AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Çağdaş teatr problemlərini necə çözməli?

Çağdaş teatr problemlərini necə çözməli?

Mədəniyyət
05 Noyabr 2012, 17:14 1526
“Dediyimiz sözə sadiq qalaraq ikinci dəfə dünyanın teatr bilicilərini, bu işin peşəkarlarını fikir, təcrübə mübadiləsi, sənət mübahisələri aparmaq, müasir teatr prosesinin gedişatını təhlilə çevirmək üçün bir araya gətirdik. Əminəm ki, bu ənənəni uzun illər boyu yaşatmağa gücümüz çatacaq». Bu fikirlər II Bakı Beynəlxalq Teatr Konfransının açılış mərasimində səslənib.
Belə ki, 5-6 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutan konfransa dünyanın 35 ölkəsindən 80-ə yaxın nümayəndə qatılıb.

İnsanları teatrlara gətirmək

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev konfransı giriş sözü ilə açaraq tədbiri Azərbaycan teatrı üçün xüsusi əhəmiyyətli hadisə kimi dəyərləndirib: «Azərbaycan dövləti teatr sənəti inkişafını mili mədəniyyətin və müasir cəmiyyətin inkişaf prioritetlərindən biri hesab edir. Bu konfrans Azərbaycan dövlətinin mədəni inteqrasiya, qarşılıqlı bəhrələnmə məsələlərinə çox önəm verdiyinin əyani sübutudur. Bu mənada respublikamızda yürüdülən mədəniyyət siyasətinin məqsədi ölkələr, millətlər, xalqlar, etnoslar, etnik qruplar arasında körpülər salmaq, sərhədləri aşmaq və müxtəlif xalqların fərqli mədəniyyətlərini bir-biri ilə görüşdürmək, onların aktiv dialoqlarına nail olmaqdır. Bizim məqsədimiz insanları teatr salonlarına gətirmək, onları açıq ünsiyyətə dəvət etməkdir. Səbəb insandır. Onun duyğuları və yaşantılarıdır”. Nazir müavini qeyd edib ki, tədbirə MDB, Avropa, Amerika və Asiya ölkələrindən teatr tənqidçiləri, tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər toplaşıblar: «Bu ünlü sənət adamlarının bir məramı var: çağdaş teatr problemlərinin çözülməsinə yardımçı olmaq, teatrın gələcəyini müəyyənləşdirmək». Tarixin bütün dönəmlərində həll edilməli məsələnin ünsiyyət problemi olduğunu qeyd edən nazir müavini Azərbaycanda teatrın qədim bir tarixə malik olduğunu diqqətə çatdırıb: «İnsanların əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, aşıq sənəti, mövsüm bayramları, dini ayinlərlə bağlı meydan mərasimləri, qaravəlli tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyən edib, mili teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb: «1873-cü ildə Mirzə Fətəli Axundzadənin «Lənkəran xanının vəziri» və «Hacı Qara» tamaşalarının səhnəyə qoyulması Azərbaycanda, o cümlədən bütövlükdə müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoyub». Bu gün ölkəmizdə 26 dövlət, bir Bələdiyyə Teatrının, bir neçə özəl teatrın və onlarla teatr studiyasıının uğurla fəaliyyət göstərdiyini qeyd edən Ə.Vəliyev Azərbaycan teatrlarının bir sıra beynəlxalq teatr qurumlarında təmsil olunduğunu vurğulayıb. Son illər ölkəmizdə teatrın inkişafı ilə