• cümə, 19 Aprel, 11:20
  • Baku Bakı 13°C

Absurdizm

06.07.17 13:30 1619
Absurdizm
Yox, hansısa ədəbi və ya fəlsəfi cərəyandan danışmayacağam. Nə Alber Kamyudan, nə Semuel Bekkerdən söz açacağam. Elə bu cür, absurd olaraq düşünməyə çalışacağam. Realizm reallığı, romantizm romantikanı məhdudlaşdırdığı kimi, din Allahı, humanizm insanlığı öldürdüyü kimi, mən də absurdizmdən danışıb, hədəfi kiçiltmək fikrində deyiləm.
Qərbin arayışı da belədir, Şərqin eşqi də...
Ümumiyyətlə, bütün hədəflər görünən, təyin edilən zaman nəinki kiçilir, hətta öz mahiyyətini itirir və nəticədə yox olur. Bilmirəm, bizim planetin xüsusiyyəti belədir, yoxsa elə kainat bu cürdür, ancaq müəyyənlik, yəni razılaşma və anlaşılma əslində və sonuc etibarilə həmin ifadələrin antonimini göstərir. Qərbin arayışı da belədir, Şərqin eşqi də... Bilmirəm, nəyə görə, ancaq hər şeyin məğzində nihilizm dayanır. Dolan hər şey, birdən-birə boşalır. Bütün məntiqi nəticələr absurd olur...
Çünki varlıq heç kimi heç zaman heç yerdə qane etmir. Varlığın bütün növləri əsarətdir. Azadlıq isə yoxluqda imiş. Varlıq yoxluğu gətirdiyi kimi, yoxluq da varlığı gətirir. Vardan yox yaranır, yoxdan var. Nikollo Paqaniniyə çox qulaq asıram axır vaxtlar. Yəqin ölüm yaxındır deyə düşünürəm. Paqanini mümkünə üsyan edən növbəti hadisə idi. Onun barmaqları insan anatomiyasındakı metamarfoz bir anomaliya idi. O, sadəcə, müdhiş bir istedad deyildi. Belə düşünmək insafsızlıq və ədalətsizlik olardı. Bəli, düşüncə heç bir zaman istedad demək deyil. Onu Tanrı verməyib. Tanrının verdikləri heç nəyə bənzəməyən xammaldır ki, onun nə olacağı, yaxud nəsə olub-olmayacağı hələ bəlli deyil. İstedad Tanrının insana verdiyidir. Düşüncə isə insanın Tanrıya verdiyidir. Amma mövzumuz bu deyil. Paqanini dövlətləşmiş musiqi imperiyasına qarşı üsyan qaldırdı. Onu dağıtdı, onu xaosa sürüklədi. Maraqlı isə odur ki, bu imperiyaların hamısı elə üsyandan yaranıb. Bu gün üsyan nəticəsində gedənlər dünən üsyan nəticəsində gələnlərdən başqası deyil. Və bu günün üsyançıları sabahın imperatorlarıdır. Dahilik yalnız inkardan doğulur. Budur absurd olan! Yupiteri, Apollonu qoruyanlar tərəfindən "iblis" adlandırılan monoteistlər o qoruyucuların taxtına oturduqdan sonra özlərinə qarşı gələn yeni cərəyanları "iblis" adlandırdılar. Bəli, kilsə gənc Nikollonu ruhunu iblisə satıb, ondan sehrli skripka almaqda ittiham etdi. Bu məsxərəyə nəinki aydınlar, zamanının böyük musiqiçiləri, hətta cahil və nadan kütlə belə inanmadı. Lakin o kütlədən qabaq, həmin intellektlər inanmadıqları o xurafəni təsdiq etməyə başladılar. Bu da növbəti absurd idi. İnsan inanmadığı şeyi necə təsdiq edə bilər? Edər, edər, əgər ortada Paqaninin barmaqları varsa, nəinki şübhə etdiyini, hətta etdiyini belə təsdiq edər! Çünki ortada Nikollonun əlləri ilə silinmiş bir varlıq vardı. Mən onu dinləyəndə anlamağa başladım ki, bu üsyanlar insanın özünə qarşı qaldırdığı üsyandır. İnsan başqasına qarşı bu qədər qəzəbli ola bilməz. Çünki başqası onu bu qədər incidə bilməz. Başqaları onun canını sıxdığı zaman o bir guşəyə çəkilər, tənhalığından zövq alar. Lakin əgər bu tənhalıq da elə cəmiyyət deyəni deyirsə, bax, həqiqi üsyan o zaman başlayır. Buna görə də insanın ən böyük qəzəbi son dayanacağı, son ümidi olan özünə qarşıdır. Dahiliyin təməli məhz özünü aşmaqdır. Hərdən, bir guşəyə çəkilib musiqi ilə və ya şeirlə məşğul olduğum zaman, özüm özümdən iyrənirəm. Düşünürəm ki, çöldə başqalarını təkrar etməyə bəzən məcbur qalsam da, içəridə niyə bunu edirəm? Dəhşət bürüyür içimi, bağışlaya bilmirəm düşdüyüm gülməli vəziyyəti özümə. Bəli, bu da növbəti absurd....
Ya elə bir qapı yox idi, ya da...
Əslində hər şeyin absurd olduğunu düşünmək özü də absurddur. Çünki belə düşünmək də bir nəticədir. Hər nəticə isə özü özlüyündə yenə də absurddur. Yuxarıda qeyd etmişdik ki, realizm reallığı məhv edən əsas amildir. Eləcə də romantizm, modernizm və sairə "izm"lər. Doğulub yaşayan şeyləri cərəyanlaşdırıb, çərçivələrə sığdırmaq cəhdi onların öz zamanında baş verən olaylar deyildi. Məsələn, Mövlana Ruminın sağlığında – yəni təkcə fiziki yox, eyni zamanda ruhunun və mənəviyyatının tək şərtləndirici amili olan Şəms Təbrizini yaşatdığı vücudunun sağlığında – mövləvilik adında təriqət-filan yox idi. Elə ki, Mövlana öldü, yəni təkcə fiziki bədəni yox, elə həmin qüdsal yaşantısı bitdi, çox sürətlə onun adına yeni cərəyanlar, yeni yollar açılmağa başladı. O, özü istəsəydi, həmin qapıları xalqın üzünə aça bilməzdi? Açardı! ancaq ya elə bir qapı yox idi, ya da o qapı xalqın üzünə bağlı idi. Lakin az sonra yeni düşüncələri cərəyanlaşdıranlar, onlara ad verənlər nəyin mücadiləsini aparırdı, mən hələ də anlamıram. Anladığım isə odur ki, bu adqoyma mərasimləri o düşüncələri düşüncə olmaqdan çıxardı. Hər ad günü bir ölüm gününə döndü. Adqoymalar fərdi düşüncəni toplumsal düşüncəyə çevirdi. Toplumsal düşüncə mütləq və mütləq bədxassəlli kütlə halını alaraq, icma, nəzəriyyə, sonra bu icmaları idarə edən həmin nəzəriyyələrin hakimiyyətinə meylləndi. Bunu Sokratın ölümü ilə həyat bulan fəlsəfi məktəblər də yaşadı. Aristotelin poetikası da, metafizikası da əslində Sokratla bərabər ölmüşdü. Lakin həqiqət də, Allah da topluma ölü halda lazımdır, diri halda yox. Çünki, dirilərin varlığı azadlığın mövcudluğudur. Azadlığın hər növü isə hakimiyyətin yoxluğudur. Bu yoxluğu var etmənin yeganə yolu, var olanı yox etməkdir.
Hakimiyyət isə toplumsal hərəkətin nəticəsi olmasına baxmayaraq, öz varlığını fərdi olaraq sürdürür. Bəlkə də toplumsal düşüncənin yerinə fərdi düşüncə yaşasaydı, fərdi hakimiyyətin yerinə toplumsal hakimiyyət meydana çıxardı. Yəni hakimiyyətsizlik. Çünki hakimiyyət hökm üzərində qurulub. Hökm isə tabeçiliyin təhlükə altına düşdüyü zaman dövrəyə girir. Deməli, fərdi düşüncə fərdi hakimiyyəti qorumaq və ya ona mane olmamaq üçün mütləq şəkildə toplumsal düşüncənin içində əriməlidir. Toplumu isə düşüncə yox, güc idarə edir. Fərdi isə güclə yox, yalnız düşüncə ilə idarə etmək mümkündür. Onda deməli, ya düşüncə gücə, ya da fərd topluma çevrilməlidir. Ya da hər ikisi bir yerdə gerçəkləşməlidir. Zatən bu iki məfhum biri birini itələmir, əksinə, tamamlayır. İslamiyyətin bisət və dəvət zamanlarında bu yeni düşüncəni insan canlarını almaqla boğmağa çalışanlar az sonra həmin düşüncənin amansız təbliğatçılarına çevrildilər. Niyə, necə baş verdi bu anormallıq? Çox sadə. Fərdi ilhamın, xəlvətdə çırpınan qəlbin, tərki-dünya olan bir ağlın məhsulu qısa müddət ərzində toplumun malına çevrildi. Elə buna görə də hakimi olduqları şəhərin hakimliyini əldən verməmək üçün yeni dini qəbul edənlər, o yeniliyin gerçək daşıyıcılarını dünya üzündən sildilər. Elə sildilər ki, bu gün bəşəriyyətə o vəhdən, o çırpıntıdan, o eşqdən bir zərrə belə gəlib çatmayıb.
Nə oldu o möhtəşəm gözəlliklərə?!
Toplum məhz düşüncənin düşmənidir. "Fərdi düşüncə" ifadəsini işlətməyək, çünki qeyri-fərdi düşüncə yoxdur. Başqa sözlə desək, toplumsal düşüncə deyə bir şey mövcud deyil. Elə özümüzdən sadə bir misal gətirək. Bizdə məşhur bir ifadə var: xalq mahnısı. Subyektiv də səslənsə deyəcəyəm; tamamilə absurd bir anlayışdır. Əski Sovetlər dönəminin uydurduğu sənət terminlərindın biridir. Dünya çapında belə nəğmələrə "anonim" deyilir. Heç tarixə-filana baş vurmağa da gərək yoxdur. Yaxın zamanlara qədər, keçən əsrin 60-70-ci illərində çox sayda gözəl nəğmələr vardı ki, onların müəllifləri peşəkar bəstəkar olmadıqları üçün həmin mahnılara "xalq mahnısı" və ya "təsnif" deyirdilər. Burdan-bura, lap burnumuzun ucunda ideoloji basqının əlaməti olaraq, "xalq mahnıları" yaranırdı. Daha keçmişə səyahət edib, polemika-filan açmağa nə lüzum var?
Toplumun idarəçıliyi mütləq və şəksiz ideyalara və "izm"lərə möhtacdır. Gözəlliyin parametrləri isə ideyanı və xüsusilə də "izmizm"i qəbul etmir. Müasir dünyada çoxdandır ki, qabaqcıl, proqressiv ölkələr ideyalarla idarə olunmur. Lakin biz dövlətlərin hakimiyyətindən yox, hökm sahibi olan düşüncələrin hakimiyyətindən danışırıq. Üsyan isə ona görə labüddür ki, hökm sahibi olan düşüncələrin müəllifi zaman özüdür. Zaman isə saniyələrin ölümündən təşəkkül tapan paradoksal bir nəsnədir. Öz yaratdığını özü öldürən yeganə müəmmalı qüdrətdir zaman.
Bəs nə etməli? Saat əqrəblərinin üzərinə minərək, davamlı unutqanlıq və yeniliyin qovşağında çırpınmalımı? Nə oldu o möhtəşəm gözəlliklərə?! Barokkonun kobud daşlarını incəldən qotikanın özü də indi açıq hava muzeyinə çevrilməyibmi? Öləcəyimizi bilə-bilə nə üçün doğuluruq? Mən dahilərin ölümündən danışıram! Uşaqlığımdan bəri Bethoveni köksümə elə sıxmışdım ki, əlimdən versəm, heç nəyim qalmayacaq deyə düşünürdüm. Millət evinin divarında atasının, anasının şəklini asar, mən evimin divarından Bethovenin öldüyü zaman üzünün gipslə qəliblənmiş şəklinin fotosurətini asmışdım. Ancaq beynimdə və qəlbimdə onu daşlaşdıra bilmədim. Stravinski qoymadı. O boyda klassizmi, romantizmi vurub dağıdan, bütün kanonik tabularıalt-üst edən Lüdviq Van Bethoven Stravinskinin əliylə zamana məğlub oldu. Çünki onun başlatdığı üsyan qalib gəlmişdi. Qaliblər isə müzakirə olunmur. Onların yeri hakimiyyət kürsüsüdür. Ancaq bütün hakimiyyətlər bir gün yıxlır, çünki onları zaman özü müzakirə, hətta mühakimə edir. İnsanın öz duyğularına heyfi gəlir. Ona görə yox ki, Bethoven öldü. Yox, o ölmür. Onun mütləq hakimiyyəti yıxılır.
Bu tamamlanmalar nə zaman bitəcək?
Varlıq yoxluğun qurduğu tələnin gülünc qurbanına çevrilmək istəmirsə, özü yox olmalıdır. Çünki bütün varlıqlar zamanın yeminə dönəcək bir gün. Absurd olan da elə budur.
Hər şeyi gözümüzün giləsindən yüz dəfələrlə kiçik olan ağlımızla toparlayıb, sonda nəhəng bir kainatın içinə sığdırıb, ağzını da torba kimi büzəndən sonra bu kainatın sonsuz olduğu haqqında fikrə gələrək, son nöqtəni qoyuruq. Budumu, bütün ümumiləşmələrin, bəsit, dialektik və qeyri-səlis məntiqin gəldiyi nəticə? Heç dünyada sonsuzluqdan daha absurd, daha gülməli bir şey varmı? Həqiqətən əcaibdir. Mümkün olan, olmayan, labüd olan, olmayan hər şey kainatın içindədir və bu kainatın nə olduğu bilinmir. Bu boyda bir absurdun içində hansı növ məntiqdən söz gedə bilər? Bu teatrın səhnəsində hansı dramaturgiyadan danışmaq olar?
Əvəzlənmək olsun, tamamlanmaq olsun və ya elə bir şey olsun ki, inkara deyil, təsdiqə yaxınlaşsın. Sülh naminə belə qəbul edək ki, nəzəriyyələr, fəlsəfələr, ədəbi və bədii cərəyanlar bir-birini qüvvədən salmadı, inkar etmədi, əksinə əvəzlədi və hətta tamamladı. Əvəzləmək tərəfsiz və simasız (müsbət mənada) bir şeydir. Bəs tamamlamaq? Axı niyə soruşan yoxdur ki, bu tamamlanmalar nə zaman bitəcək? Adı üstündədir – tamamlanmaq. Bəs niyə tamam olmur bu tamamlanmalar? Niyə heç nə tamamlanmır? Alimlər hər hansı xəyali gələcəkdə bütün elmi kəşflərin yarımçıq olduğunu təsdiqləyən yeni kəşflər olacağını dildə etiraf edirlər. Lakin o xəyallar gerçəkləşdiyi zaman özləri də heyrət edirlər ki, ümumdünya əhəmiyyətli açılmalar necə oldu ki, birdən-birə qapandı? Yenə deyirəm, elm bir zərurətdir. Bəs incəsənət? Olmazdımı ki, cərəyanlar bir-birini əvəz etmədən, bəşər elə Sebastian Baxı dinləyə-dinləyə fərdi ömrünü bu cür dərin, düşüncəli və mənalı şəkildə başa vursun? Bu, geriçilik kimi görünə bilər. Lakin, unutduğumuz bir şey var. Axı həmin o Bax yarımçıq qaldı. Məgər Amadey Motsart beş-on faiz anlaşıla bildimi ki, indi klassika olaraq anılır? İmadəddin Nəsimidən sonra xalqın məişət duyğularının tərcümanı olan dayaz poeziyaya həmin bu xalqın çoxmu ehtiyacı vardı? Bu da bir absurd...
Zamanın içində və zamanın eşiyində baş verən unutqanlıqlara, biganəliklərə, korluqlara, karlıqlara meydan verən, nəticə etibarilə müəllif qələmindən imtina edən, rejissor müdaxiləsini geri çevirən bu müdhiş, bu məşum kainat səhnəsi başdan-ayağa absurddur ki, qoca Şərqdə bunun adına "fani" deyiblər. Böyük Füzuli elə bu cür də deyirdi:
Göstərən saətdə dövrani-fələk bir inqilab,
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri...
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər