• şənbə, 20 Aprel, 18:00
  • Baku Bakı 24°C

ABŞ-ın qara Baltimor gerçəklikləri

05.05.15 05:36 941
ABŞ-ın qara Baltimor gerçəklikləri
Amerika Birləşmiş Ştatlarının tarixinə qara ləkə kimi düşəcək Baltimor hadisələri müvəqqəti olaraq səngisə də, gərginlik və cəmiyyətdə doğurduğu ajiotaj səngimir. Lakin heç kim istisna etmir ki, bu və ya buna bənzər hadisələr digər şəhərlərdə də başlaya, özlərini təhqir olunmuş və hüquqsuz görən qaradərili insanların narazılığı istənilən an partlaya bilər.
Beləliklə, Baltimor meri Stefani Roulinqs-Bleyk şəhərboyu gecə qadağan saatını ləğv edib. S.Roulinqs-Bleykin sözlərinə görə, o, qadağan saatının ehtiyacdan artıq tətbiq olunmasını istəməyib: “Mənim qadağan saatı tətbiq etməkdə bir nömrəli prioritetim Baltimor sakinlərinin ictimai asayişini, təhlükəsizliyini, sağlamlığını və mülkünü qorumaq idi”. Amerika Vətəndaş Azadlıqları Birlikləri, biznes sahibləri, xüsusilə də restoran sahibləri qadağan saatının tətbiqini sərt tənqid etmişdilər. Merin qadağan saatının ləğv edilməsinə dair açıqlamasından qısa müddət sonra Merilend ştatının qubernatoru Lerri Hoqan deyib ki, başqa şəhər və ştatlardan gətirilən 4 minə yaxın əsgər və polis Baltimoru tərk etməyə başlayıb. Qubernatorun sözlərinə görə, əsgərlər şəhəri tam tərk etməyənədək fövqəladə vəziyyət aradan qaldırılmayacaq. Nümayişçilər isə gözəl yaz havasının olmasından istifadə edərək, bələdiyyə binasının önündə dinc aksiya keçiriblər. Çoxları sabitlik üçün dua edib. İğtişaşlar zamanı qarət olunmuş dükanlar ilk dəfə olaraq fəaliyyətini bərpa edib. Balmitor şəhərinin 6 polis zabiti həbs edilərək təcridxanaya aparılıblar. Xatırladaq ki, Baltimor şəhəri keçən ay polis təcridxanasında öldürülən arfoamerikalı Fredi Qreyin dəfn mərasimindən bəri etiraz aksiyalarına səhnə olub.
Bu arada şəhərin baş prokuroru bu ayın əvvəli 25 yaşlı gəncin ölümü ilə bağlı irəli sürülən ittihamları açıqlayıb. Baltimor Baş Polis İdarəsində keçirilən mətbuat konfransında Merilin Mosbi aprelin 12-də polis zabitlərinin F.Qreyə qarşı hansı hərəkətləri etdiklərinin təfərrüatlarını açıqlayıb. Ən sərt ittiham F.Qreyi aparan sürücüyə qarşı irəli sürülüb və o, ikinci dərəcəli qətldə ittiham olunur. Digər cinayət ittihamlarına isə qeyri-iradi qətl, pis rəftar və hücum, eləcə də yanlış həbs daxildir. Baltimor şəhərinin baş prokuroru bəyan edib ki, F.Qreyin həbsində iştirak edən 6 polis zabitinə qarşı cinayət ittihamları irəli sürülüb. M.Mosbinin sözlərinə görə, tibbi ekspertiza onun polis təcridxanasında qətlə yetirildiyini müəyyən edib. Belə ki, F.Qreyin kəskin boyun ağrıları olub. O deyib ki, təhlükəsizlik kəməri bağlanmayıb. Hətta tibbi yardıma ehtiyacının olduğunu söyləməsinə baxmayaraq, zabitlər ona heç bir kömək etməyiblər. Xanım Mosbi habelə deyib ki, 25 yaşlı F.Qreyin üzərindən tapılan bıçaq açılıb-bağlanan cib bıçağı olub və onun bu bıçağı üzərində daşıması qanunidir. “Cənab Fredi Qreyin başına gələnlərlə bağlı həqiqətin üzə çıxması çox mühümdür” - deyə ABŞ prezidenti Barak Obama ittihamlar açıqlanandan sonra Ağ Evdə bildirib.
Beləliklə, baş verənlər bir daha göstərdi ki, insan hüquqlarını əlində bayraq tutan fövqəldövlətlər üçün bu anlayış, sadəcə, mövcud deyil. Və bunu özlərini “azad” elan edən kütləvi informasiya vasitələrində də bariz şəkildə görmək mümkün oldu. Belə ki, Qərb və Avropa mətbuatının Baltimorda və ondan əvvəl Ferqyusonda baş verənlərə reaksiyası müəyyən suallar doğurdu. Onların böyük əksəriyyəti baş verən insidenti adi bir hadisə kimi qələmə verərək, onun üstündən sükutla keçməyə üstünlük verdilər. Görəsən, necə olur ki, başqa ölkədə ən kiçik bir hadisəni insan haqlarının pozulması kimi qələmə verən Qərb mediası onlarla insanın xəsarət alması və birinin ölümü ilə nəticələnən insidentlərin üstündən keçməyə çalışır? Bu fakt onların müstəqil olmaması və sifarişli hərəkət etmələrindən xəbər verir. Həmin həyəcanlı günlərdə Qərbin əksər mətbu orqanlarında Birləşmiş Ştatları kəskin tənqid edən bir məqaləyə belə rast gəlinmədi. Və bu mövqeyə Avropanın nüfuzlu nəşrlərinin səhifələrini izləyərkən də rast gəlmək mümkündür. Məsələn, fəaliyyətini postsovet məkanını tənqid üzərində quran nüfuzlu “Le mond”, “Qardian” və s. onlarla nəşr buna əyani misaldır. Bu nəşrlərin səhifələrində Baltimorda baş verən hadisələrə tənqidi yanaşılan bir yazıya belə rast gəlmək mümkün olmadı. Diqqət daha çox Yəməndə baş verən hadisələrə yönəldildi. Erməni lobbisinin güclü təsiri altında olan nəşrlər isə daha çox tənqidi Türkiyə üzərinə yönəltdilər Qərb mətbuatının fövqəldövlətlərdə baş verən hadisələrə tənqidi prizmadan yanaşmaması, onların qərəzi heç şübhəsiz ki, müstəqil olmadıqlarından xəbər verir. Ölkəmizin timsalında bunun bariz şahidiyik. 20 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır. Və BMT Təhlükəsizlik Şurasının işğalçı dövlətin hərəkətlərini pisləyən məlum dörd qətnaməsi var. Bu illər ərzində isə Qərbin heç bir mətbu orqanı bu fakta nəzər salmaq belə istəmir. İşğalçı ilə işğala məruz qalan dövlət yanaşı tutulur. Daha bir maraqlı fakt. Ermənistanda 2008-ci ilin mart hadisələri yəqin ki, heç kimin yadından çıxmayıb. Prezident seçkilərinin nəticələrinə etiraz edən aksiya iştirakçılarının gülləbaran edilməsi faktına Qərbin siyasi dairələri, eləcə də mətbuatı kəskin reaksiya göstərmədi. Halbuki vətəndaşların aksiya keçirmək hüququ pozulmuş və onlarla insan gülləbaran edilmişdi. Əvəzində isə Azərbaycan hədəf seçilir. Konkret cinayət maddəsi ilə həbsxanada cəza çəkən insanların guya hansısa hüquqlarının pozulduğu iddia edilir. Özü də bu qərəz tək insan haqlarının pozulması məsələsində özünü göstərmir. Məsələn, götürək insanların dini inanclarının təhqir edilməsi faktlarını. Bunlara məhz Qərb mətbuatında rast gəlmək olur. Başqa dindən olan insanların hüquq və azadlıqlarının təhqir edilməsinə etirazlar baş verəndə isə dərhal bunun barbarlıq əlaməti kimi qələmə verilməsi də Qərb KİV-nin kredosuna çevrilib.
Beləliklə, gəlinən qənaət budur ki, Qərb mətbuatının proseslərə yanaşma tərzində hər hansı bir dəyişikliyə yol verəcəyini gözləmək yersizdir. Bu siyasət ikili standartlar və özündən güclünün qarşısında əyilmək, zəifi isə tənqid etməkdən ibarətdir. Necə ki, hamımız bunu Baltimor və ondan əvvəl Ferqyusonda açıq-aydın gördük.
Azər
banner

Oxşar Xəbərlər