ABŞ İranı “terrorizmin ən böyük sponsoru” adlandırıb
Donald Trampın prezident seçilməsindən sonra İranla ABŞ arasında
münasibətlər kəskinləşməkdə davam edir. Belə görünür ki, Tramp administrasiyası
respublikaçıların ənənəvi antiiran siyasətini davam etdirəcək.
Yeri gəlmişkən, Birləşmiş Ştatların Dövlət Departamentinin
hesabatında deyilir ki, İran 2016-cı ildə də "terrorizmin ən böyük sponsoru”
olaraq qalıb. Ötən gün açıqlanmış hesabatda bildirilir ki, İslam Dövləti
adlandırılan təşkilat İraq və Suriyada böyük itkilər verib. Bununla belə qeyd
edilir ki, öz ölkələrinə qayıdan İŞİD döyüşçüləri Mərkəzi Asiya və Balkanlarda
təhlükə təşkil edə bilərlər. Ölkəbəölkə terrorizmə həsr edilmiş hesabat 2004-cü
ildən hər il dərc olunur. Təhlilçilər bildirirlər ki, Dövlət Departamentinin
hesabatında İranın hədəfə alınması Tehranla Vaşinqton arasında münasibətlərin
gərgin vaxtına təsadüf edib.
İran terrorizmə dəstək verdiyi barədə bütün ittihamları rədd edir. ABŞ
Dövlət Departamentinin bəyanatında söhbət ilk növbədə İranın dəstəklədiyi
Hizbullah kimi qruplaşmalardan gedir. Sənəddə qeyd olunur ki, bu qruplaşmalar
ABŞ və onun müttəfiqlərinin maraqları üçün təhlükədir.
Hesabatda deyilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu və onun
nəzarətində olan qruplaşmalar regionda sabitsizləşdirici qüvvə kimi fəaliyyət
göstərir. Lakin digər tərəfdən, hesabat sünnilərin rəhbərlik etdiyi İŞİD-in
səkkiz tanınmış qruplaşmasını "qlobal təhlükəsizliyə ən böyük hədə” adlandırır.
Sənəddə bildirilir ki, İŞİD İraqda və Suriyada nəzarət etdiyi ərazilərin 25
faizindən çıxarılıb. Bu da qeyd olunur ki, sərhədlərin möhkəmləndirilməsi
nəticəsində İŞİD öz qüvvələrini saxlaya bilməyib. Bununla belə, hesabatda
İŞİD-in böyük qlobal təhlükə olaraq qaldığı xüsusi vurğulanır. Qeyd edilir ki,
evlərinə qayıdan cihadçılar həmin ölkələr üçün təhlükəsizlik hədəsi təşkil
edirlər. Məsələn, İraq və Suriyada İŞİD-in sıralarında döyüşən 1000 tacik
cihadçı qeydə alınıb.
Birləşmiş Ştatlar İranın ballistik raket proqramı ilə bağlı bu
ölkənin 18 fərd və şirkəti üzərinə yeni sanksiyaların tətbiqi barədə də qərar
qəbul edib. Yeni sanksiyaların elan edilməsi ilə eyni gündə Vaşinqton bildirib edib
ki, Tehran 2015-ci ildə imzalanmış nüvə sazişinin şərtlərinə əməl edir. ABŞ
Maliyyə Nazirliyi bildirib ki, İranın 16 vahidinə və fərdinə "qanunsuz
fəaliyyətlə bağlı” sanksiyalar tətbiq ediləcək.
Sanksiyalara məruz qalanlar İran hərbiyyəsi və ya İslam İnqilab
Keşikçiləri ilə bağlı olan şəxslərdir. Dövlət Departamentinin sözçüsü Heater
Nauert deyib ki, İranın ballistik raketləri sınaqdan çıxarması bilavasitə
BMT-nin qətnaməsinə ziddir. Dövlət Departamenti habelə Baquer Namazi, Siamak
Namazi və Xiyue Vanq da daxil İran həbsxanalarında olan bütün ABŞ
vətəndaşlarının azad edilməsinə çağırıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald
Tramp administrasiyasını yeni sanksiyalar tətbiq etməklə "atmosferi zəhərləməyə”
cəhddə günahlandırıb. Baxmayaraq ki, Tehranın 2015-ci ildə imzalanmış nüvə
sazişinin şərtlərinə əməl etdiyini Vaşinqton özü də vurğulayır. "Təəssüf ki,
hazırkı administrasiya üçün sanksiyaların tətbiqi pis vərdişə çevrilib”, – deyə Nyu Yorkda
BMT-nin qərargahında jurnalistlərə açıqlamasında Məhəmməd Cavad Zərif vurğulayıb. O əlavə edib ki, "beynəlxalq
ictimaiyyət bu böyük teatra əhəmiyyət vermədən İranla əməkdaşlığı davam
etdirir”. Ağ Ev bildirir ki, İran razılaşmaya texniki olaraq əməl etsə də,
müqavilənin "ruhuna” xələl gətirir, ballistik raketləri sınaqdan keçirməkdə
davam edir. Nazir isə yeni sanksiyaları "qanunsuz” adlandırıb, Amerikanın CBS
News telekanalına müsahibəsində deyib ki, bu sanksiyalar nüvə razılaşmasının
"ruhuna” ziddir.
Öz növbəsində İran prezidenti Həsən Ruhani ölkəsinin Birləşmiş
Ştatların sanksiyalarına müqavimət göstərəcəyini və İslam Respublikasına qarşı
yeni sanksiyalara cavab verəcəyini bildirib. "Biz Birləşmiş Ştatlara müqavimət
göstərəcəyik. Böyük İran dövləti münasib cavab verəcək”, - deyə H.Ruhani
bildirib. İran prezidenti bu açıqlamanı Nazirlər Kabinetinin televiziya ilə
yayımlanan iclası zamanı verib.
Kamran