• şənbə, 27 Aprel, 08:28
  • Baku Bakı 12°C

Abxaziya separatçıları arasında gərginlik

10.01.20 17:39 1743
Abxaziya separatçıları arasında gərginlik
Müxalifət "seçki”nin nəticələrinin saxtalaşdırıldığını iddia edir

Tanınmamış Abxaziya Respublikasında "prezident” seçkilərinin nəticələri vəziyyəti gərginləşdirib. Bəlli olduğu kimi, "seçkilər”də tanınmamış respublikanın hazırkı prezidentiRaul Adjimbaqalib gəlib. Mərkəzi Seçki Komissiyasının rəsmi bəyanatına görə, o səslərin 47,3 faizini qazanıb. Onun rəqibiAlxas Kvinitsiyanın46,1 faiz topladığı xəbər verilib. Kvinitsiyanın seçki qərargahı seçkidən dərhal sonra Adjimbanın qələbəsini tanımadığını elan edib. Qərargah səslərin yenidən sayılmasını tələb edir. Nəticələrdən sonra prezident administrasiyasının qarşısına toplaşanlar Raul Adjimbanın istefasını tələb ediblər. Müxalifət mitinqinin iştirakçıları "prezident administrasiyası”nın binasını ələ keçiriblər. Bu barədə məlumatı "Exo Kavkaza” və "Sputnik” agentliyinin müxbirləri yayıblar. Administrasiyanın mühafizəsi etirazçılara demək olar, müqavimət göstərməyib. Az sonra etirazçıların bir hissəsi parlament binasının qarşısına keçib. Kvinitsiya deputatları mövcud vəziyyətə müdaxilə etməməyə çağırıb. Hakimiyyət orqanları etirazları dövlət çevrilişi cəhdi kimi qiymətləndirib. Adjimba bildirib ki, Suxumidədir, səlahiyyətlərini icra edir və gizlənmək niyyətində deyil. Grücüstanın tərkibində olan Abxaziya 1994-cü ildə separatçı münaqişə başa çatdıqdan sonra müstəqilliyini elan edib. 2008-2009-cu illərdə, Rusiya-Gürcüstan müharibəsindən sonra Abxaziyanın müstəqilliyi Moskva və bir neçə başqa ölkə tərəfindən tanınıb. BMT-yə üzv ölkələrin əksəriyyəti Abxaziyanı Gürcüstanın bir hissəsi kimi tanımaqda davam edir. Tbilisi separatçı bölgədə keçirilən seçkinin nəticəsini tanımır və Abxaziyanı Rusiya tərəfindən işğal edilmiş ərazi hesab edir.
"Tanınmamış Abxaziyanın lideri Raul Adjimba istefaya getməyəcək”. Bunu Adjimbanın administrasiyasının rəhbərinin müavini Dmitri Şamba deyib. O, situasiyadan çıxış yolunun danışıqlarda olduğunu bildirib. Adjimba Rusiya nəşrlərinə verdiyi müsahibədə qondarma qurum ərazisində fövqəladə vəziyyətin elan edilə biləcəyini də istisna etməyib. O, vətəndaşları sakitliyi qoruyub saxlamağı və təxribatlara uymamağa çağırıb. "İnterfaks”ın müxbiri ilə söhbətində bildirib ki, heç yerə qaçmaq niyyətində deyil və öz səlahiyyətlərini icra etməkdə davam edəcək. Qondarma qurumda yaranmış gərginliklə bağlı Suxumidə Abxaziya Təhlükəsizlik Xidmətinin fövqəladə iclası keçirilib. Qurumun rəhbəri Məhəmməd Kilba bildirib ki, mətbuat üçün xüsusi bəyanatla çıxış edəcəklər. Öz növbəsində tanınmamış qurumun parlamenti növbədənkənar iclas keçirərək Adjimbaya müraciət etmək istədiklərini bildiriblər. Bəzi məlumatlara görə, onu, yaranmış gərgin vəziyyətdən çıxmaq üçün istefaya getməyə çağıracaqlar.
Ən maraqlısı odur ki, son ayların ən irimiqyaslı antihökumət aksiyası müxtəlif siyasi qüvvələri birləşdirib. Budəfəki aksiyanın əsas təşkilatçısı Axra Avidzba olub. O, ötən il Suxumidə kriminal avtoritetlər tərəfindən öldürülən şəxsin yaxın qohumudur. Mitinq iştirakçılarının versiyasına görə, qətldə Adjimbanın mühafizəsinin əməkdaşı da iştirak edib. Axra Avidzba tərəfdarlarına müraciətində, Abxaziya parlamentini yeni prezident seçkiləri keçirilməsi tarixini elan etməyə çağırıb. "Prezident administrasiyası”na edilən hücumda müxalifət namizədi Aslan Bjaniyanın tərəfdarlarına da rast gəlmək mümkün olub. Bu şəxs "prezident” seçkilərindən hələ birinci turda, daha dəqiq desək, avqustun 25-də çıxıb. Bjaniya bildirib ki, onun yanına naməlum şəxslər gələrək qorxudublar, nəticə də, o da müalicə almaq üçün Moskvaya getməyə məcbur olub. Müxalifətin lideri Aslan Bjaniya deyib ki, Abxaziya müxalifəti "prezident” Raul Adjimba ilə danışıqlara hazırdır. O, hələlik bu barədə Adjimbadan təklif almadıqlarını söyləyib. Bjaniya yaranan böhrandan yeganə çıxış yolunun təkrar seçkilər keçirmək olduğunu bildirib.
Adjimbanın isə etiraz aksiyasında iştirak edənlərə danışıqlar keçirməyi təklif etdiyi, amma hələlik heç bir cavab almadığı vurğulanıb. O da bəlli olub ki, tanınmamış qurumun administrasiyasına hücumda eks-prezident Aleksandr Ankvabanın da tərəfdarları iştirak edib.
Müxalifət iddia edir ki, hazırkı rəhbərlik Ali Məhkəmənin hakimlərinə təzyiq etməyə çalışır. Məhkəmənin son iclasında müxalifət namizədi Kvitsiniyanın şikayətinə baxan üç hakimdən biri Roman Kvarçiya prosesdən kənarlaşdırılıb. Ali Məhkəmənin rəhbərliyi onu bu məsələdə maraqlı tərəf adlandırıb. Bu səbəbdən də sabiq namizədin şikayətinə artıq yeni hakimlər heyəti baxacaq.
Yeri gəlmişkən, Rusiya onun nəzarətində olan qondarma respublikada vəziyyəti nəzarətdə saxlayır. "Çox təəssüf edirik ki, Abxaziyada seçkilərdən keçən müddətdə vəziyyət sabitləşməyib. Müxalifət seçkilərin nəticələrini tanımır. Baş verən hadisələr Ali Məhkəməyə təzyiq vasitəsidir”, - deyə Suxumidə yaranmış gərginliyi "Kommersant”a şərh edən MDB İnstitutunun direktoru, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin bildirib. Moskva aktiv şəkildə Raul Adjimbanı müdafiə edir. Tbilisidə isə hesab edirlər ki, əgər Suxumidə hakimiyyətə müxalif namizəd gəlsə belə, abxazların Gürcüstana münasibəti dəyişməyəcək. Abxaziya isə istənilən halda Rusiya Federasiyasının nəzarəti altında qalacaq. Buna baxmayaraq, Tbilisidə keçmiş muxtar respublikada baş verən proseslər ciddi şəkildə izlənilir. Mühacirətdə olan Abxaziya Muxtar Respublika parlamentinin sədri Georgi Qvazava bildirib ki, abxaz cəmiyyətinin böyük bir qismi Adjimba ilə barışmır. Baxmayaraq ki, onu Moskva və nüfuzlu klanlar dəstəkləyir. Qvazava əmindir ki, əgər Abxaziyanın indiki rəhbərini devirmək mümkün olsa, onda lider Bjaniya olacaq: "Əlbəttə, bu şəxs Tbilisiyə qaçmayacaq, daha çox Kremldən asılı vəziyyətdə qalacaq”.
O ki qaldı rəsmi Tbilisinin mövqeyinə, Gürcüstan parlamentinin müdafiə komitəsinin sədri İrakli Sesiaşvili bəyan edib ki, zərurət olacağı təqdirdə beynəlxalq ictimaiyyəti Abxaziyada baş verən proseslərə cəlb etmək üçün bütün rıçaqları işə sala bilərlər. Əlavə edib ki, hakimiyyət işğal altında olan ərazidə vəziyyəti diqqətdə saxlayacaq.
Azər
banner

Oxşar Xəbərlər