliyik. Kərkük ədəbiyyatı da bu istiqamətdə mühüm yer tutur. Füzuli dünya çapında tanınan, üç dildə yazan mükəmməl şairdir. Füzulidən sonra Kərkükdə ədəbiyyatın inkişafı baş verib. Kərkükdə yazılı və sözlü ədəbiyyat var. Hoyratlarımız dərin məna və anlam daşıyır. Bu müdhiş bir mədəniyyətin məhsuludur. Əvvəllər biz heç bir yerdə dərdimizi dilə gətirə bilməzdik. Bu, bizi sınmağa qoymayam bir yoldur. Biz bir-birimizə hoyratlarla cinaslı ifadə söyləyərdik. Ərəb türkmənlərinin dili türk dilidir. Bizim yazdıqlarımızı dünyadakı bütün türklər anlayır. Tək ədəbiyyat, tək dil - böyüklərin bizi çıxdığı yol budur”. Bağdadda üç dildə "Qardaşlıq” dərgilərinin çap olduğunu qeyd edən K.Bayatlı ölkələrində nəsr sarıdan inkişafın olmadığına da diqqət çəkdi: "Yazarların şeiri meydana çıxdı, ancaq hekayə və romanlar olmadı. Dəstəkli kitablar olmadığı, Türkiyədən də kitablar gəlmədiyi üçün şeirə ağırlıq düşdü. Bu səbəblə şeirimiz daha öndədir. Ancaq bizə ədəbiyyatda bütün janrları inkişaf etdirmək lazımdır. Ortaq əlaqələrin qurulması isə yalnız ədəbiyyatın inkişafına dəstək və stimul oa bilər”.
Ortaq əlifba
Türklərin tarix yazdığını deyən Türkiyə Kocaeli Yazarlar Dərnəyinin rəhbəri Alptekin Cevherli türkdilli dövlətlərin fərqli əlifbadan istifadə etdiklərini qeyd etdi: "Ortaq əlifba olmalıdır. Bu mətbuat üçün də lazımdır. Həmçinin internetdə milli kontent olmalıdır. Bu sahədə problemlər var”. Ortaq dildə ədəbiyyatın yazılmasına ehtiyac olduğunu bildirən dərnək rəhbəri dedi ki, dünyada 48 ölkə ingiliscə danışır: "Amma bizim ortaq dilimiz yoxdur. Ortaq filmlərin çəkilməsi, ssenarilərin yazılması lazımdır. Yoxsa, çağdaş türk ədəbiyyatını yaşada bilmərik. Televiziyalarda müştərək yayımlara ehtiyac var. Əlimizdə internet kimi vasitə olduğundan əlaqələrimizi qurmalı və möhkəmləndirməliyik. Məsələn, bir ölkədə yazılan əsərləri uyğur, başqırd türkü oxuya bilmir. Kitabları seriya halına gətirək. Qoy Azərbaycan şairlərini türkcə, uyğur tükünü azərbaycanca oxusunlar”. A.Cevherli qeyd etdi ki, ortaq türk dilinin olması, lüğətin yazılması, ədəbiyyatın olmasına da rəvac verəcək: "Bu işlərə orta məktəbdə başlamaq lazımdır. Bu istiqamətdə addımlar atılmalıdır. Türkdilli ədəbiyyatın müxtəlif istiqamətlərdə inkişafı türkdilli xalqların əlaqələrinin inkişafına daha da yardım edə bilər”.
Təranə Məhərrəmova
Şimali Kipr- Girnə
banner

Oxşar Xəbərlər