• cümə axşamı, 28 mart, 12:42
  • Baku Bakı 16°C

Açıq hökumətin təşviqində bələdiyyələrin rolu

23.09.17 17:55 1662
Açıq hökumətin təşviqində bələdiyyələrin rolu
Azərbaycanda dövlət qurumları arasında açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi məqsədilə iki milli fəaliyyət planı hazırlanıb. Prezident İlham Əliyev tərəfindən ilk belə sənəd "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”dır. Dövlət başçısının digər sərəncamı ilə "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Bu sənədlərə əsasən, açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi qarşıya qoyulan məsələlərdir. Bir sıra dövlət qurumları sənədin icrasında cavabdeh tərəf kimi qeyd edilib. Eyni zamanda sənəddən irəli gələn bir sıra məsələlərin həllində özünüidarəetmə orqanı olan bəllədiyyələr qarşısında da vəzifələr tövsiyə edilib. Bunlar yerli vergilərin Mərkəzi Bankın Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) və elektron terminallar vasitəsilə həyata keçirilməsinin təmin edilməsi, bələdiyyə qulluğuna qəbul qaydalarının təkmilləşdirilməsi mərkəzləşdirilmiş vahid elektron resursun yaradılması üzrə tədbirlərin görülməsi, bələdiyyə qulluqçularının etik davranış qaydalarının hazırlanması, hüquqi marifləndirmənin aparılması və bu barədə ictimaiyyətin məlumatlandırılması və digər məsələlərdir.
Məsələyə münasibət bildirən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev bildirdi ki, yerli vergilərin və ödənişlərin Mərkəzi Bankının KÖMİS-ə və elektron terminallar vasitəsilə həyata keçirilməsinin təmin edilməsi üzrə bir sıra işlər həyata keçirilib: "Beləki,bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması işinin səmərəli təşkili məqsədilə 2016-cı ilin əvvəlindən başlayaraq, yerli vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması üçün Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanıb və ötən ilin oktyabr ayından başlayaraq bələdiyyələrdə uğurla tətbiq edilməyə başlanılıb. Bununla bağlı Milli Assosiasiyaların əməkdaşları respublikanın 8 şəhərində zona seminarları keçirib. Proqramın tətbiqi bələdiyyələrin vergi və maliyyə sahəsindəki fəaliyyətini xeyli dərəcədə təkmilləşdirib, yerli vergi ödəyicilərinin elektron məlumat bazası əsasında dəqiq uçotunun aparılmasına imkan yaradıb. İndiyə kimi ölkə üzrə 750 minə yaxın vergi ödəyicisi və vergitutma obyektləri barədə məlumatlar Avtomatlaşdırılmış Məlumat Sisteminin bazasına daxil edilib və bu proses davam etdirilir. Proqram, ümumilikdə bələdiyyələrin fəaliyyəti ilə bağlı lazım olan statistik məlumatları operativ əldə etmək, təhlillər və ümumiləşdirmələr aparmaq imkanı yaradır.
Eyni zamanda vergi ödəyicilər üçün ödəniş etmək imkanları artırılıb, mümkün olan bütün vasitələrlə ödənişlə bağlı prosedurlar sakinlər üçün asanlaşdırılıb. Milli Assosiasiyaların metodiki və texniki dəstəyi ilə ölkə bələdiyyələrinin bir qismi, əsasən də şəhər və qəsəbə bələdiyyələri bank və poçtlarla yanaşı, vergi ödəyicilərindən ödənişlərin elektron informasiya sistemləri və elektron terminallar vasitəsi ilə ödənilməsini təmin ediblər.
T.Tağıyev qeyd etdi ki, bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi məqsədilə də bir sıra tədbirlər həyata keçirilib: "Milli assosiasiyaların sədrləri və bir sıra bələdiyyə sədləri Milli Məclisin Regional məsələlər komitəsinin iclaslarında "Bələdiyyə qulluğu haqqında” Qanuna edilən dəyişikliklərin, "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” və "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Qanun lahiyələrinin müzakirələrində iştirak edib və təkliflərini veriblər.
Bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, "Bələdiyyə qulluğu haqqında” Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.Mövcud qanunvericilik aktlarına əsasən 2015-ci ilə qədər yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyənin qərarına əsasən, digər işçiləri isə bələdiyyə sədri birbaşa qulluğa təyin edirdi. Bələdiyyələrin fəaliyyətində qanunçuluğu, şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə Prezident İlham Əliyev tərəfindən "Bələdiyyə qulluğu haqqında” Qanuna dəyişiliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli qanununun tətbiqi haqqında fərman imzalanıb.
Yeni dəyişiliklərə görə bələdiyyə qulluğuna qəbul "Bələdiyyə qulluğu haqqında” Qanunun 5-ci maddəsinin II hissəsinə əsasən müsabiqə yolu ilə həyata keçirilir. "Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi” Qaydası Nazirlər Kabinetinin 2015-ci il 13 oktyabr tarixli, 324 nömrəli qərarı ilə müəyyənləşdirilir.
Yuxarıda qeyd olunan qanunların ölkə bələdiyyələrində tətbiqi ilə bağlı Milli Assosiasiyalar tərəfindən maarifləndirici tədbirlər həyata keçirilib. Belə ki, bələdiyyə qulluğuna qəbul qaydaları, müsabiqə komissiyalarının tərkibi, mövcud vakansiyalar, namizədlərin müsabiqədə iştirakı, qəbulun nəticələr və onun yekun protokollarının tərtibi və bələdiyyə qulluğuna qəbulla bağlı digər məlumatların bələdiyyələrin internet səhifəsində yerləşdirilməsi, mərkəzləşdirilmiş vahid elektron resursun yaradılması istiqamətində ölkə bələdiyyələrinə metodiki tövsiyələr verilib”.
Assosiasiya sədri vurğuladı ki, bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə məlumatlandırılması və peşəkarlığının artırılması28 aprel 2015-ci il tarixli "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanun qəbul edilib. Bu qanun bələdiyyə qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini, habelə həmin qayda və prinsiplərə əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Qeyd olunan qanunun yerli özünüidarə orqanlarının və bələdiyyə qulluğunun nüfuzunu artmasına, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə qulluqçularına etimadın yüksəlməsinə, onların fəaliyyətində səmərəliliyin artırılmasına, korrupsiyasının və bələdiyyə qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınmasına xidmət edir.
Bu mühüm əhəmiyyət kəsb edən qanunun bələdiyyələrdə tətbiqi ilə bağlı Milli Assosiasiyalar tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bələdiyyə qulluqçuları üçün, onların etik davranış qaydaları ilə bağlı məlumatlar, hüquqi biliklərin və peşə bacarıqlarının artırılması üzrə maarifləndirici və izahedici materiallar hazırlanmış və internet resurslarinda yerləşdirilib, habelə bu istiqamətdə müvafiq təlimlər keçirilib. Bələdiyyə sədrlərinə bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə inzibati ərazilərində yaşayan sakinlərin və ictimaiyyət nümayəndələrinin məlumatlandırılması tövsiyə edilib.
Bir məqamı da qeyd edim ki, bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlərin müəyyən edilməsi məqsədi ilə 31 may 2017-ci il tarixli "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Qanun qəbul edilib. Qanun qəbul edildikdən sonra onun bələdiyyələrdə tətbiqi ilə bağlı Milli Assosiasiyaların nümayəndələri tərəfindən bələdiyyələrə hüquqi yardımlar və müvafiq tövsiyələr verilib.
Qanunun məqsədləri yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, səmərəliliyin və şəffaflığın artırılması, yerli özünüidarə orqanlarında korrupsiyanın və qanundan irəli gələn digər məsələlərin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsidir”.
T.Tağıyev əlavə etdi ki, qanuna əsasən etik davranış qaydalarının pozulması bələdiyyə üzvünün intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır: "Qanunun müddəalarının bələdiyyə üzvü tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslərdən şikayətin daxil olması, mediada bələdiyyə üzvü tərəfindən bu qanunun müddəalarının pozulmasına və maraqların toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi intizam icraatının başlanılmasına səbəb ola bilər.
İntizam icraatı zamanı bələdiyyə üzvü tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə bu barədə cinayət təqibi orqanına məlumat verilməlidir.
Bələdiyyə iclasının qərarı əsasında etik davranış qaydalarının pozulmasına görə intizam məsuliyyəti tədbirlərindən biri kimi xəbərdarlıq, töhmət verilə bilər.
Hesab edirik ki, bələdiyyə üzvləri və qulluqçuları etik davranış qaydalarına cidd əməl etməklə, bələdiyyələrin daha səmərəli fəaliyyətinə, nəticə etibarı ilə bələdiyyələr qarşısında duran vəzifələri maksimum dərəcədə yerinə yetirilməklə vətəndaşların yerli özünüidarəetmə orqanlarına etimadının yüksəldilməsinə nail ola bilərlər”.
Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Bələdiyyərin fəaliyyətinin təbliği” İctimai Birliyi tərəfindən həyata keçirilən "Region bələdiyyələrinin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində hazırlanıb.
banner

Oxşar Xəbərlər