bağlı bir sıra fundamental sənədlərin qəbul olunduğunu diqqətə çatdıran nazir müavini «Bütün bunlar ölkə başçısının xalqın mədəniyyətinin və mənəviyyatının güzgüsü olan teatra münasibətidir. Belə ki, «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına əsasən, bir sıra ölkə teatrlarında yüksək səviyyədə təmir-bərpa işləri keçirilib, yenidənqurma işləri aparılıb. Bir sıra teatrlar bina ilə təmin olunub. Ölkəmizdə öz yaradıcılığı ilə fərqlənən sənət adamlarına fəxri adlar, prezident mükafatları, təqaüdlər verilib. Onların əməyi ölkənin ən yüksək mükafatlarına layiq görülüb” deyib. Belə ki, son 5 il ərzində 77 sənət adamına ömürlük prezident təqaüdü, səhnə sənəti ilə məşğul olan 100 nəfərə prezident mükafatı, 62 nəfərə Xalq artisti, 76 nəfərə Əməkdar İncəsənət Xadimi, 253 nəfərə Əməkdar artist, 33 nəfərə Əməkdar rəssam, 136 nəfərə Əməkdar mədəniyyət işçisi fəxri adları verilib. «Milli mədəniyyətimizin qorunması və tərəqqisinə xidmət edən teatr musiqi, təsviri sənət və kino sahəsində xüsusi nailiyyətlər qazanan istedadlı şəxslərin axtarışlarını dəstəkləmək məqsədi ilə nazirlik “Zirvə” mükafatını təsis edib. Hər il 7 nominasiya üzrə sənət adamlarına hər biri 5000 manat olmaqla mükafatlar təqdim olunur.
Nazir müavinin sözlərinə görə, ölkə teatrları hər il 100-110 yeni və əsaslı bərpa olunan tamaşa hazırlayırlar. Bu tamaşaların 60 faizi dövlət vəsaiti hesabına ərsəyə gəlir». Ötən illər ərzində ölkə teatrlarının dünyanın 20-dən artıq ölkəsinə qastrol səfərinə, beynəlxalq tədbirlərə qatıldığını qeyd edən nazir müavini beynəlxalq mübadilə olmadan teatrların inkişafının mümkünsüzlüyünü qeyd edib: «O cümlədən, Azərbaycana xarici ölkələrdən də 11 teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər teatr rejissoru, aktyor, rəssam və b. tamaşa hazırlamaq üçün Bakıya dəvət olunub». 20 faiz torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğunu diqqətə çatdıran Ə.Vəliyev hərbi təcavüz nəticəsində erməni şovinistlərinin xalqımızın mədəni irsinə aid olan tarix və mədəniyyət abidələrinin xeyli hissəsini qəsdən dağıtdıqlarını qeyd edib. Belə ki, ermənilər ələ keçirdikləri Azərbaycan ərazisində 927 kitabxana, 464 dünya və ölkə əhəmiyyətli tarixi abidə, muzey, 100-dən çox arxeoloji abidə dağıdılıb. 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb: “Bu dağıdıcı proseslər Azərbaycan teatrından da yan keçməyib. Belə ki, Şuşa, Ağdam, Füzuli, İrəvan teatrları qaçqın düşüb. Bu teatrların yerləşdiyi binalar dağıdılıb, yandırılıb. Lakin bu çətinliklərə baxmayaraq, teatrlar öz fəaliyyətlərini davam etdirirlər”
Bu gün Azərbaycanın qaynar mədəni həyatı olduğunu qeyd edən nazir müavini ölkənin birinci xanımı Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə keçirilən beynəlxalq tədbirlər nəticəsində ölkəmizin tanınan mədəniyyət mərkəzinə çevrildiyini diqqətə çatdırıb.

Teatr təkcə gözəlliyi çatdırmır...

YUNESKO-nun Sülh Artisti və xoşməramlı səfiri, Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti Əli Mahdi çıxışında üç ismarıcının olduğunu qeyd edib. Belə ki, YUNESKO-nun baş direktoru İrina Bokovanın salamını çatdıraraq konfransın onun diqqətində olduğunu qeyd edib: «Bu konfransın məqsədləri YUNESKO-nun mədəniyyət siyasətinə əhəmiyyət verəcək. Ona görə xanım Bokova bu tədbirə böyük əhəmiyyət verir. Bu konfrans YUNESKO-nun layihəsinə xidmət edir”. Konfransda müxtəlif mədəniyyətlərin nümayəndələrinin iştirak etdiyini qeyd edən Ə.Mahdi “Gəlin, dünyada sülh mədəniyyətini yaradaq. Gəlin, sülh üçün işləyək. Hazırda dünyanın bir çox yerlərində münaqişələr gedir. Biz öz işimizlə həmin ölkələrə xidmət edək» - deyə bildirib.
Litva mədəniyyət nazirinin müavini Devidas Staponkus konfransın əhəmiyyətini yüksək dəyərləndirərək teatr prosesində böyük rol oynayacağını qeyd edib: «Bu vacib tədbirə görkəmli teatr adamları, ziyalılar, hətta, siyasətçilər də qatılıb. Bu da konfransın əhəmiyyətliliyini göstərir. İnanıram ki, konfrans günlərində teatrla bağlı mühüm diskussiyalar keçiriləcək, tendensiyalar müzakirə olunacaq».
Teatrın bəşəriyyət tarixində çoxdan doğulduğunu qeyd edən görkəmli teatr və kino xadimi Kşiştof Zanussi “Teatr təkcə gözəlliyi çatdırmır, həyatımıza məna verir” deyə qeyd edib: “Şekspir olmadan teatr sənətini düşünə bilmərik. Onlar bizə teatr baxışı veriblər. Teatr idol olaraq qalır. Amma nə zaman ki teatr aqillik, müdriklik verir, onda bəşəriyyətə əhəmiyyət gətirir».
ASSİTEJ-in prezidenti İvet Hardi insanlara hər zaman yüksək keyfiyyətli teatr tamaşaları təqdim etməyin vacib olduğunu bildirib: “Biz gənclər və uşaqlar üçün teatrı inkişaf etdirməliyik. Dünyanın bəzi yerlərində uşaq teatrları inkişaf edib. Mənim ölkəmdə - Cənubi Afrika Respublikasında bu teatrın inkişafına qədər çox yol getməliyik». İvet Hardinın fikrincə, gənc aktyorların yetişməsi üçün mühit olmalıdır.

Teatr adası

Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankone Azərbaycan teatrı ilə bağlı arzularını dilə gətirib: «Mən istəyirəm ki, Azərbaycanın hər yerində – Lənkəranda, Yevlaxda, Gəncədə, o cümlədən, Bakının hər yerində - İçərişəhərdə, Xırdalanda və s. yerlərdə teatrlar olsun. Teatrlar müxtəlif olmalıdır. İstər fərdi olsun, istər qrup şəklində - onlar öz ideyalarını gerçəkləşdirirlər və onu səhnəyə ötürürlər. Mən arzulayıram ki, harada təhsil ocağı varsa, orada teatr yaransın. Uşaqlar da teatr haqqında ilkin anlayış əldə etsinlər». T.Byankone qeyd edib ki, teatr təhsili təkcə peşəkarlar üçün deyil, həm də həvəskarlar üçün nəzərdə tutulmalıdır: «Mən arzulayıram ki, peşəkar teatrlar hamı üçün açıq olsunlar. Tamaşaçılar da kənarda qalmasınlar. Azərbaycan bütün ölkələrdən aktyorlar, rejissorlar dəvət etsin. Azərbaycanın teatr aktyorları da gördükləri işə görə ədalətlə qiymətləndirilsinlər». Azərbaycanın regionda teatr sənəti mərkəzinə çevrildiyini qeyd edən T.Byankone ölkə teatrlarını BTİ ilə yaxından əməkdaşlığa çağırıb: «Azərbaycan Teatr İnstitutunun mərkəzinə çevrilib. Əgər bizim mərkəzin işinə kömək etmək istəyirsinizsə, bizim mərkəzə üzv olun. Biz indi işləməyə başlasaq, Bakının küləkləri elə əsəcək ki, Azərbaycan teatr adası ölkəsinə çevriləcək».
Qeyd edək ki, konfransda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan «Dünən, bu gün, sabah» Azərbaycan Milli Teatr sənətinin elektron bazasının təqdimatı da keçirilib.
Konfransın açılış mərasimindən sonra keçirilən mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavab verilib. Qeyd edək ki, konfrans çərçivəsində Cənubi Afrika Respublikasından tanınmış teatr və televiziya ulduzu Tembi Mtshalinin iştirakı ilə «Qadın intizarı» və Səudiyyə Ərəbistanı Teatrının ifasında «Vağzal heç yerə getmir» tamaşaları göstəriləcək.
Bundan başqa, konfrans zamanı I Bakı Beynəlxalq Konfransına, Slovakiya teatr tarixinə, M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş foto-sərgilər nümayiş olunacaq, «Milli İdensifikasiya və inkişaf» komitəsinin idarə heyətinin toplantısı keçiriləcək.

Təranə Məhərrəmova