• cümə axşamı, 28 mart, 17:12
  • Baku Bakı 16°C

Açıq Hökumət Təşəbbüsündə medianın rolu müzakirə edildi

17.01.17 19:11 1577
Açıq Hökumət Təşəbbüsündə medianın rolu müzakirə edildi
Yanvarın 17-də Beynəlxalq Mətbuat Mərkəzində "Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda tətbiqinə media dəstəyi: mövcud durum və gözləntilər” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri "İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə"Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasına media dəstəyinin təşkili” layihəsi çərçivəsində təşkil etmişdi. Tədbiri giriş sözü ilə açan "İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyinin sədri Elxan Şükürlü bildirdi ki, layihə artıq yekunlaşmaq üzrədir. Daha sonra Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev çıxış etdi. O, açıq hökuməti lazımlı edən məqamlardan, bu prosesdə medianın iştirakının əhəmiyyətindən danışdı: "Azərbaycan açıq hökumət təşəbbüsünə 2011-ci ildə qoşulub. Bu qlobal təşəbbüs ilk dəfə 6 dövlətin iştirakı ilə başlayıb. Ötən ay bu təşəbbüslə bağlı Parisdə qlobal zirvə toplantısı oldu və mən də orada iştirak etdim. Artıq 70 ölkə bu təşəbbüsə qoşulub. Çoxlu sayda QHT-lər həmin ölkələrdə bu təşəbbüsün irəliləməsinə dəstək verir. Amma bu məsələlərdə medianın rolu mühümdür. Çünki bu layihənin mahiyyəti odur ki, hökumət vətəndaşın qarşısında açıq olmalı, hökumətin nə etdiyini vətəndaş bilməlidir. Amma doğru məlumatların ötürülməsi kanalları necə müəyyənləşdirilməlidir? Bunun üsulları nədən ibarətdir? İnformasiyanın əldə edilməsi, vətəndaşın məlumata əlçatanlığının artırılması təşəbbüsün ən vacib prinsiplərindən biridir”.
Ə.Nuriyev bildirdi ki, layihə çərçivəsində aparılan müzakirələr zamanı müxtəlif suallara cavab tapılacaq: "Bu layihələr necə həyata keçirilir? Dövlət büdcəsi necə xərclənir? Dövlət büdcəsi təyinatına uyğun xərclənirmi? Burada vətəndaş cəmiyyətinin faydası nədir? Dövlət orqanlarının fəaliyyətində şəffaflıq nə dərəcədədir? Milli Fəaliyyət Planının mahiyyətindən irəli gələn işlərin icrası, vətəndaşın, medianın iştirakı ətrafında söhbət edəcəyik. Hansı hədəflər var və nələr yeni hədəf olacaq? Bu istiqamətdə müzakirələrimiz olacaq”.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi Rauf Məcidbəyli bildirdi ki, bu tədbir adi müzkirə olaraq nəzərdən keçilməməlidir: "Tədbir QHT sektorunda cərəyan edən həm müsbət, həm mənfi tendensiyaların müəyyən bir vahid nöqteyi-nəzərdən müzakirəsi, qiymətləndirilməsi, eyni zamanda, vətəndaş cəmiyyəti sektorunun inkişafı ilə bağlı gələcək məqsəd və hədəfləri bölüşmək nöqteyi-nəzərdən əhəmiyyətə malikdir”.
E.Şükürlü "Strateq.az” saytında yaradılmış "Azərbaycanda Açıq Hökumət Təşəbbüsləri” bölməsini təqdim etdi. Layihə eksperti Zaur İbrahimli saytla bağlı məlumat verdi: "Azərbaycanda ilk olaraq sayt daxilində xüsusi olaraq belə bir bölmə yaradılıb. Açıq hökumətlə bağlı internetdə məlumat axtarışı versəniz, ən sonuncu məlumatları bu saytın bölməsində tapacaqsınız. Həmin bölmədə isə müxtəlif kateqoriyalar var. Bu, bölmə yox, saytın içərisində bir saytdır. Bu layihə ilə bağlı yazıları, ekspert fikirlərini elektron ünvanımıza göndərmək olar. Düşünürük ki, bu iş cəmiyyətimizə faydalı olacaq. Qeyd etdiyimiz bölmə layihə ilə məhdudlaşmır. Layihə bitdikdən sonra da saytımız bu istiqamətdə fəaliyyətini davam etdirəcək”.
Z.İbrahimli daha sonra "Açıq Hökumət Təşəbbüslərində medianın rolu” mövzusunda məruzə ilə çıxış etdi. Tədbir müzakirələrlə davam etdi.
Aygün
banner

Oxşar Xəbərlər