• cümə axşamı, 28 mart, 16:46
  • Baku Bakı 16°C

ABŞ səfirliyinin müşaviri ADU-da olub

25.05.17 15:30 1015
ABŞ səfirliyinin müşaviri ADU-da olub
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Emi Petersonla görüşüb.
Qonağı salamlayan professor onu universitetdə görməkdən məmnun olduğunu bildirib. O, ADU və ABŞ səfirliyi arasında uzunmüddətli əlaqələrdən danışaraq birgə əməkdaşlıq nəticəsində bir sıra müxtəlif tədbirlərin keçirildiyini bildirib. Professor Ə.Abdullayev bu yaxınlarda Bakı Amerika Mərkəzinin yaranmasının 10 illiyi münasibətilə keçiriləcək tədbirdən söz açaraq bu proqramın maraqlı olacağına əminliyini ifadə edib. O: "On ildə görülən işlər çox onilliklərə bərabərdir”–deyərək Bakı Amerika Mərkəzi ilə uğurlu əməkdaşlığın davam edəcəyinə ümid etdiyini bildirib.
Səmimi qəbula görə təşəkkür edən E.Peterson ADU ilə səfirlik arasındakı uzunmüddətli əməkdaşlıqdan məmnunluq hissi duyduğunu bildirib. O, Bakı Amerika Mərkəzinin təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində də fəaliyyət göstərdiyini qeyd edib. E.Peterson səfirlik və universitet arasında birgə əməkdaşlıq çərçivəsində hər il Amerikanın nüfuzlu universitetlərindən bir qrup tələbənin Azərbaycan və türk dillərini öyrənmək üçün ADU-ya gəldiklərini qeyd edib. O, bu proqrama ev sahibliyi etdiyi üçün ADU rəhbərliyinə təşəkkür edib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər