• çərşənbə, 24 Aprel, 20:39
  • Baku Bakı 23°C

ABŞ-İran gərginliyi yenidən başlanır?

03.12.16 09:49 1152
ABŞ-İran gərginliyi yenidən başlanır?
Amerika Birləşmiş Ştatlarının Senatı İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Senatorların əksəriyyəti sənədi dəstəkləyib.Bundan əvvəl ABŞ Nümayəndələr Palatası noyabrın 16-da İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verib. Nümayəndələr Palatasının 419 üzvü sanksiyaların uzadılmasını dəstəkləyib. Cəmi bir nəfər sənədin əleyhinə çıxış edib. Qanun layihəsi imzalanması üçün ABŞ prezidenti postunu yanvarın 20-də təhvil verəcək Barak Obamaya təqdim ediləcək.
Yeni layihə dekabrın 31-də qüvvədən düşəcək hazırkı qanunla eynidir. Beləliklə, bu qərar onu deməyə əsas verir ki, yeni ABŞ administrasiyasının İrana münasibətini dəyişdirəcəyi barədə ehtimallar özünü dorğultmayacaq. Əvvəldən də bəlli idi ki, Donald Tramp hələ uzun müddət İranla münasibətləri normallaşdırmaq niyyətində deyil. Məsələn, Barak Obama administrasiyasının İranla imzaladığı saziş haqda Donald Tramp "Bu qədər bacarıqsızcasına yürüdülən siyasət görmədim” deyərək onu dəfələrlə tənqid edib. Mütəxəssislərin fikrinə əsasən, ABŞ, hüquqi baxımdan mühüm olmayan həmin beynəlxalq sazişdən imtina edə bilər. Belə bir addım sazişə imza atan və İranla əlaqələrini inkişaf etdirmək istəyən avropalı müttəfiqləri əsəbiləşdirməklə yanaşı, Tehran hökumətini atom proqramını yenidən başlamağa sövq edə bilər. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müşaviri Valid Fares də bildirib ki, yeni prezident İranla razılaşmaya yenidən baxacaq. Onun sözlərinə görə, D.Tramp razılaşmaya dəyişikliklər edərək onu yenidən Konqresə göndərəcək.
Xatırladaq ki, 2015-ci ilin iyulunda İran ilə "altılıq” dövlətləri arasında razılaşma əldə edilib. Razılaşmaya əsasən, rəsmi Tehran nüvə proqramını məhdudlaşdırıb, əvəzində isə İrana qarşı tətbiq edilən beynəlxalq iqtisadi sanksiyaların böyük bir hissəsi aradan qaldırılıb.
Bir faktı da qeyd edək ki, D.Tramp hələ ki İranla bağlı mövqeyini tam şəkildə ortaya qoymayıb. Çox güman ki, bu mövqe bir qədər yumşalacaq. Belə ki, ötən gün Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) direktoru Con Brennan Donald Trampa İran ilə nüvə sazişini bitirməyin "fəlakətli” və "axmaqlıq” olması barədə xəbərdarlıq edib. Con Brennan, həmçinin prezidentə Rusiyanın vədlərinə qarşı ehtiyatlı olmağı məsləhət görüb. O, Suriyadakı vəziyyətə görə Moskvanı günahkar bilir. Seçki kampaniyası zamanı Tramp, İran sazişini bitirəcəyini və Rusiya ilə daha yaxından iş görəcəyini söyləmişdi. C.Brennan dörd il CİA-ya başçılıq etdikdən sonra yanvar ayında vəzifəsindən ayrılacaq. "Hər şey bir tərəfə, bir administrasiyanın özündən əvvəlki administrasiyanın imzaladığı anlaşmanı cırıb atması görünməmiş bir şeydir” - o söyləyib.
Yeri gəlmişkən, ABŞ Senatında İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılması barədə qərarın təsdiqlənməsindən sonra İran əks addımlar atmağa hazırlaşır. İran parlamentində 145 millət vəkilinin imzası ilə ABŞ istehsalı olan məhsulların idxalının qadağan olunması haqqında qanun layihəsi hazırlanıb. Parlamentin "Ümid” fraksiyasının sədr müavini Məhəmmədrza Tabeş deyib ki, layihə parlament komissiyalarında müzakirə olunaraq təkmilləşdiriləcək: "Gözlənilir ki, parlament nümayəndələri layihənin qəbuluna səs verəcəklər”. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimidə sanksiyaların daha 10 il müddətinə uzadılmasına münasibət bildirib:"ABŞ Senatı və Nümayəndələr Palatasında İrana qarşı sanksiyaların müddətinin uzadılması barədə qərar Hərtərəfli Birgə Fəaliyyət Planına, Amerikanın beynəlxalq hüquq çərçivəsində digər ölkələrin daxili və beynəlxalq məsələlərinə müdaxilə etməyəcəyinə dair üzərinə götürdüyü öhdəliklərə ziddir. ABŞ-ın İrana qarşı sanksiyaların müddətini uzatması, İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişinin pozulması deməkdir. Biz bu barədə sazişin yerinə yetirilməsini izləyən komitəmizə məlumat verəcəyik”.
B.Qasimi deyib ki, ABŞ hökuməti beynəlxalq öhdəliklərini yerinə yetirməyə borcludur:"Amerikanın daxilində siyasi dəyişikliklər və iki qurumun arasındakı çəkişmələr bu ölkənin beynəlxalq öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmasına əsas ola bilməz. ABŞ prezidenti Hərtərəfli Birgə Fəaliyyət Planı əsasında qəbul edib ki, bütün səlahiyyətlərindən istifadə edərək bu plana zidd bütün qərarların icrasının qarşısını alacaq. İran beynəlxalq razılıqlara əməl edir, lakin ehtimal olunan hər situasiya üçün lazımi tədbirləri nəzərdə saxlayıb. Hər bir şəraitdə İran xalqının hüquqlarını tədbirli, güclü və daha təsiredici vasitələrlə qorumağa lazımi hazırlığımız var”.
Belə olan halda, İranın əvvəlkitək Rusiya ilə münasibətləri prioritet olacaq. Artıq İranın müdafiə naziri Hüseyn Dehqan bəyan edib ki, İran Rusiyadan Su-30 çoxməqsədli qırıcılarının alınması məsələsini nəzərdən keçirir. "Su-30 qırıcılarının alınması Müdafiə Nazirlyinin gündəmindədir”, – deyə H.Dehqan bildirib. Bundan əlavə, İran bəyan edib ki, Rusiya Suriyadakı nöqtələri vurmaq üçün Həmədan aviabazasından istifadə edə bilər. İran xarici işlər nazirinin müşaviri Hüseyn Şeyxülislam deyib ki, əgər Rusiyanın buna ehtiyacı olarsa və razılıq yaranarsa, bu ölkənin Hərbi Hava Qüvvələri Suriyada həyata keçirdiyi əməliyyatlara görə Həmədan aviabazasından istifadə edə biləcək. "Lakin baza əsgərlərimizin ciddi nəzarətində olacaq”,- deyə İran rəsmisi bildirib.
Azər
banner

Oxşar Xəbərlər