Ekspertlərin fikrincə, aprelin 9-da razılaşma əldə
olunmasa, neftin qiyməti 10 dollaradək ucuzlaşa bilər
Neftin
qiymətlərini dibə yuvarlanmaqdan xilas etmək üçün edilən cəhdlər yenə dalana
dirənib. Belə ki, Rusiya hasilatı azaltmağa hazırdır, amma bir şərtlə - ABŞ özü
də hasilatın kəskin azaldılmasına dair yeni razılaşmaya qoşulsun.
Virtualaz.orgxəbər verir ki, iri neft ölkələri arasında intriqaların
davam etdiyi barədə "Bloomberg” agentliyi bildirir. Agentliyin söhbətləşdiyi mənbələr
deyiblər ki, Rusiya hakimiyyəti ölkənin gündəlik neft hasilatının 10 faiz,
yaxud 1 milyon barel azaldılmasına hazırdır. Amma ola bilsin, OPEC daha çox
məhdudlaşdırma tələb edir. Mənbələrin dediyinə görə, daha sonra söhbət 1.5
milyon barel ixtisardan gedə bilər.
Lakin
az ağlabatandır ki, prezident Vladimir Putinin belə ssenari xoşuna gəlsin, amma
buludlar sıxlaşır və Rusiya iqtisadiyyatını xilas etmək lazımdır. Situasiya o
qədər qəliz və "stavka”lar o qədər yuxarıdır ki, indi nüfuzlu xəbər agentliklərinin
adi xəbərləri belə ciddi qəbul olunur. Bildirilir ki, Rusiya hasilatın
azaldılmasına dair yeni razılaşmaya ABŞ-ı da qoşmaq istəyir və bütün mümkün
kanallarla Birləşmiş Ştatların qapısını döyür. Bundan əvvəl Səudiyyə Ərəbistanı
ilə Rusiyanın hasilatın sutkada 10 milyon barel və ola bilsin, daha çox
azaldılması üçün razılığa gəlməyə hazır olduqlarına dair xəbərlər yayılmışdı.
Daha doğrusu, bu xəbərləri ABŞ prezident Donald Tramp özü açıqlamışdı və dərhal
"Brent” neftinin qiyməti 17 faizə yaxın bahalaşaraq 35 dolları keçmişdi.
Ardınca OPEC+ formatında videokonfrans yolu ilə aprelin 6-da danışıqların
olacağı açıqlandı, bildirildi ki, tərəflər hasilatın 10-15 milyon barel
azaldılmasını müzakirə edəcəklər. Amma danışıqlar aprelin 9-na təyin olundu.
Buna səbəb Putinin neftin indiki ucuzlaşmasına görə Səudiyyə Ərəbistanını
günahlandırması barədə açıqlaması olmuşdu. Putin demişdi ki, səudiyyəlilərin
məqsədi ABŞ-ın şist neft hasilatçılarını bazardan çıxarmaqdır. Bu açıqlama
Ər-Riyadı bərk qəzəbləndirdi və danışıqların təxirə salındığı açıqlandı. Neftegaz.ru
portalı qeyd edir ki, hasilatı sutkada 1 milyon barel azaltmaq Rusiya üçün
texniki baxımdan asan deyil. Bunun üçün şirkətlər 15 mindən çox neft quyusunu
bağlamalıdır. Hansı ki, onları sonradan yenidən işə salmaq xeyli çətin
prosesdir. Səudiyyə Ərəbistanı isə hasilatı 2 milyon barel azaltmaq üçün cəmi
200 quyunu bağlamalı olacaq ki, onların sonradan işə salınması elə də çətinlik
törətmir. Belə ki, Səudiyyə Ərəbistanında quyuların məhsuldarlığı qat-qat
yüksəkdir.
Rusiya
mənbələri deyirlər ki, indiki anlaşmanın əldə edilməsinin taleyi ABŞ-dan
asılıdır. Çünki Rusiya böyük qurbanlar hesabına hasilatı azaltmalı olacaq, belə
vəziyyətdə ABŞ da hasilatı azaltmalıdır. Lakin prezident Tramp artıq bildirib
ki, ABŞ-ın hasilatın azaldılmasına dair razılaşmaya qoşulmaq niyyəti yoxdur,
çünki onsuz da qiymətin aşağı düşməsi nəticəsində Birləşmiş Ştatlarda hasilat
azalıb. Belə vəziyyətdə ABŞ prezidentini fikrindən daşındırmaq üçün gərək
Rusiya çox sərfəli hansısa təklif irəli sürsün.
"Bloomberg”
agentliyi də indiki sövdələşmənin əldə edilməsinin taleyinin ABŞ-dan asılı
olduğunu, həm Səudiyyə Ərəbistanının, həm Rusiyanın ABŞ-ın hasilatı azaltmağa
razılaşmasını gözlədiklərini yazır. Amma qeyd olunur ki, ABŞ-ın buna hazır
olduğu barədə heç bir siqnal yoxdur. Belə vəziyyətdə aprelin 9-da OPEC+
ölkələrinin energetika nazirlərinin videokonfransında nəticə əldə etmək şansı
da azalır. Artıq birjalar da bu kimi bədbin xəbərlərə reaksiya verib və "Brent”
nefti müvəqqəti bahalaşmadan sonra yenidən ucuzlaşmaqdadır.
Bəs
görəsən aprelin 9-da OPEC+ ölkələrinin energetika nazirlərinin
videokonfransında neft ixrac edən ölkələr hasilatın azaldılmasına dair yekdil
qərara gələ biləcəkmi? Əgər bu razılıq əldə olunmazsa, qlobal neft bazarlarını
nə gözləyir?
Enerji məsələləri üzrə ekspert İlham Şaban söylədi ki, razılıq əldə olunmazsa, bazarda vəziyyət daha da
gərginləşəcək: "Rusiya ötən həftənin sonunda bu fikirləri səsləndirib. Rusiya
prezidenti Vladimir Putinin yanında neftin qiymətinin müzakirə olunduğu iclas
keçirilib. Orada Putin bildirib ki, biz dünya bazarından 10 milyon barel
həcmində neftin azalması təklifini dəstəkləyirik və bunu mümkün hesab edirik.
Ancaq o şərtlə ki, bütün tərəfdaşlarımız adekvat həcmlərdə azaltmağa razılıq
verməlidir. Yəni, Putin üstüörtülü şəkildə bildirib ki, əgər ABŞ bu addımı
atarsa, Rusiya onu dəstəkləyəcək. Ancaq Rusiya birtərəfli şəkildə bu azaltmağa
getməyəcək. Ötən şənbə günü Ağ Evdə Tramp xüsusi brifinqi keçirib. Trump dünya
bazarında neft həcmlərinə və qiymətlərə münasibət bildirib. O hazırki
qiymətləri normal hesab etmədiyini bildirib və qeyd edib ki, ABŞ neft hasilatçılarının mənafeyini qorumaq
üçün addımlar atacaq. Bunu seçki kampaniyasının bir elementi kimi
qiymətləndirənlər də az deyil. Onun bu fikirlərini neft sənayesinin cəmləndiyi 4-5 ştatın
seçicilərinə hesablanan addım kimi qəbul edirlər. Lakin Tramp ABŞ-ın neft
hasilatının azaldılması istiqamətində addım atıb-atmayacağına dair heç bir fikir
söyləməyib. ABŞ-ın bu məchul mövqeyi bazar iştirakçılarını qane etmir. Trampın
ötən həftə sosial mediadakı paylaşımı qiymətləri 36 dollaradək yüksəltdi. Amma
sonradan qiymətlərdə yenidən ucuzlaşma müşahidə olunmağa başladı. Hazırda neft
bazarlarında böyük qiymət dalğalanması müşahidə edilir. Bazara ötürülən
informasiyalardan asılı olaraq qiymətlər artıb-azalır”.
Ekspert
vurğuladı ki, aprelin 9-da OPEC+ formatında keçiriləcək görüşdə qərar qəbul
edilərsə, qiymətlər 40 dollaradək bahalaşa bilər: "Ancaq hələlik qaranlıq
məqamlar çoxdur. Rusiya və Səudiyyə Ərəbistanı arasındakı neft müharibəsi əvvəlki
səviyyədə olmasa da, hələlik tam səngiməyib. Rusiya prezidentinin sözçüsü
Səudiyyəni qiymətlərin aşağı düşməsində ən böyük günahkar hesab edir. Səudiyyə
Ərəbistanının xarici işlər və neft naziri isə Rusiyanı OPEC və OPEC+ çərçivəsində
keçirilən toplantıda fikir ayrılığında günahlandırır. Yəni qarşılıqlı
ittihamlar çoxdur. Əgər aprelin 9-dakı toplantıda hasilatın azaldılmasına dair
razılıq əldə olunarsa, qiymətlər 40 dollaradək bahalaşa bilər. Yəni qiymətlərin
35-40 dollar dəhlizinə keçəcəyi gözlənilir. Aprelin 10-da G-20 çərçivəsində
energetika nazirlərinin görüşü də var. Bu görüşdə qəbul ediləcək qərarlar da neftin
qiymətinə təsir edəcək. Düşünürəm ki, hər iki toplantıda artıq həcmlərin
bazardan yığışdırılmasına dair pozitiv qərarlar qəbul ediləcək. Əsas məsələ
hasilatın azaldılmasına dair əldə olunan razılıqdan sonra bazarın verəcəyi
reaksiyadır. Verilən qərara nə qədər dürüst şəkildə əməl edilməsi çox mühümdür.
İştirakçıların bu qərara verəcəyi münasibət ən vacib məsələdir. Neftin qiyməti
məhz bundan asılı olaraq dəyişəcək. Martın sonunda Brent markalı neftin 21
dollaradək azalmasını müşahidə etdik. Bu, 2002-ci ilin martında qeydə alınan
qiymət idi. Əgər bu razılaşma əldə olunmazsa, qiymətlər 10 dollaradək ucuzlaşa bilər.
Ona görə də videokonfrans formatında keçiriləcək toplantıdan bazar iştirakçılarının
gözləntiləri çoxdur”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev söylədi ki, başda Səudiyyə Ərəbistanı və onun müttəfiqləri olmaqla
OPEC üzvləri qlobal bazarlardakı hazırki vəziyyəti dəyərləndirərək əlavə
kəsintilərə getməyə iddialıdır: "Rusiya da bu azaltmaya razılıq verir. Lakin
ABŞ-ın hasilat həcmlərini azaldıb-azaltmayacağına dair ciddi məlumatlar yoxdur.
OPEC katibliyi təşkilatdan əlavə 10 dövləti aprelin 9-da keçiriləcək videokonfransa
qatılmağa dəvət edib. Bu dövlətlərin əksəriyyəti bazarın tənzimlənməsi ilə
bağlı birgə əməkdaşlığa hazır olduğunu bildirib. ABŞ prezidentinin neft hasil
edən aparıcı enerji şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşdə ABŞ-ın
kəsintilərə gedəcəyinə dair heç bir məlumat olmadı. Ona görə də əvvəlcədən nə
isə söyləmək mümkün deyil. Rusiya və Səudiyyə bazarın tənzimlənməsi ilə bağlı sazişin
ədalətli olmasını tələb edir. İki ölkə bu razılaşmanın spektrinin dünyanın
bütün neft ixrac edən ölkələrini, o cümlədən ABŞ-ı da əhatə etməsini tələb
edir. Çünki ABŞ-da sutkalıq neft hasilatı 13 milyon bareldir. Yəni iddia edən
tərəflər ədalətli sazişin imzalanmasını istəyir. Hesab edirəm ki, bazarın
tənzimlənməsində bütün maraqlı tərəflər iştirak etməlidir. Qlobal neft
bazarındakı dalğalanmanın qarşısını almaq üçün neft hasil edən ölkələrin sıx
əməkdaşlığı olduqca vacibdir. Çünki bazar tənzimlənmədikcə, vəziyyət daha da
gərginləşəcək. İndiki halda neft istehsal edən ölkələrin əsas vəzifəsi
tələbatdan artıq neft həcmlərini qısa müddətdə bazardan yığışdırmaqdır. Bazarın
tənzimlənməsində məsuliyyət bərabər qaydada bölünməlidir. Qlobal bazarın
tənzimlənməsində vacib rol oynayan bütün dövlətlər və şirkətlər vahid mexanizm
ortaya qoymalıdır. Tələbatdan artıq neft həcmləri yalnız bu halda bazardan
yığışdırıla bilər. Aprelin 9-da keçiriləcək videokonfransda razılaşma əldə
olunarsa, qiymətlərdə müəyyən sıçrayışlar olacaq. Əgər saziş pozularsa, neftin
qiyməti qısa müddətdə 10 dollara enə bilər. Bu da bazarda uzun müddətli xaosun
başlanğıcı ola bilər”.