• şənbə, 20 Aprel, 19:54
  • Baku Bakı 24°C

“Adamı iş üstündə yaxalayıblar...”

20.02.14 09:29 1895
“Adamı iş üstündə yaxalayıblar...”
Hazırda cəmiyyətdə müzakirə mövzusuna çevrilən hadisələrdən biri də jurnalist Xədicə İsmayılın ABŞ kəşfiyyatına bağlılığı olan şəxslərlə görüşməsi, onlara bir sıra şəxslərin adları qeyd olunan xüsusi siyahı ötürməsi, həmçinin şəxsi “Facebook” səhifəsində dövlət və ya xidməti sirr təşkil edən sənədləri yaymasıdır. Artıq bu faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə X.İsmayıl şahid qismində dindirilməsi üçün istintaqa dəvət edilib. Sözügedən “casus siyahısı”, eləcə də müxalifət düşərgəsində baş verən bir sıra məsələlərlə bağlı “Kaspi”nin suallarını Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev cavablandırır.
- Elşən müəllim, jurnalist X.İsmayılın ABŞ xüsusi xidmət orqanı əməkdaşları ilə görüşməsi, onlara məlumat ötürməsi son günlər mətbuatın gündəmində olan məsələlərdəndir. Bu hadisəyə Sizin münasibətiniz necədir?
- Xədicə İsmayılın əsl kimliyi haqda geniş təqdimata ehtiyac yoxdur. Niyə? Çünki son 20 ildə çəkisindən tutmuş ağlına qədər-heç nəyi dəyişməyib bu adamın. Yəni, həmin Xədicədir. Və eyni zamanda Xədicə elə bir xislətin, xarakterin sahibidir ki, üzərinə yönələn şübhələr, ittihamlar, hətta ehtimallar belə ona çox rahat bir şəkildə yapışır. Çünki, adamın “yapı”sı “yapı”deyil, bünövrəsi bünövrə deyil. Eyni zamanda haqqında deyilən bütün söyləntilərə də adamın inanmamaqdan çox inanmağı gəlir. Niyə inanmağı gəlir? Ona görə ki, nə jurnalistikada, nə siyasətdə, nə də insanlıqda Xədicənin qarşısını kəsə biləcək heç bir tabu, sərhəd və mənəvi xətt yoxdur, Təbii, şəxsi anlamda və öz maraqları kontekstində. Məlum yazıdan sonra bütün diqqətlərin yenidən Xədicənin üzərinə yönəlməsi isə tam təbiidir. Hərçənd bu qədər ittihamın qarşılığında adamın qımı belə qımıldamır. Ortalıqda təkzib, ya da açıqlama-filan da yoxdur. Əksinə, gözdən yayınmağa, eyni zamanda yeni iddialarla, hansı ki, dünəndən etibarən sosial şəbəkələrdə paylaşmağa başlayıb, - vəziyyəti sığortalamağa çalışır. Təbii, öz aləmində və fərqinə varmayaraq ki, problem üzərinə bir da daha yenilərini gətirir. Elə onun “facebook” paylaşımı məhz həmin qəbildəndir. Hansı ki, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə prossesual hərəkətlərin başlanmasına səbəb olub. Amma sözüm bunda deyil. Çünki, əməldəki cinayət xarakterinin nə qədər real olduğunu hüquq-mühafizə orqanları müəyyən edəcək.
- Jurnalistin hazırladığı “casus siyahısı”nda 100-ə yaxın ictimai-siyasi fəaliyyəti olan şəxsin adı çəkilir, onların müxalifət adı altında iqtidarla işbirliyinə getdiyi vurğulanır. Bu, nə dərəcədə inandırıcıdır?
- Bu olaylarda şəxsən mənim diqqətimi çəkən mövzunun siyasi və mənəvi tərəfləridir. O tərəflər ki, yüzə yüz aydınlıq və şəffaflıqla ortalıqdadır. Və ya Xədicənin Amerika Senatının əməkdaşlarına ötürdüyü notlar və donoslar artıq ifşa olunub. Baxmayaraq ki, həmin notlarda və donoslarda göstərilən faktlar Xədicənin ruhi vəziyyətindən, fərdi təxəyyülündən, eyni zamanda ehtimallarından savayı özündə heç nəyi əks etdirmir. Və deyim ki, heç mövzunun qlobal tərəfi də bu deyil. Məsələ burasındadır ki, yalan ya da doğru fərq eləməz - Xədicə öz dövləti və vətəndaşı haqqında informasiya ötürüb. Həm də agent və kəşfiyyatçılara. Hansı ki, eyni adlı informasiya mübadiləsi illərdir “5-ci kolon” adlandırdığımız məlum qrupun üzvləri vasitəsilə davamlı olaraq həyata keçirilir. Sadəcə, bu dəfə ilişən Xədicə olub. Ya da belə deyək: adamı iş üstündə yaxalayıblar. Bir məqama da toxunmaq istərdim. Artıq srağagün Amerika səfirliyi məsələ ilə bağlı açıqlama yayıb və məlum siyahını cəfəngiyat adlandırıb. Hər halda onlardan başqa bir tərz nümayişi də gözləmirdik. Amma ortalıqda cavabını gözləyən çox maraqlı suallar var. Məsələn, Amerika Senatının Aparat əməkdaşları Con Zadrozni və Daniel Vajdiçin görəsən nəyinə lazımdır ki, Azərbaycan müxalifətində kim iqtidara işləyir? Ya da elə ancaq bu sualın özü məlum şəxslərin ölkəmizə konkret missiya ilə gəldiklərindən xəbər vermirmi? Və ya digər bir məsələ, həm Zadrozni, həm də Vajdiçin qeyri-leqal kəşfiyyata birbaşa bağlılığı haqda dəqiq məlumatlar var. Belə olan halda isə Xədicənin, - “sadəcə nahar edirdik” - əfsanəsinə hər halda kimsə inanmaz, Amerikadan Bakıya o boyda yolu basa-basa gələnlər “verbovka” olunacaq insanların siyahısını da çox güman öncədən müəyyən ediblər. Xədicənin tərcümeyi-halı isə həmin siyahıda birincilərdən olmaq üçün yetərli əsaslar verir. Məlum donosda demək olar ki, bütün müxalif başbilənlərinin adı çəkilib. Bir tək Əli Kərimlidən başqa. Həm də Xədicənin yaxın dostu və sirdaşı - Kərimlidən başqa! Bu faktın isə özü-özlüyündə heç bir təfsilata ehtiyacı yoxdur. Çünki, səbəb aydındır. Əgər Xədicə İsmayıl Qərbin yaratdığı və birbaşa təlimatla işləyən “5-ci kolon”un əsas ruporlarından biridirsə, Əli Kərimli də onların siyasətdəki əl oyuncağıdır. Yəni, bunların idarə olunduğu şəbəkə eynidir.
- Sizcə, X.İsmayılı belə bir hərəkət etməyə nə məcbur edir?
- Kriminal aləmdə belə bir tendensiya var: Hər hansı bir cinayətkarı mafiyaya qəbul eləmək üçün ona son dərəcə təzadlı və ağır bir iş tapşırırlar. Daha doğrusu “yükləyirlər”. Amma hüquq-mühafizə orqanlarından yayınmaq şərtilə. Siyasət də təxminən bax, elə bu cürdür. Və ya “demokratiyadan sorumlu” adı altında fəaliyyət göstərən beynəlxalq mafiyalar müxtəlif ölkələrdə yerləşdirmiş olduğu emissarlarına son dərəcə ağır şərtlər tətbiq edirlər, onları radikal olmaq və tarana getmək məcburiyyətində qoyurlar. Bunun Azərbaycandakı emissarlar üçün tətbiqi də istisna deyil. Yox əgər belə olmasaydı, o zaman Qərbin Azərbaycandakı “inqilab dərnəyi” olan “5-ci kolon” öz nümayəndələrini bu qədər amansız kritikaya soxmazdı. Məsələn, İlqar Məmmədov parlamenti o formada təhqir eləməzdi, Əli Kərimli ağlına və ağzına gələni süzgəcdən keçirmədən tabeliyində olan “Azadlıq” qəzeti ilə tirajlamazdı. Ən nəhayət, Xədicə İsmayıl günün günorta çağı şəhərin düz mərkəzində bu qədər risk alaraq agentura şəbəkəsinə məlumatlar ötürməzdi. Amma gördüyünüz kimi məcburdurlar, hətta məhkumdurlar. Onlar bu dövləti, bu milləti satmağa məhkumdurlar. Çünki, üzərlərinə götürdükləri öhdəliyin mahiyyəti budur. Aldıqları pulların qarşılığını ödəmə məziyyəti budur.
- Bəs, müxalifət daxilindəki bu inamsızlıq, bir-birini casusluqda ittiham etmək nə ilə əlaqədardır?
- Bu gün Azərbaycan müxalifətində türklər demiş “dəngə”lər dəyişib. Və ya bu fitnəkarların, sözbazların, siyasət dağarcıqlarının ifasında ideoloji xətt, istiqamət tamamən dəyişib. Onları indi ancaq müxalifətçiliyi monopoliyada saxlamaq düşündürür. Başqa heç nə. Hakimiyyətə gəlmək iddiaları-filan, necə deyərlər çoxdan gedib “işinin dalınca”. Belə olan halda isə edə biləcəkləri tək şey bir-birini qaralayıb sıradan çıxarmaqdır. Eyni zamanda, maliyyə aldıqları ünvana və ya ünvanlara özlərini tər-təmiz təqdim etəmək. Vəssalam. Hansı ki, bu söylədiyimin ən bariz nümunəsini hazırda Xədicə İsmayılın timsalında seyr etməkdəyik.
- Yeri gəlmişkən, Müsavat Partiyası (MP) Gənclər Təşkilatında (GT) ard-arda keçirilən sədr seçkilərindən sonra təşkilatdan 8 nəfər gənc xaric edilib, onlardan iki nəfəri isə partiyadan qovulub. Bu da MP GT-da gərginliyi yenidən artırıb. Partiya rəhbəri kimi MP GT daxilində baş verən son hadisələri necə qiymətləndirirsiniz?
- Müsavat Partiyasında və ümumən radikal cəbhədə gənc deyə bir anlayış yoxdur. Ora yığılanların hamısı siyasi kamikadzelərdir. Bu təfəkkürdə olanların isə öz beyni olmur, onlar həmişə idarə olunur. Odur ki, adını çəkdiyiniz təşkilatda seçkilər o vaxta qədər davam edəcək ki, İsa Qəmbər nəticədən razı qalsın. Lazım gəlsə hətta lap min dəfə də keçirəcəklər həmin seçkini. Bu dəmdə uşaqlıq xatirələrimdən bir epizodu xatırladım: Bir gün azarkeş qismində futbola getmişəm. Meydanda isə ikinci, yoxsa üçüncü təsnifat liqasında mübarizə aparan əyalət komandalarıdır. Əlqərəz, oyun başladı və qurtarmaq bilmədi. Bir baxdıq ki, 90 dəqiqənin üzərindən düz yarım saat keçib amma, “referi” oyunu saxlamır ki, saxlamır. Deyəsən 160-cı dəqiqədə nəhayət ki, meydan sahibləri qol vurdu. Anındaca da “matç” bitdi. Ən sonda bildik ki, sən demə, meydan sahibləri qol vurana qədər oyunu saxlamamaq barədə hakimlə razılıq əldə ediblərmiş. İndi bax, Müsavatın Gənclər Təşkilatında baş verən proseslər də təxminən bənzər durumu, mənzərəni xatırladır. İsa Qəmbər “hə” deyincə dirəşəcəklər, boş-boşuna vuruşacaqlar, özlərini bir heç uğrunda hədər edəcəklər. Həm də bilmədən və anlamadan ki, onlarlıq bir şey yoxdur. Nəticəni başqan və böyür-başındakı vəzir-vəkildən savayı kimsə həll eləmir.
- Belə bir iddia da var ki, MP GT-dakı avqust seçkisinin nəticəsi İcra Aparatının rəhbəri Arif Hacılının istəyi nəticəsində ləğv edilib. Başqanlığa iddialı A.Hacılı indidən mühüm postlara müstəqil iradə sahiblərini deyil, özünə yaxın adamları yerləşdirir. Sizcə, bu iddia əsaslıdırmı?
- Öncəliklə qeyd edim ki, müxalif cəbhədə bütün postlar xəyal və ehtimal üzərindədir. Elə Arif Hacılının öz postu qarışıq. Bizim isə göydə, səmada, yuxularda, xəyallarda baş verənlərlə heç işimiz olmaz. Çünki bizi maraqlandıran yerdə baş verən proseslərdir. Odur ki, kim-kimi hansı postda görürsə görsün, özləri bilər. Madam ki, nağıllar aləmində illər uzunu çərpələng kimi boş-boşuna fırlanmaq bu insanları rahatladır, o zaman heç özlərinə əziyyət verməsinlər. Elə bu şəkildə də davam eləsinlər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər