AZE | RUS | ENG |


ADA

ADA
Əsasən teatrla bağlı məqalələrə məhz teatral başlıq seçirik. Bu başlıq: ADA -hər mənada yerindədir. Niyə? Mən bəndəniz gənc həmkarlarımızın hazırladığı tamaşanı izləmək üçün yola düşdüm. Gəlib ünvana yetişəndə gördüm ki, ADAdayam. Bu, həm məkanla - Azərbaycan Diplomatik Akademiyasi deməkdir, həm də zamanla yeni ADA anlamını verir. Mən bu ADAda o qədər mədəniyyət, tərbiyə və təhsillə zamana meydan oxuyan gənclər gördüm ki, xoşbəxtlikdən ağlamaq istədim. Bu gənclər sanki dünya içərisində yeni dünyadır, yeni nəsil, yeni nümunədir. Sadəcə arzuladım, bütün gənclər bu formada təhsil almaq, bu səpkidə formalaşmaq imkanı əldə etsin!
ADAnın ifasında dahi Şekspir və məşhur "Romeo və Cülyetta”... Bu günkü dünyamızda elə bir mədəni xalq tapılmaz ki, Uilyam Şekspirin "Hamlet”indəki məşhur "olum ya ölüm” sualını ya olduğu kimi, ya da öz dilinə tərcümədə işlətməsin. Cahanşümul dramaturq Uilyam Şekspirin adının dünyanın hər yerində hörmətlə çəkilməsi təsadufi deyildir. Böyük ingilis dramaturqu dahiyanə əsərlərini yaradandan bəri bəşəriyyət işi çətinə düşəndə, yamanlıq yaxşılığı üstələyəndə, "olum, ya ölüm" vəziyyətində elə hey Şekspirdən cavab gözləyir, onu imdadına çağırır. Bəlkə də XX əsrdə bütün dünyada bu qədər diqqət mərkəzində olan ikinci yazıçı tapmaq çətindir. Şekspirin adı heç zaman unudulmur. Ölkəmizdə Şekspirlə tanışlıq teatr və tərcümə sənətimizin inkişafı ilə sıx bağlıdır. Şekspir əsərlərinin Azərbaycan oxucusunun, tamaşaçısının bədii-estetik zövqünün zənginləşməsində də xidməti böyükdür. 
Şekspirin bütün əsərləri zəmanə ilə son dərəcə bağlı olduğuna görə dünya ədəbiyyatında misli görünməmiş tarixi rol oynamışdır. Hər bir cəmiyyət, hər bir xalq, yaşından, məqamından asılı olmayaraq, hər bir fərd hər dəfə Şekspirin əsərləri ilə təmasa girərkən ondan nə isə yeni bir şey öyrənir. Buna görədir ki, tədqiqatçılar 400 ildən çox bir müddətdir ki, onun əsərlərini araşdırır və hər dəfə yeni bir fikir söyləməyə nail olurlar. Müasiri Ben Conson Şekspir haqqında demişdir: "O, bir əsr üçün deyil, bütün zamanlar üçündür". 
Uzun əsrlər ərzində dahi dramaturqların bəzi pyesləri yenicə addımlayan aktyorlar və rejissorlar üçün assosiativ koda, ştamp yığınına, mütləq proqrama çevrilmişdir. Kimin üçünsə dahi Şekspirin əsərləri çeynənmiş frazaların və konfliktərin üfunətli, kif basmış atmosferidir və ora yeni nələrsə əlavə etmək çətindir. Bu səbəblə bir çox yeni rejissorlar pyesin sabitləşmiş strukturunu dağıtmağa, ona yeni ideyalar hopdurmağa və hadisələri daha tanış anturajda (mühitdə) təsvir etməyə məcbur olurlar.
ADAnın təqdim etdiyi "Romeo və Cülyetta” tamaşasının rejissoru Elsa Furtado mükəmməl pyesə o illərin mühitindən gələn, gənclər üçün çətin anlaşılan dildə qalmağa icazə verməyib, özünün yeni fikirlərini əsərin əsas konstruksiyasına çevirib. Onun iki gəncin qəmli məhəbbət hekayəsinə özünəməxsus sadə yanaşması var. Və məsələ təkcə Monteki və Kapuletti ailəsinin Avropa və Asiyanı təmsil etmələrində deyil. Elsanın quruluşunun özündən əvvəlkilərdən fərqi özünəməxsus musiqi qarışığındadadır. Biz operadan tutmuş roka kimi musiqi üslublarının şiddətli tərzdə qarışdığını, aktyorların hərəkətləri, jestləri, hərəkətləri və sözlərinin vahid ritmə tabe olmadığının şahidi oluruq. Müxtəlif musiqi stillərinin coşğunluğunda tamaşanın dramatik əsasını müzakirə etmək çətindir.  Həm də, burada süjetə ehtiyac duyulmur, tamaşanın əhval-ruhiyyəsi, barabanların, kontrabasların, trubaların, sintezatorların takt və ritmlərindən doğur. Məhz bu səslər qəhrəmanlara qarşı rəğbət oyadır. Bütünlükdə Elsa Furtadonun quruluşu belə görünür ki, sanki bu tamaşa gənclərin özünifadəsi üçün sərbəst səhnə təklifidir, sadə mübarizə məkanıdır. 
Doğrudur, zarafatın və oyunbazlığın arxasında heç zaman bir araya gələ bilməyən iki mədəniyyət arasındakı beynəlmiləl və mənəvi ziddiyət haqqında ideya gizlənir. Romeo və Cülyettanın duyğularında da ziddiyyət hiss olunur. Tamaşa ərzində dəfələrlə bu sual yaranırdı - onlar həqiqətən bir-birilərini sevirlərmi? Ən azından aktyor ifaları bu sualı ortaya atırdı. Tamaşaçı səhnədə iki Romeo və iki Cülyetta görür. Romeo (Rəşad Mahmudzadə, Nurlan Məmmədli), Cülyetta (Sevda Məmmədzadə, Taisia Bobrova) tamaşaçını çaşdırır, seçim qarşısında qoyur. Tamaşaçı da səhnədəkilər kimi aktiv olmağa məcburdur. Hadisələr ya səhnədə ya tamaşaçı zalında cərəyan edir.  Bir çox səhnələr yeni məna çalarlarına boyanır, musiqi isə çox zaman sözü əvəz edirdi. Tamaşa bütünlüklə eyni formada, vahid orqanizmi təmsil etdiyindən hansısa bir aktyoru fərqləndirmək qeyri-mümkündür.
Şekspirin dahi məhbbət faciəsi başqa cür səsləndi, tamaşaçı qarşısında başqa keyfiyyətdə təqdim olundu. Teatr praktikasında artıq sübut olunmuşdur ki, duyğuların səmimiyyəti mühitdən və geyimdən asılı deyil və tamaşanı müasir edən onlar deyil. Digər məsələ isə budur ki, gördüyümüz "Rome və Cülyetta”da tamaşanın vizual obrazını təyin etmək cəhdi var. Tamaşada gənc tələbə-artistlərin həyəcanı duyulurdu. Tamaşa özü isə kurs işi təsiri bağışlayırdı. Gənclər səhnədə qışqıraraq hiss-həyəcanı təsvir etməyə çalışsalar da, səsin gücü ilə zalı ələ almağın mümkün olmadığını hələ dərk etmirlər. Tamaşa açıq-aşkar iki ayrı stilistik hissəyə ayrılır. Birinci hissədə ram edilməz gənclik təbiəti hökmranlıq edir. İkinci hissədə isə biraz Şekspir əsəri var. Tamaşanı peşəkar tamaşa kimi deyil, tələbə etüdlərinin toplusu kimi qiymətləndirmək olar. Bu prosesdir, ancaq nəticə deyil.
Hər bir tənqid və tərifi ilə şəxsən mən bu gəncləri sevdim. Firəngiz Əhmədbəyova (Nurse, Gregory), Elçin Bəşirov (Lord Capulet), Cəmil İmran (Mercutio, Paris), Angelina Markova (Kraliça), Rahib Quliyev (Benvolio), Hidayət Ömərov (Tibalt), Gül Əhmədli (Rosaline, Baltazar), Lalə Sadıqova (Friar John) və Fidan Əliyeva (Friar  Laurence).
Sizə uğurlar!
Aygün Süleymanova
teatrşünas

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6373
GBP 1 İngilis funt sterlinqi 2.2678
TRY 1 Türk lirəsi 0.4429
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1996
EUR 1 Avro 2.0012
CHF 1 İsveçrə frankı 1.7140
USD 1 ABŞ dolları 1.7000