ADA
Əsasən teatrla bağlı məqalələrə məhz teatral başlıq
seçirik. Bu başlıq: ADA -hər mənada yerindədir. Niyə? Mən bəndəniz gənc həmkarlarımızın
hazırladığı tamaşanı izləmək üçün yola düşdüm. Gəlib ünvana yetişəndə gördüm
ki, ADAdayam. Bu, həm məkanla - Azərbaycan Diplomatik Akademiyasi deməkdir, həm
də zamanla yeni ADA anlamını verir. Mən bu ADAda o qədər mədəniyyət, tərbiyə və
təhsillə zamana meydan oxuyan gənclər gördüm ki, xoşbəxtlikdən ağlamaq istədim.
Bu gənclər sanki dünya içərisində yeni dünyadır, yeni nəsil, yeni nümunədir.
Sadəcə arzuladım, bütün gənclər bu formada təhsil almaq, bu səpkidə formalaşmaq
imkanı əldə etsin!
ADAnın ifasında dahi Şekspir və məşhur "Romeo və
Cülyetta”... Bu günkü dünyamızda elə bir mədəni xalq tapılmaz ki, Uilyam Şekspirin
"Hamlet”indəki məşhur "olum ya ölüm” sualını ya olduğu kimi, ya da öz dilinə tərcümədə
işlətməsin. Cahanşümul dramaturq Uilyam Şekspirin adının dünyanın hər yerində
hörmətlə çəkilməsi təsadufi deyildir. Böyük ingilis
dramaturqu dahiyanə əsərlərini yaradandan bəri bəşəriyyət işi çətinə düşəndə,
yamanlıq yaxşılığı üstələyəndə, "olum, ya ölüm" vəziyyətində elə hey
Şekspirdən cavab gözləyir, onu imdadına çağırır. Bəlkə də XX əsrdə bütün
dünyada bu qədər diqqət mərkəzində olan ikinci yazıçı tapmaq çətindir. Şekspirin
adı heç zaman unudulmur. Ölkəmizdə Şekspirlə tanışlıq teatr və tərcümə sənətimizin
inkişafı ilə sıx bağlıdır. Şekspir əsərlərinin Azərbaycan oxucusunun,
tamaşaçısının bədii-estetik zövqünün zənginləşməsində də xidməti böyükdür.
Şekspirin bütün əsərləri zəmanə ilə son
dərəcə bağlı olduğuna görə dünya ədəbiyyatında misli görünməmiş tarixi rol
oynamışdır. Hər bir cəmiyyət, hər bir xalq, yaşından, məqamından asılı
olmayaraq, hər bir fərd hər dəfə Şekspirin əsərləri ilə təmasa girərkən ondan nə
isə yeni bir şey öyrənir. Buna görədir ki, tədqiqatçılar 400 ildən çox bir müddətdir
ki, onun əsərlərini araşdırır və hər dəfə yeni bir fikir söyləməyə nail
olurlar. Müasiri Ben Conson Şekspir haqqında demişdir: "O, bir əsr üçün
deyil, bütün zamanlar üçündür".
Uzun əsrlər ərzində dahi dramaturqların bəzi pyesləri
yenicə addımlayan aktyorlar və rejissorlar üçün assosiativ koda, ştamp
yığınına, mütləq proqrama çevrilmişdir. Kimin üçünsə dahi Şekspirin əsərləri çeynənmiş
frazaların və konfliktərin üfunətli, kif basmış atmosferidir və ora yeni nələrsə
əlavə etmək çətindir. Bu səbəblə bir çox yeni rejissorlar pyesin sabitləşmiş
strukturunu dağıtmağa, ona yeni ideyalar hopdurmağa və hadisələri daha tanış
anturajda (mühitdə) təsvir etməyə məcbur olurlar.
ADAnın təqdim etdiyi "Romeo və Cülyetta”
tamaşasının rejissoru Elsa Furtado mükəmməl pyesə o illərin mühitindən gələn, gənclər
üçün çətin anlaşılan dildə qalmağa icazə verməyib, özünün yeni fikirlərini əsərin
əsas konstruksiyasına çevirib. Onun iki gəncin qəmli məhəbbət hekayəsinə özünəməxsus
sadə yanaşması var. Və məsələ təkcə Monteki və Kapuletti ailəsinin Avropa və
Asiyanı təmsil etmələrində deyil. Elsanın quruluşunun özündən əvvəlkilərdən fərqi
özünəməxsus musiqi qarışığındadadır. Biz operadan tutmuş roka kimi musiqi üslublarının
şiddətli tərzdə qarışdığını, aktyorların hərəkətləri, jestləri, hərəkətləri və
sözlərinin vahid ritmə tabe olmadığının şahidi oluruq. Müxtəlif musiqi stillərinin
coşğunluğunda tamaşanın dramatik əsasını müzakirə etmək çətindir. Həm də, burada süjetə ehtiyac duyulmur,
tamaşanın əhval-ruhiyyəsi, barabanların, kontrabasların, trubaların,
sintezatorların takt və ritmlərindən doğur. Məhz bu səslər qəhrəmanlara qarşı rəğbət
oyadır. Bütünlükdə Elsa Furtadonun quruluşu belə görünür ki, sanki bu tamaşa gənclərin
özünifadəsi üçün sərbəst səhnə təklifidir, sadə mübarizə məkanıdır.
Doğrudur, zarafatın və oyunbazlığın arxasında heç
zaman bir araya gələ bilməyən iki mədəniyyət arasındakı beynəlmiləl və mənəvi
ziddiyət haqqında ideya gizlənir. Romeo və Cülyettanın duyğularında da ziddiyyət
hiss olunur. Tamaşa ərzində dəfələrlə bu sual yaranırdı - onlar həqiqətən
bir-birilərini sevirlərmi? Ən azından aktyor ifaları bu sualı ortaya atırdı.
Tamaşaçı səhnədə iki Romeo və iki Cülyetta görür. Romeo (Rəşad Mahmudzadə,
Nurlan Məmmədli), Cülyetta (Sevda Məmmədzadə, Taisia Bobrova) tamaşaçını
çaşdırır, seçim qarşısında qoyur. Tamaşaçı da səhnədəkilər kimi aktiv olmağa məcburdur.
Hadisələr ya səhnədə ya tamaşaçı zalında cərəyan edir. Bir çox səhnələr yeni məna çalarlarına boyanır,
musiqi isə çox zaman sözü əvəz edirdi. Tamaşa bütünlüklə eyni formada, vahid
orqanizmi təmsil etdiyindən hansısa bir aktyoru fərqləndirmək qeyri-mümkündür.
Şekspirin dahi məhbbət faciəsi başqa cür səsləndi,
tamaşaçı qarşısında başqa keyfiyyətdə təqdim olundu. Teatr praktikasında artıq
sübut olunmuşdur ki, duyğuların səmimiyyəti mühitdən və geyimdən asılı deyil və
tamaşanı müasir edən onlar deyil. Digər məsələ isə budur ki, gördüyümüz "Rome və
Cülyetta”da tamaşanın vizual obrazını təyin etmək cəhdi var. Tamaşada gənc tələbə-artistlərin
həyəcanı duyulurdu. Tamaşa özü isə kurs işi təsiri bağışlayırdı. Gənclər səhnədə
qışqıraraq hiss-həyəcanı təsvir etməyə çalışsalar da, səsin gücü ilə zalı ələ
almağın mümkün olmadığını hələ dərk etmirlər. Tamaşa açıq-aşkar iki ayrı
stilistik hissəyə ayrılır. Birinci hissədə ram edilməz gənclik təbiəti
hökmranlıq edir. İkinci hissədə isə biraz Şekspir əsəri var. Tamaşanı peşəkar tamaşa
kimi deyil, tələbə etüdlərinin toplusu kimi qiymətləndirmək olar. Bu prosesdir,
ancaq nəticə deyil.
Hər bir tənqid və tərifi ilə şəxsən mən bu gəncləri
sevdim. Firəngiz Əhmədbəyova (Nurse, Gregory), Elçin Bəşirov (Lord Capulet), Cəmil
İmran (Mercutio, Paris), Angelina Markova (Kraliça), Rahib Quliyev (Benvolio),
Hidayət Ömərov (Tibalt), Gül Əhmədli (Rosaline, Baltazar), Lalə Sadıqova (Friar
John) və Fidan Əliyeva (Friar Laurence).
Sizə uğurlar!
Aygün Süleymanova
teatrşünas