Abşeronda ekologiyaya vurulan ziyan - Fotolar
Rəsmilər deyirlər ki, Böyükşor hövzəsində
mərkəzləşdirilmiş tullantı su infrastrukturunun yaradılması nəzərdə tutulub
Abşeron
rayonunun Mehdiabad, Balaxanı yaşayış məntəqələrindəki fərdi evlərin, o
cümlədən Abşeron şəhərciyi və 5 nömrəli tam orta məktəbin yerləşdiyi ərazidəki
həyətlərin, Binəqədi rayonunun Binəqədi qəsəbəsinin bir hissəsindəki və
buruqlara yaxın ərazisindəki evlərin kanalizasiya xətti yoxdur. Məhz bu
səbəbdən tullantı suları açıq kanallar vasitəsilə "Binəqədi OİL”-ə məxsus
olduğu qeyd edilən ərazilərdən - buruqların yerləşdiyi sahələrdən keçməklə
Böyükşor gölü istiqamətinə axıdılır. Eləcə də, adıçəkilən ərazilərdəki
qeyri-əhali abonentlərdən, sənaye müəssisələrindən axıdılan çirkab sular,
sənaye suları da müəyyən ərazilərdə bu açıq kanallara, oradan isə Böyükşor
gölünə axıdılır. Nəticədə açıq kanalın keçdiyi əraziləri üfunət bürüyür, ətraf
çirklənir, xəstəlik mənbəyi yaranır, ümumən ekologiyaya ciddi ziyan dəyir.
Mövcud şərait Abşeron və Binəqədi rayon sakinlərini illərdir narahat edir. Bu
narahatlığı əsas götürərək qeyd edilən ünvanlarda olduq, kanalizasiya sularının
açıq kanala töküldüyü yerləri müşahidə etdik, şəkillərini çəkdik. Qərara aldıq
ki, mövzunu ictimailəşdirməklə aidiyyəti qurumların diqqətinə çatdıraq,
vətəndaşların haqlı narazılığına səbəb olan problemin birdəfəlik həlli üçün
hansı işlərin görüləcəyini araşdıraq.
Problemin kökündə sözügedən ərazidə kanalizasiya
şəbəkəsinin qurulmaması, fərdi evlərin kanalizasiya xəttinin olmaması durduğundan,
ilk müraciət etdiyimiz ünvan "Azərsu”
Açıq Səhmdar Cəmiyyəti oldu. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıqəzetimizə açıqlamasında bildirdi ki, Böyükşor gölü sovetlər birliyi dövründən
çirklənməyə məruz qalan su hövzəsidir. Onun sözlərinə görə, həmin gölə uzun
illərdir kanalizasiya, neft-mədən suları axıdılıb və indi də bu proses davam
etməkdədir. "Azərsu” rəsmisi də etiraf etdi ki, Binəqədi rayonunun Binəqədi,
Biləcəri, Abşeron rayonunun Mehdiabad qəsəbələrinin mərkəzləşdirilmiş kanalizasiya
şəbəkəsi olmayan hissələrinin tullantı suları SSRİ dövründə neft sənayesi üçün
nəzərdə tutulmuş açıq kanallara, buradan isə Böyük Şor gölünə axıdılır.
A.Cəbrayıllı yaxın illərdə bu problemin həllini
tapacağını söylədi: "Böyükşor gölünün Olimpiya Stadionuna yaxın hissəsində və
ətraf ərazilərdə bir neçə il bundan öncə təmizləmə işləri aparılıb. Orada
müvafiq infrastruktur yaradıldı və tullantı suların əraziyə axıdılmasının
qarşısı alındı. "Azərsu” ACS tərəfindən Böyükşor gölündə hazırda iki ədəd nasosxana
istismar edilir. Bu nasosxanalar vasitəsilə gölün su səviyyəsinin tənzimlənməsi
işləri həyata keçirilir. Bununla yanaşı, "Azərsu” ACS tərəfindən Abşeron
yarımadasının baş planı hazırlanıb. Həmin baş plana əsasən yarımadada tullantı
su infrastrukturunun idarə olunması ilə bağlı böyük planlar var. O planların
bir qismi indiyə qədər həyata keçirilib. Planın böyük bir qismi qarşıdakı
illərdə icra olunacaq. Bu plana əsasən Böyükşor hövzəsində də
mərkəzləşdirilmiş tullantı su infrastrukturunun yaradılması nəzərdə tutulub.
Adlarını bir qədər əvvəl qeyd etdiyim yaşayış məntəqələrində kanalizasiya
şəbəkəsinin qurulması, tullantı sularının şəbəkələr vasitəsilə idarə olunması
da burada yer alacaq. Biləcəri, Binəqədi istiqamətindən
Xocahəsən-Sulutəpə-Binəqədi kanalizasiya kollektorunun tikintisi və həmin
ərazidə artıq bu gün gölə axıdılan tullantı sularının toplanaraq gələcəkdə
tikintisi nəzərdə tutulan Lökbatan təmizləyici qurğularına yönəldilməsi
planlaşdırılır. Bu layihələr, planlar dövlət investisiyası hesabına
mərhələlərlə reallaşdırılır, icra olunur”.
Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə
Heyətinin sədri Mirsalam Qənbərov bildirdi ki, mövcud problem təsərrüfat-məişət
tullantı sularının idarə olunmasında mərkəzləşdirilmiş kanalizasiya
şəbəkəsinin, lazımi infrastrukturun olmamasından qaynaqlanır. Onun sözlərinə
görə, adları çəkilən yaşayış məntəqələrinin tullantı suları açıq və qapalı
kanallara, oradan da gölməçələrə axıdılır, bataqlıqlar yaranır, çökəkliklər çirkab
sularla dolub-daşır: "Son nəticədə hamımız bunun fəsadlarını yaşayırıq. Ümumən
ekologiyaya ziyan dəyir, ən sonda isə bu, relyef baxımından Xəzər dənizinə də
təsirsiz ötüşmür. Bəzən göllərin aşıb-daşmasının qarşısını almaq üçün nasoslar
vasitəsilə su dənizə vurulur, göldəki suyun səviyyəsi süni şəkildə qorunur.
Digər tərəfdən ətraf mühit çirkləndirilir. Yəni göl çirkləndirilir, yayda
buxarlanma baş verərkən hava çirklənir, qışda bir sıra
zəruri addımlar atılır və sair. Abşeron, Binəqədi və Sabunçu rayonlarının bəzi
ərazilərindən çıxan sular mədən ərazisindəki açıq kanallara axıdılır. Bəzi
ərazilərə o qədər su axıdılır ki, torpaq qatı sudan doyur. Nəticədə bataqlıqlar
yaranır. Qeyd olunan ərazilərə istənilən adam baş çəkib bu bataqlıqları aydın
şəkildə görə bilər. Son nəticədə bütün bu tullantı suları Böyük Şor gölündə
cəmlənir”.
M.Qənbərov söylədi ki, Böyükşor gölünün tamamilə
reabilitasiyası nazirliyin gündəmində olan əsas məsələlərdən biridir: "Üçhissəli
plan əsasında həyata keçirilən reabilitasiya tədbirləri nəticəsində gölün
Olimpiya Stadionuna bitişik və yaxın ərazidəki hissəsi birinci mərhələdə
tamamilə təmizlənib. Təmizlənmiş ərazi gölün digər hissəsindən ayrılıb. Burada
torpaq qatı da, göl də təmizlənib, axıdılan çirkab suların istiqaməti
dəyişdirilib, əvvəllər bataqlıq olan ərazidə mövcud infrastruktur yaradılıb.
Böyükşor gölünün digər iki hissəsində də reabilitasiya tədbirlərinin həyata
keçirilməsi nəzərdə tutulub. Buraya daha dərin orta hissə və ona birləşən
üçüncü hissə daxildir. Bununla bağlı layihədə göstərilib ki, gölə Mehdiabad
istiqamətindən daxil olan tullantı suların qarşısı zamanla alınacaq və su
hövzəsinin bu hissəsi təbii olaraq öz-özünə quruyub çəkiləcək. Bunun ardınca
orta hissədə təmizləmə işlərinə start veriləcək, birinci hissəyə uyğun
səviyyəyə çatdırılacaq. Bunun üçün isə planda göstərildiyi kimi, mütləq şəkildə
gölə daxil olan kanalizasiya, tullantı suların qarşısı alınmalıdır. Bundan
sonra hissə-hissə digər təmizləmə işləri həyata keçiriləcək”.
Açıqlamalardan göründüyü kimi hər iki qurum mövcud
problemin həlli ilə bağlı yalnız gələcək zamanda danışır. Ümid edək ki,
deyilənlər, sadəcə, söz olaraq qalmayacaq, planlar, layihələr vaxtında icra
edilməklə vətəndaşların narahatlığına birdəfəlik son qoyulacaq, ekoloji
vəziyyətin çirklənməsinin qarşısı alınacaq.
Rufik
İSMAYILOV