Çağdaş dünya – mənasızlığın təntənəsi dövründə
Çağdaş dünya ədəbiyyatının
ən nüfuzlu yazıçılarından biri şübhəsiz ki, Milan Kunderadır. Məndən Kunderanı
bir cümlə ilə ifadə etməyimi istəsələr cavab verərdim ki, insanı özündən daha
yaxşı tanıyan, insan psixologiyasının peşəkar bilicisi. Bu yazıçının
kitablarını oxuyarkən insanda belə bir təəssürat yaranır ki, yazıçı obrazların
daxilində yaşayır. Sanki obrazların beyni ilə oynayır, istədiyi anda onların
sinir nöqtələrinə toxuna bilir, istədiyi anda obrazların şüuruna müdaxilə edir.
Kundera deyir ki, roman müəllifdən daha ağıllı olmalıdır. Nümunə kimi Fransa
ədəbiyyatını göstərir. Kunderanın son romanı "Mənasızlığın təntənəsi” haqqında
danışmaq bir qədər çətin olsa da cəhd göstərməyə dəyər. İlk öncə onu qeyd edim
ki, kitabın üz qabığındakı rəsmi müəllif özü çəkib. Bu rəsmi müxtəlif yerlərə
yozmaq olar. Mən bu rəsmi təqribən belə anladım. İnsan çox şey deməyə cəhd
edirsə, əslində, deyəcək sözü yoxdur. Taleyranın dediyi kimi, nitq insana danışmaqdan
daha çox fikrini gizlətmək üçün verilib. Əgər çox danışırsansa mahiyyətsiz,
məzmunsuz danışırsan. İnsan hər şeyi görməyə cəhd edirsə əsas hədəfini itirir,
əsl məqsədini unudur. Yaşadığımız dövrdə hər gün minlərlə informasiya qəbul
edirik. Hər gün bu qədər informasiya qəbul etməmiz nəticəsində öz həqiqi
mahiyyətimizdən uzaqlaşırıq, özümüz özümüzə yad gəlirik. Yadlaşmanın,
mənasızlaşma duyğusunun səbəbləri bunlar deyilmi? Biz çağdaş dünyanın insanları
öz yaratdıqlarımıza məğlub oluruq. Bizim nöqsanlarımızı indi psixoloqlardan,
müəllimlərdən daha çox robotlar, maşınlar, ağıllı texnoloji cihazlar müəyyən
edir. Kundera özü mənasızlığın
təntənəsini belə izah edir: "Ən ciddi problemləri işıqlandırmaq, ancaq ciddi söz
söyləməmək, müasir dünyanın reallığına heyran qalmaq, bununla belə hər cür
realizmdən uzaq durmaq. Əsərdə çox ciddi suallar verilir və bu suallara
cavablar axtarılır. "Xəstə olmadığımız halda niyə xəstəlik
uydururuq, niyə cəmiyyətə mən ağır xəstəlikdən əziyyət çəkirəm” mesajını
veririk. Kundera müsahibələrindən birində deyib ki, insanlar daim diqqət
mərkəzində olmağa çalışırlar. Öz intellektləri ilə diqqət mərkəzində olmayanda
diqqət çəkmək üçün qeyri-adi hərəkətlər edirlər, bu qeyri-adi hərəkətlər içində
bəzən ən ağlasığmaz olanları da görürük. Diqqət mərkəzində olmaq istəyi nədən
qaynaqlanır. Bu istək eqoya xitab edir. İnsanın içindəki eqoizm qışqıraraq "mən
varam” demək istəyir. Diqqət çəkmədən danışmaq asan məsələ deyil, həmişə
danışmaq, ancaq heç vaxt eşidilməmək insandan məharət tələb edir. Bu cümlədə
Kundera bizə müasir dünyada yaşamağın yolunu öyrədir. Müasir dünyaya qarşı
sözlə, qılıncla və başqa vasitələrlə mübarizə aparmaq mənasızdır. Müasir
dünyaya qarşı mübarizə aparmağın tək yolu onu ciddiyə almamaqdır. Dünyanı
ciddiyə alsaq da, almasaq da hamımız onun ağır şərtləri ilə hesablaşmağa
məcburuq. Dünyada baş verən hadisələr bizim iradəmiz xaricindədir. Əslində,
bizim dünyanı anlama tərzimizdə bir yanlışlıq var. "Astagəllik” romanında
Kundera yazır kı, astagəllik həmişə aldadır, tələskənlik isə unutdurur. Biz
yaşadığımız dünyada astagəl və ya tələskən, aldadan ya unudan, aldadılan və ya
unudulan olduğumuzu müəyyən edə bilmirik. Bunları müəyyən edə bilmədiyimiz
halda dünyanın daha ciddi proseslərini öyrənməyə cəhd göstəririk.
"Mənasızlığının təntənə”sində
Kundera yazır ki, həyat amansızdır, enerjimizi əlimizdən alır, qətiyyətimizi
sındırır. Biz həyatın amansızlığını görüb özümüz də amansız olmaq istəyirik, öz
amansızlığımıza "həyat amansızdır” deyərək haqq qazandırırıq. Biz insanlar
sakit olduğumuz qədər, əslində, nə qədər təhlükəliyik. "Astagəllik” romanını
oxuyanda özümə sual verirdim: Astagəl olmaq lazımdır, ya tələskən? Təəssüf ki,
mən həmişə tələskən oldum. Ancaq astagəl olmaqda daha böyük fayda var imiş.
Tələskənlik gəncliyə məxsus cəhətdir, gəncliyin səhvi də elə bundadır.
Vaxt uçur, əvvəlcə vaxtın
içində yaşayırıq, sonra ölürük, bir neçə il bizi tanıyanların xatirəsində
yaşayırıq, amma aradan qısa vaxt keçir və hər şey dəyişir, ölülər köhnə ölülərə
çevrilir, daha heç kəs onları xatırlamır və onlar heçlikdə itib batırlar.
Kunderanın haqqında danışdığımız sonuncu romanı insanda pessimist düşüncələr
yaradır, insanı həyatdan soyudur. Çağdaş dünya ədəbiyyatında insanı mübarizəyə
səsləyən, insanda həyat eşqi yaradan düşüncələrə çox nadir hallarda rast
gəlirik. Dünya ən ciddi problemlərini həll edib bitiribmi, yoxsa Kunderanın
Zarafat əsərində dediyi kimi, öz ciddiliyini itirib, zarafatdan sonrakı dövrünü
yaşayır və ya bütün həqiqətləri deməyi bacarsa da, əslində, eşidilməmək
istəyir? Yazını ən çox sevdiyim yazıçılardan biri Aziz Nesinin Milan Kundera
haqqında söylədiyi fikirlərlə bitirmək istəyirəm:
"Romanların mənbə kimi həyati
hadisələrə istinad etməsi bəlli məsələdir. Ancaq Kundera bu həyati hadisələri
lazım olan zaman, ehtiyac duyulan yerdə elə ustalıqla təsvir edib ki, əsəri
həyati hadisə məcrasından çıxarıb roman halına salıb. Önəmli olan budur ki,
Kundera detalları incəliyinə qədər, yerli-yerində, oxucuların zövq almasını və
özlərini hiss etməsini təmin edərək təsvir etməyi bacarıb. Əks etdirdiyi hər təsvirdə öz duyğularımızı tapırıq”.
Nicat Həşimzadə