• şənbə, 20 Aprel, 13:30
  • Baku Bakı 23°C

ABŞ-ın düşüncə tərzini dəyişən qaradərili müsəlman – Portret

20.06.16 13:33 3529
ABŞ-ın düşüncə tərzini dəyişən qaradərili müsəlman – Portret

İyunun 3-də idman dünyası yasa qərq oldu. Həmin gün idmanın parlaq siması Məhəmməd Əli həyatla vidalaşdı. O, təkcə uğurlu karyeraya malik idmançı yox, həm də şəxsiyyət idi. Hətta boksla maraqlanmayanlar, onun döyüşlərini belə görməyənlər də Əliyə pərəstiş edirlər. O, bütün dünyada milyonlarla gənc üçün indi də örnəkdir. Hələ bundan sonra da milyonlara örnək olacaq. Əli bunu apardığı mübarizə ilə haqq edib. Kimdir Məhəmməd Əli? Onu insanlara sevdirən nədir, hansı hissdir?

Velosipedi oğurlandı, boksa başladı
Kassius Marsellus Kley 2-ci dünya müharibəsinin qızğın çağında, 1942-ci il, yanvarın 17-də Kentuki ştatının Luisvill şəhərində dünyaya göz açıb. Onun atası reklam sahəsində çalışırdı. Anası isə evdar qadın idi. Kley hələ kiçik yaşlarından yaşadığı Luisvildə irqi ayrı-seçkiliyə məruz qalırdı. Həmin vaxtlar ABŞ-da qaradərililərə qarşı tez-tez hücumlar olurdu. O, sonradan müsahibələrinin birində uşaq vaxtı keçirdiyi hissləri belə izah edirdi:
"Hətta İsa bütün rəsmlərdə ağdərili kimi göstərilirdi. Daha sonra nəinki İsa, hətta bütün mələklərin belə rəsmlərdə ağdərili kimi təsvir edildiyini gördüm. Bir gün mən anamdan soruşdum - ana biz öləndən sonra cənnətə gedəcəyik?"
1954-cü ildə atası Kleyə həmişə xəyalında olduğu velosipedi almışdı. 12 yaşlı Kley velosipedə minərək, ən yaxın dostu ilə birgə şəhər gəzintisinə çıxır. Ancaq tezliklə güclü yağış yağmağa başlayır. Kley və dostu yağışdan qorunmaq üçün yaxınlıqdakı sərgi salonuna girirlər. Sərgi o qədər maraqlı olur ki, onlar içəridə saatlarla qalırlar. Ordan çıxdıqda isə balaca Kley xoş olmayan sürprizlə qarşılaşır. Onun velosipedi oğurlanmışdı. Kley göz yaşları içində velosipedini axtarmağa başlayır. O, velosipedini axtararkən, boks zalına daxil olur. Həmin vaxt burda gördüyü mənzərə onu heyran edir. Boks zalının nəzarətçisi olan qaradərili polis Co Martin balaca Kleydən nə axtardığını soruşur. O, başına gələnləri Martinə danışır. Polis ona "burda ancaq boksla məşğul olurlar, yazılmaq istəmirsən" deyə soruşur və qeydiyyat üçün forma təqdim edir. Beləliklə, əfsanəvi boksçunun möhtəşəm karyerası başlayır.
Boksa başladığı vaxtlarda Kley 55 kq çəkidə, çəlimsiz bir uşaq idi. Ancaq gərgin məşqlərlə o, özünü bir xeyli inkişaf etdirir. "Həmişə məşqlərə nifrət etmişəm. Ancaq uğura aparan əsas yolun məhz gərgin məşqlərdən keçdiyini bildiyimdən, var qüvvəmlə çalışmışam" deyirdi.

Olimpiya çempionu oldu, kafeyə buraxmadılar
Tezliklə Kleyin gərgin məşqləri öz bəhrəsini verir. O, ABŞ-da ştatlararası yarış olan "Qızıl Əlcək" turnirini 6 dəfə qazanır. Kley bu göstəriciylə rekorda imza atır. Çox çəkmir ki, boks üzrə ABŞ yığmasının qapıları bu istedadlı gəncin üzünə açılır. Kley 1960-cı ildə boks üzrə ABŞ yığmasının heyətində Roma Olimpiadasına yollanır. Olimpiada onun qatıldığı ilk böyük yarış idi. O, 81 kq-dək çəki dərəcəsində finala qədər irəliləyir. Həlledici görüşdə polşalı rəqibini də məğlub edən Kley Olimpiadanın qızıl medalına sahib çıxır.
Romadakı qələbəsindən sonra Kley həvəskar boksla vidalaşaraq, peşəkar boksa yönəlir. Həvəskar boksçu kimi 105 döyüş keçirən Kley, bu qarşılaşmaların 100-də qələbə qazanır. İtaliya paytaxtındakı qələbədən sonra vətəninə qəhrəman kimi qayıdır. Ancaq onun Amerika üçün etdiyini yerli irqçilər görmək belə istəmirdilər. Olimpiadadan qayıtdıqdan sonra doğma Luisvildə kafeyə girmək istəyərkən, qaradərili olduğu üçün onu ora buraxmırlar. Kley "mən bu ölkə üçün döyüşüb, çempion olmuşam, mənə təşəkkürünüz budur" sualını verir. Ancaq onun bu sözləri də kafedə çalışanları yumşaltmır. Bu hadisə Kleyin gələcək həyatında radikal dəyişikliklərə səbəb olur. Hələlik isə o, peşəkar karyerasında da uğurları sıralamaqda davam edirdi.
O, 1964-cü ildə, cəmi 22 yaşında ağır çəkidə ilk dünya çempionluğunu qazanır. Bu çempionluq onun dünyadakı nüfuzunu bir az da artırır. Ancaq bundan sonra qəbul etdiyi qərar hətta dünya çempionluğunu da kölgədə qoyur.

Kassius Kley yox, Məhəmməd Əli!
1964-cü ildə Kley İslam dinini qəbul etdiyini açıqladı. Malkolm X-lə dost olduğu deyilən Məhəmməd "qaradərili müsəlmanlar" hərəkatının üzvü olur. İslamı qəbul etdiyi ilk illərdə Kley X ləqəbi götürən Kley, sonradan İslam peyğəmbəri Məhəmmədin şərəfinə özünü Məhəmməd Əli adlandırır. Onun bu addımı ABŞ-da böyük rezonans doğurdu. Məhəmməd adını aldığı ilk illərdə hətta bəzi jurnalistlər onu hələ də Kley olaraq çağırırdılar. O isə inadla özünün müsəlman, adının isə Məhəmməd Əli olduğunu bildirirdi. Onun İslamı seçməsində əsas amil isə heç şübhəsiz, bu dinin irqlərə fərq qoymaması idi.

Məhəmməd Əli ABŞ hökumətinə qarşı
1967-ci ildə onun karyerasına böyük zərbə olan, ancaq dünyada daha çox sevilməsinə səbəb olacaq hadisə baş verir. Məhəmməd Əli Vyetnamla müharibə aparan ABŞ ordusuna çağırılır. O, ABŞ ordusunda xidmət etməkdən, vyetnamlılara qarşı döyüşməkdən imtina edir. Əli qərarını ABŞ-ın apardığı müharibənin Quranın təlimlərinə zidd olmasıyla əsaslandırırdı. Məhəmməd Əlinin müsahibələrindən birində işlətdiyi bir cümlə isə bu məsələdə son nöqtəni qoydu: "Vyetnam xalqı mənə heç bir pislik etməyib ki, onlarla döyüşüm”. O, ABŞ-ın apardığı müharibənin haqsız olduğunu deyirdi. Onun kimi qaradərili minlərlə vətəndaşla insan kimi rəftar edilmədiyi bir zamanda, ABŞ ordusunun sıralarında vyetnamlılara qarşı döyüşməsini haqsızlıq sayırdı:
"Fərari deyiləm. Nə bayrağımızı yandırıram, nə də ki, Kanadaya qaçıram. Burda qalacağam. Məni həbs etmək istəyirsiz? Olsun, istədiyinizi edə bilərsiniz. Onsuz da 400 ildir ki, həbsdəyəm. Bir neçə il artıq həbsdə olacağam. Amma kasıbları öldürmək üçün 15 min km. yol qət edib, qatillərə kömək etməyəcəm. Ölmək istəsəm, burda ölərəm. Sizinlə döyüşərək. Mənim düşmənim sizsiniz. Çinlilər, vyetnamlılar və ya yaponlar deyil. Azadlığımı, haqqımı tələb etdiyim zaman mənə qarşı çıxdınız. İndi məndən sizin üçün döyüşməyimi istəyirsiniz? Mən haqlarımı və dini azadlığımı əldə etmək üçün mübarizə aparanda, siz mənə ABŞ-da dəstək vermədiniz. Öz vətənimizdə belə məni dəstəkləmədiniz. Xeyr, heç vaxt sizə dəstək verməyəcəm. Çünki heç bir vyetnamlı küçədə gəzərkən, mənim arxamca "iyrənc zənci" deyərək, bağırmayıb".

Həbs həyatı və boksa qayıdış
Məhəmmədin bu çıxışı ona baha başa gəlir. Karyerasının zirvəsində olan, bu hadisəyədək peşəkar rinqdə keçirdiyi 29 döyüşün hamısında qalib gəlmiş Məhəmməd ABŞ Boks Federasiyası tərəfindən bütün titullarından, lisenziyasından məhrum edilir.
Əsgərlikdən yayındığına görə 5 il müddətinə azadlıqdan məhrum edilməklə yanaşı, 10 min dollar məbləğində cərimə edilir. Ancaq pərəstişkarları boksçunun həbsdən azad olunmasını tələb edirdilər. Nəhayət, 1970-ci ildə Məhəmməd Əli azadlığa buraxılır və lisenziyası özünə qaytarılır. Boksdan ayrı qala bilməyən Məhəmməd Əli döyüşlərini davam etdirir. 1971-ci ilin martın 8-də o, peşəkar rinqdə ilk məğlubiyyətlə üzləşir. 32-ci döyüşündə Co Freyzerə uduzur. Ancaq sonradan keçirilmiş revanş görüşündə Məhəmməd Freyzerdən bu məğlubiyyətin əvəzini çıxır. 1974-cü ildə isə Məhəmməd ikinci dünya çempionluğunu qazanır.
1978-ci ildə Əli Leon Spinksə məğlub olur. Bu, onun peşəkar karyerası ərzində üzləşdiyi 3-cü məğlubiyyət idi. Ancaq Spinksə qarşı revanş oyununda da qalib gələn Əli, 3-cü dəfə dünya çempionu olur. Bununla da 3 dəfə dünya çempionu olmuş ilk boksçu kimi tarixə düşür. 1981-ci ildə Trevor Berbikə qarşı keçirdiyi döyüş Əlinin karyerasında sonuncu olur. Bir neçə il sonra isə əfsanəvi boksçuda parkinson xəstəliyinin olduğu üzə çıxır.

Xilaskar Əli

Karyerasını bitirdikdən sonra Əli yaşayan əfsanəyə çevrilir. Xəstəliyi günü-gündən şiddətlənsə də, Məhəmməd Əli ictimai məsələlərdə fəal iştirak edirdi. 1981-ci ildə o, bir daha insanları yaxşı mənada təəccübləndirdi. Belə ki, intihar etməyə hazırlaşan bir vyetnamlı gənc Məhəmməd Əli ilə görüşmək istədiyini bildirdi. Onu xilas etməyə çalışan insanlar əlacsız qalmışdılar. Əfsanəvi boksçunun özünü öldürmək istəyən bir gəncin ayağına gələcəyini ehtimal belə etmirdilər. Ancaq Əli hadisə yerinə gəlir və 30 dəqiqəlik söhbətdən sonra gənci intihar fikrindən daşındırır. Hadisədən sonra bütün qəzetlər Məhəmməd Əlinin bu sözlərinə manşetdə yer verdilər: "Bir həyat qurtarmaq, bütün çempionluqlardan daha önəmlidir”.
1990-cı ildə isə bütün dünyanın diqqəti İraqda idi. İraqın diktatoru Səddam Hüseyn ABŞ-la münasibətlər kəskinləşdikdən sonra aralarında Amerika vətəndaşları da olan əcnəbiləri girov saxlamışdı. Bu hadisəni eşidən Məhəmməd Əli heç bir şeydən çəkinmədən İraqa yollanır. Onun bu hərəkətini ABŞ-da bir çoxları qısqanclıqla qarşılayır. Səddam Hüseyn Əlini böyük hörmətlə qəbul edir. Səddam Hüseynlə görüşündə o, "bura siyasətçi kimi yox, müsəlman kimi gəlmişəm" deyir. Səddamla görüş öz bəhrəsini verir və Məhəmməd girovluqdan azad etdiyi 15 ABŞ vətəndaşı ilə vətənə yola düşür.
1996-cı ildə ABŞ-da təşkil edilən Atlanta Olimpiadasında olimpiya məşəlini yandırmaq missiyası Məhəmməd Əliyə həvalə edilir. 2001-ci ilin 11 sentyabr hadisələri zamanı Məhəmməd Əli terror aktı törədilmiş məkana getməyi özünə borc bilir. Əli hadisə yerində jurnalistlərə açıqlamasında İslam dininin terrora heç bir aidiyyəti olmadığını bildirir. Jurnalistlərdən birinin "bu hadisəni törədən insanlarla eyni dinə mənsub biri olaraq nələr hiss edirsiz" sualına "siz Hitlerlə eyni dinə mənsub olan biri kimi nələr hiss edirsizsə, mən də onu hiss edirəm" cavabını verir.
2002-ci ildə Məhəmməd Əli BMT-nin sülh elçisi kimi Əfqanıstana səfər edir.
Məhəmməd Əli doğma şəhərində - Luisvilldə dəfn edildi. Onun vida mərasimi 15 min tamaşaçı tutumuna malik stadionda keçirildi. Əfsanəvi boksçunun dəfnində bir çox tanınmış simalar, dövlət xadimləri iştirak etdi.
Məhəmməd Əli təkcə əfsanəvi idmançı yox, həm də, əsl şəxsiyyət idi. Təsadüfi deyil ki, bir çox nüfuzlu qəzetlərin, jurnalların keçirdiyi sorğuların nəticəsinə əsasən, Məhəmməd Əli Abert Eynşteynlə birgə 20-ci əsrin ən məşhur şəxsiyyəti seçilib. Onun məşhurluğuna, sevilməsinə əsas səbəb isə boksdakı uğurları yox, haqq uğrunda mübarizə aparması idi.
Məhəmməd Əli haqqında maraqlı faktlar:
- Əfsanəvi boksçunun təyyarə fobiyası var idi. Onun qızı Məryəm Əli "atamın qorxduğu tək şey təyyarə idi" demişdi.
- Məhəmməd Əli "I am Greatest" (Ən böyük mənəm) adında musiqi albomu çıxarıb.
- Onun sehrbazlıq qabiliyyəti də var idi. Ancaq İslamı qəbul etdikdən sonra insanları aldatmağın düzgün olmadığını bildirdi və bir daha sehrbazlıq etmədi.
- "Kəpənək kimi uçub, arı kimi sancaram" sözləri məhz Məhəmməd Əliyə məxsusdur.
- Hollivudda Məhəmməd Əlinin şərəfinə ulduz qoyulub. Ancaq digər məşhur şəxslərdən fərqli olaraq Məhəmməd Əlinin şərəfinə qoyulmuş ulduz yerdə yox, divardan asılıb. Belə ki, boksçu peyğəmbərin adının yerdə yazılmasına razı olmadığından, onun ulduzu digər məşhurlarınkı kimi yerə yox, divara vurulub.



banner

Oxşar Xəbərlər