ABŞ-ın Rusiyaya qarşı sanksiya qərarı Avropanı parçalayır
Donald Trampın prezidenti seçilməsindən sonra ABŞ-la Rusiya arasında
gərginliyin aradan qalxacağı barədə ehtimallar özünü doğrultmur. Ola bilsin,
Tramp gərginliyin heç olmasa səngiməsini istəyərdi. Lakin məsələ ondadır ki,
antirusiya əhval-ruhiyyəsi bu ölkədə o qədər güclüdür ki, Tramp istəsə də, bu,
mümkün deyil. Görünən odur ki, Birləşmiş Ştatlar Rusiyanın siyasətinə göz
yummaq niyyətində deyil. Bu ölkənin münaqişələrin həllinə mane olması, yeni
münaqişə ocaqları yaratması dünya birliyində ciddi narahatçılıq doğurur.
Beləliklə, gözlənildiyi kimi ABŞ Senatı Rusiyaya qarşı sanksiyaları
möhkəmləndirən qanunu təsdiq edib. Rusiyaya qarşı sanksiyaları qanun halına
salaraq, möhkəmləndirən qərara əksəriyyət senatorlar səs verib. ABŞ Senatı ilə yanaşı, Avropa
İttifaqının Xarici İşlər Şurası daRusiyaya qarşı sanksiyaların müddətini
23 iyun 2018-ci il tarixinədək uzatmaq niyyətindədir.Bu barədə Aİ-yə üzv
ölkələrin XİN rəhbərlərinin planlaşdırılan iclasında qəbul ediləcək qərar
layihəsində bildirilir. Məhdudiyyətlər Aİ vətəndaşlarına və şirkətlərinə Krım
və Sevastopoldan Aİ ölkələrinə malların idxalını, bu ərazilərdə turizm
xidmətlərinin göstərilməsini qadağa edir. Lakin məsələ ondadır ki, Avropada heç
də hamı bu qətnaməni müdafiə etmir. Rusiya tərəfdarları bu sanksiyaya qarşı
çıxır.
Məsələn, Almaniya və Avstriya ABŞ Senatında Rusiya üzərinə sanksiyaları
möhkəmləndirən qanunun bir neçə maddəsinə ciddi şəkildə etiraz bildiriblər.
Berlin və Vyana bildirir ki, bu qanun Avropanın Rusiya qazı ilə təchizatına
əngəl yarada bilər. Avstriya və Almaniya bu qanunun daha çox "Şimal axını - 2”
kəmərinə aid hissəsi ilə razı deyillər. Yenilənmiş qanunvericilik aktında
bildirilir ki, ABŞ Baltik dənizinin dibi ilə çəkiləcək bu kəmərə qarşıdır.
Sözügedən kəmər Rusiya qazını Avropaya Ukraynadan yan keçərək nəql etməlidir.
Ukraynadakı siyasi vəziyyətə görə, bu
ölkə vasitəsilə qazın Avropaya verilməsində əvvəllər fasilələr yaranıb. Avstriya
kansleri Krisitan Kern və Almaniya xarici işlər naziri Siqmar Qabriel
verdikləri bəyanatla Birləşmiş Ştatları Avropanın qaz təchizatını Ukraynadakı
vəziyyətə bağlamamağa çağırıblar. Kern və Qabriel bildiriblər ki, Avropanın qaz
təchizatı Birləşmiş Ştatların yox, Avropanın işidir. Bəyanatda "Şimal axını - 2”
layihəsinə daxil olan Avropa şirkətlərinin qanundankənar vəziyyətə salınması
tənqid edilir. "Şimal axını-2” layihəsinin yarı xərcini Rusiyanın "Qazprom”
şirkəti çəkir. Pulun qalan hissəsini "Royal Dutch Shell”, Fransanın "Engie”,
Avstriyanın "OMV”, habelə Almaniyanın "Uniper” və "Wintershall” şirkətlərinin
daxil olduğu Avropa qrupu ödəməlidir. Birləşmiş Ştatlar əvvəllər Avropadakı
müttəfiqlərini "Şimal axını - 2” layihəsinə girişməməyə çağırıb. Vaşinqtonun
fikrincə, bu, Avropanı Rusiyadan daha dərin qaz asılılığına salır. Avstriya və
Almaniya rəsmilərinin bəzi ehtimallarına görə, ABŞ sadəcə olaraq öz
şirkətlərinin xeyrinə Rusiyanı bazardan çıxarmağa çalışır. Birləşmiş Ştatlar bu
yaxınlarda Polşaya maye qaz ixracına başlayıb. Qabriellə Kern deyiblər ki,
Senatın son qərarı Avropa-Amerika münasibətlərində daha bir mənfi aspektin
yaranmasına səbəb ola bilər.
Sanksiyalara Rusiya prezidenti Vladimir Putinin reaksiyası maraqlı
olub. O, bildirib ki, Rusiyanın ümumi daxili məhsulu Qərbin sanksiyaları
ucbatından cəmi 1 faiz azalıb. Putin Rusiyanın bu sanksiyalardan 50-52 milyard
dollar, onu tətbiq edənlərin isə 100 milyard dollar itirdiyini bildirib: "Rusiya
hər zaman sanksiyalar altında yaşayıb. Bizə qarşı sanksiyaları, hər zaman
rəqabətə hazır olduğumuzu hiss edən kimi tətbiq ediblər. ABŞ Senatında qəbul
edilən sanksiyalarda qeyri-adi heç nə yoxdur”.
V.Putinin qənaətinə görə, ruslar ABŞ-ı öz düşmənləri saymırlar: "Biz
ABŞ-la iki dünya müharibəsində də bir yerdə döyüşmüşük. Rusiya Suriyada
əvəzolunmaz təcrübə qazandı. Biz burada yeni silahlarımızı sınaqdan keçirdik.
Rusiyanın Suriyadakı əməliyyatları müdafiə sənayesi kompleksinə böyük fayda verdi”.
Rusiya prezidenti onu da deyib ki, ABŞ Rusiyada keçirilmiş prezident
seçkilərinə müdaxilə edib. V. Putin ABŞ-ın Rusiyada keçirilən prezident
seçkilərinə daim müdaxilə etdiyini və 2012-ci ildə bunun daha aqressiv hal
aldığını söyləyib:"Həm 2000-ci, həm də 2012-ci illərdə bunlar baş verib.
2012-ci ildə bu, xüsusilə aqressiv şəkildə olub". Rusiya prezidentinin sözlərinə görə, bu
məqsədlə ABŞ Rusiyadakı diplomatlarından istifadə edib: "Bizim amerikalı
tərəfdaşlarımız bu barədə xəbərdardır. MənCon Kerrivə Barak Obamaya
bunu demişəm. Biz heç təsəvvürümüzə gətirə bilməzdik ki, diplomatik işçilər
Rusiyanın daxilində seçkiqabağı kampaniyaya aqressiv şəkildə qoşulacaq. Onlar
müxalif qüvvələri toplayır, maliyyələşdirir və müxalifətin mitinqlərinə
gedirdilər. Halbuki diplomatik xidmət başqa işlə məşğul olmalıdır”.
Rusiyanın digər rəsmiləri də sanksiyalara münasibət bildirib. "Rusiya
ABŞ-ın sanksiyalarını cavabsız qoymayacaq”. Bunu jurnalistlərə açıqlamasında
Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini
Vladimir Cabarov deyib. Rusiyalı digər senator Andrey Klimov isə ABŞ-da baş
verənləri "absurd teatr” adlandırıb. O, hazırda ABŞ prezidentinin faktiki
olaraq Ağ Evdə ev dustağı olduğunu deyib. "ABŞ-ın bizə qarşı yeni
sanksiyalarının qüvvəyə minməsindən sonra öz ehtiyatlarımızı qorumaqdan ötrü
tədbirlər görəcəyik”. Bunu isə Rusiyanın ABŞ-da Ticarət İşləri üzrə nümayəndəsi
Aleksandr Stadnik söyləyib. Onun fikrincə, Rusiyaya qarşı yeni sanksiyalar Rusiyanın
qazını və neftini dünya bazarından çıxarmağa cəhd edən ABŞ-dakı enerji
şirkətləri lobbisinin işi kimi görünür.
Azər