• cümə, 29 Mart, 17:41
  • Baku Bakı 14°C

Çağdaş Güney Azərbaycan poeziyasından “güldəstə”

06.06.15 12:32 2196
Çağdaş Güney Azərbaycan poeziyasından “güldəstə”
Dövrün ədəbi mənzərəsini yaratmaq üçün adətən yazarların müəyyən zaman kəsiyində çıxan kitabları,ədəbi-bədii jurnallarda nəşr olunan bədii yazılarını izləmək lazım gəlir. Əgər bunlar yoxsa, sosial şəbəkə köməyə gəlir. Elə Güney Azərbaycanda son dövrdə bu işi daha çox sinirsiz internet şəbəkəsi aracıyla görürlər. Orada məlum səbəblər üzündən sonuncu variantdan daha çox istifadə olunur.Ölkədə Azərbaycan türkcəsində çıxan əsərlərə qoyulan məhdudiyyətlər(senzura), eləcə də azsaylı və qısa kəpənək ömrünə məhkum olan qəzet və jurnallar bu işin öhdəsindən gələ bilmir. Bu üzdən də daha çox internet şəbəkəsində yayınlanan və bir çox yazarlarla əlaqə qurub məktublaşma zamanı əldə etdiyimiz materiallardan bəhs etmək məcburiyyətindəyik.Güneydə yazarın 1-2 kitabı işıq üzü görürsə, bir o qədər çox sayda da kitabı nəşriyyatda çap olunmaq iznini gözləyir.
Ekoloji fəlakət olan Urmu gölünün quruması və bunun rəsmilər tərəfindən qarşısının alınmaması uğrunda tək siyasi fəallar mücadilə aparmır. Bu artıq ədəbiyyatda da gündəmdən düşməyən mövzulardan birinə çevrilib. Tanınmış şair İsmayıl Ülkər 500 səhifə həcmində “Urmu gölü” nə həsr olunmuş şeir antologiya kitabını hazırlyıb.Kitabda ötən əsrdə Urmu gölünü vəsf edən söz ustadlarıTağı Rüfət,Məhəmməd Biriya,Məmməhüseyn Şəhriyardan tutmuş,çağdaş şeirin önündə gedən Hadi Qaraçay,İsmayıl Ülkər, Rüqəyyə Kəbiri,Kiyan Xiyav,Nigar Xiyavi kimi şairlərin şeirləri çap olunub.Əvvəlki nəslin yaradıcılığında bu gölün əsrarəngiz gözəllikləri mədh olunursa,sonrakı nəslin əsərlərində gölün mənzərə-portreti tam fərqli olaraq ağrı ilə yüklənmiş ağılarda verilir. Təbrizdə 40-cı illərdə "Şairlər məclisi"nin qurucularından və son təmsilşilərindən biri, qocaman şair və yazıçı Haçım Tərlan ötən il ömrünün 90-çı ilində həyatla vidalaşarkən də yaşadığı ölkədə Urmu gölünün qurudulmasından rahatsız idi. Şair son şeirilərindən birində yazırdı;
Qürbət eldə qəribsədim, elimi qaytarın mənə
Dərələrim köz bağlıyıb, selimi qaytarın mənə.
Axtarıram həzin həzin itirdiyim gölün izin
Dünyada hər nə var sizin, Gölümü qaytarın mənə.

Çox kədərlidir ki,Urmu gölü artıq Aral gölünün taleyini yaşayır.Kitabda Ülkər Ucqarın səssiz fəryadı da buna işarədir.
Sənin iki qurtumluq
qumral gözünə necə inanım?
O yekəlikdə mavilikdə
Urmu gölü ilğım imiş əlimi atanda duza çıxdı!
Dalıram inanmıram
cumuram inanmıram
boğuluram inanmıram.

Məsud Harayın “Urmu gölü” şeiri ekoloji faciəni insanlığın faciəsi kimi ümumiləşdirir,özü də bənzərsiz bir intonasiya, daxili bağlılığı ayrılmaz təsvir çalarları ilə.Günəş də qocalarmış,Urmunun duza, ağ çalmaya dönmüş sahillərinin “tumarında” nəvazişində. Bizcə, aşağıdakı misralar Güney şeirinin yeni obrazlara, yeni poetik sistemə keçidinin uğurlu nümunəsidir.
Günəş batarkən
Saçlarını darayırdı torpaq.
Sürtülürkən saçları
Yarpaqlara budaqlara
Sürünürdüm mən də.
O qızıl saçlı peşində
Bir an saçları ağardı,
“Qocaldı” sandım günəşi
Amma o qocalmamışdı,
Yalnız saçlarını
Urmu dənizi tumarlamışdı.

Səid Muğanlının şeirlərindəki Bütöv Azərbaycan dərdi, vahid Azərbaycan dili ideyası onun poetik sintaksisini bəlirtləyir. O, Güney Azərbaycan ədəbiyyat və kültürünü ləyaqətlə təbliğ edən “Yaşmaq” yeni ədəbiyat dərgisinin redaktorudur. Dərgi Quzey Azərbaycan yeni ədəbiyyatının İranda tanıtdırılması sahəsində də cox iş görüb. Dərginin əlavəsi olaraq onun təşəbbüsü ilə bu günə qədər 40-a yaxın kitab işıq üzü görüb yayınlanıb. S. Muğanlının sevgi ilə bağlı fərqli fikirləri var:
Sevmək bir intihardir
Qar çiçəgi günəşə baxib öldü...
Sevmək bir ittihamdir.
Sevmək təkcə sevmək deyiil ki.
Sənin....mənim....onun arasinda
Sevmək bir inqilabdir
mən sevirəm və...
zindandayam...

Güney poeziyasının gənc nəslini birləşdirən ümumi amil onların vətən,milli dil haqqında eyni mövqedən çıxış etmələridir. Bu poeziyanın məzmunca hüdudları a genişdir. Azərbaycançılıq.turançılıq düşüncəsi yeni Cənub şeirinin ideya zirvəsinə vüsət verməklə yanaşı,onun poetik ifadə imkanlarını,üslub çalarlarını da zənginləşdirir. Quzey Azərbaycan şeirinin üslubi təmayülləri Səməd Vurğun, R.Rza, B.Vahabzadə, M.Araz timsalında Cənub şerinin yeni istiqamətlə formalaşmasında xüsusi yeri olduğu kimi,çağdaş türk şeirinin də mövqeyi hiss olunur.Özəlliklə,Nazim Hikmət şeirinin intonasiyası dərhal duyulur.Digər tərəfdən şairlər Avropa poeziyasını da mənimsəyir, hətta bu gün dəbdə olan postmodernizmin təmsilçilərinin adlarını şeirlərinə gətirirlər. Çağdaş Güney Azərbaycan şair və yazışılarının əsərləri ilə sizləri yaxından tanış etmək amacı ilə onların əsərlərindən örnəklər verməyi daha uyğun bildik.
Pərvanə Məmmədli
Filologiya üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər