• cümə, 19 Aprel, 11:01
  • Baku Bakı 13°C

ABŞ-ın Qüds qərarı nəyi dəyişəcək?

08.12.17 10:30 3115
ABŞ-ın Qüds qərarı nəyi dəyişəcək?
ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını və Birləşmiş Ştatların Tel- Əvivdəki səfirliyinin Qüdsə köçülməsi ilə bağlı hazırlıq görülməsi üçün təlimat verdiyini elan edib. Bu qərar artıq dünyanın, xüsusilə İslam aləminin ciddi narazılığına səbəb olub. Çünki Qüds üç dinin mərkəzi hesab olunur və belə də qəbul edilir. Artıq məsələ ilə bağlı Azərbaycanın xarici siyasət idarəsi münasibətini açıqladı. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Onun sözlərinə görə, Azərbaycan şərqi Yerusəlimin Fələstin dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır: "Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq”.
Yaxın Şərqdə üstünü kül basmış "Qüds ocağı”nı yenidən körükləmək isə heç şübhəsiz bölgəyə mənfi təsirini göstərəcək.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, ABŞ prezidenti Donald Tramp bu mövqeyi nəticə etibarı ilə Amerika ilə müsəlman dünyası arasında çox ciddi ixtilaflara gətirib çıxaracaq: "Onsuz da münasibətlər elə də yaxşı səviyyədə deyildi. Eyni zamanda, ABŞ-ın xarici siyasətinin prioritet istiqaməti Yaxın Şərq regionudur. Bu qərar regionda Amerikanın maraqlarının müdafiə edilməsi prosesində çox ciddi problemlərin yaranmasına şərait yaradacaq. Belə bir addımın atılması 60 ildən artıq davam edən Fələstin-İsrail münaqişəsinin daha da gərginləşməsinə və münaqişənin yenidən alovlanmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bu, Yaxın Şərqdə yeni gərginlik ocaqlarının yaranması ehtimalını artırır. Bu kontekstdə Yaxın Şərqdə, eyni zamanda ABŞ və onun müttəfiqlərinə qarşı terrorizmin yeni bir dalğasının yaranmasına gətirib çıxara bilər. Xüsusilə də, terrorçu qüvvələr guya müsəlmanların maraqlarının müdafiəçisi kimi özlərini təqdim edib, regionda sülh və təhlükəsizlik üçün çox ciddi problemlərin yaranacağını görə bilərik”.
E.Nəsirov əlavə etdi ki, bu məsələdə ABŞ-ın ənənəvi müttəfiqlərinin mövqeyi də fərqlidir. Məsələn, Roma papası və Böyük Britaniyanın bu məsələdə öz müttəfiqini müdafiə etmədiyi ilə bağlı məlumatlar da var. Hesab edirəm ki, indiki vəziyyətdə ABŞ-ın müttəfiqləri, hər bir Avropa dövləti bu məsələyə dəstək verərlərsə, ilk növbədə öz ölkələrində gərginliyin yaradılmasına səbəb ola bilərlər. Çünki bu gün bütün Avropa ölkələrində müsəlman icması var. Belə olan vəziyyətdə həmin ölkələrdə də daxili gərginlik artmış olar. Bu da həmin ölkələrin təhlükəsizliyi üçün çox ciddi təhdid kimi qiymətləndirilə bilər. Ona görə də hesab edirəm ki, ABŞ-ın özündə müəyyən analitik mərkəzlər, eyni zamanda mərkəzi hökumətin administrasiyasında səlahiyyətli şəxslər bu məsələdə Trampın mövqeyini dəyişməklə bağlı cəhdlər etməlidirlər. Əks təqdirdə ABŞ-ın öz milli maraqları üçün çox ciddi təhlükələr yarana bilər”.
"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, ABŞ prezidentinin bu mövqeyi regiona mənfi təsir göstərəcək: "Düzdür, ötən əsrin 90-cı illərindən üzü bu yana ABŞ-da prezident olan şəxslər Qüdsün İsrailin paytaxtı kimi tanıyacaqları ilə bağlı məsələni vurğulamışdılar. Amma heç biri onun reallaşmasına "yaşıq işıq” yandırmırdı. Çünki bilirdilər ki, həm ABŞ, həm də bölgə üçün bu çox ciddi problemlər yarada bilər. Tramp bu riski göz önünə alaraq, seçkiqabağı vədini yerinə yetirdi. Əslində Amerikanın bundan qazancı nədir? Bax, bunu anlamaqda çətinlik çəkirəm. Çünki birincisi, ABŞ-ın öz tərəfdaşları ilə münasibətləri soyuya bilər. Türkiyədən sərt açıqlamalar səslənir, Fələstin hakimiyyəti artıq öz etirazını bildirir. Ərəb ölkələrindən narazılıq var. Bu, heç də Amerikanın milli və təhlükəsizlik maraqlarına cavab vermir. Qeyd edim ki, Trampın bu addımı heç də o demək deyil ki, beynəlxalq aləm də Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq”.
E.Şahinoğlu qeyd etdi ki, bu risklər ABŞ üçün çox ciddi problemlər yaradacaq. Onun sözlərinə görə, Tramp və onun müşavirləri hesablayıblar ki, bu qərara qarşı müsəlman aləmi həmrəylik nümayiş etdirməyəcək: "Hazırda İslam ölkələrinin bir çoxunda müharibə gedir, fərqli məzhəb maraqları var. Bütövlükdə İslam aləmi vahid bir mövqe ortaya qoymasa belə, amma hər bir müsəlman dövləti bu qərardan narazıdır. Çünki heç bir normal insan Qüdsü yalnız bir ölkənin paytaxtı kimi qəbul etməz. Bura üç dinin paytaxtı sayılır. Əslində bu qərar ABŞ-ın da yer aldığı BMT Təhlükəsizlik Şurasının 40-cı və 60-cı illərdə çıxardığı qətnamələrə ziddir”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər