AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ Ermənistanla bağlı prioritetlərini dəyişir

ABŞ Ermənistanla bağlı prioritetlərini dəyişir

Siyasət
10 Yanvar 2013, 11:19 1629
Birləşmiş Ştatlar erməni lobbisinin güclü təzyiqlərinə və təsir vasitələrinə baxmayaraq, Ermənistan üçün hər il ayırdığı ənənəvi yardımların həcmini azaltmaq qərarına gəlib. Belə ki, ABŞ-ın Ermənistana 2011-ci ildə 21,1 mln. dollar təşkil edən humanitar yardımı 2012-ci ildə 12,4 mln. dollara enib. O da qeyd edilir ki, ötən ilin yanvar-noyabr aylarında Ermənistana müxtəlif ölkələrdən bütövlükdə 55,9 mln. dollar humanitar yardım daxil olub. 2011-ci ilin analoji dövrü ilə müqayisədə humanitar yardımın həcmi 2,9% və ya 2,5 mln. dollar azalıb. Əksər ekspertlər hesab edir ki, ABŞ-ın yardımlarının azalması ABŞ-ın bu ölkə ilə münasibətlərində prioritetlərinin dəyişilməsinə işarədir. Düzdür, həm ABŞ, həm də Ermənistan rəsmiləri hal-hazırda ABŞ-la Ermənistan arasındakı münasibətləri tarixi maksimum səviyyədə təqdim edirlər. Amma bəzi məsələlər ilk baxışdan izah olunmaz qalır. Bu, ilk növbədə ABŞ-da ermənilərdən ibarət cinayətkar şəbəkənin üzə çıxmasında, eləcə də İran-Ermənistan əməkdaşlığında özünü göstərir. ABŞ-da ermənilərdən ibarət cinayətkar şəbəkə faş ediləndən sonra Vaşinqton Ermənistana sərt viza rejimi tətbiq edib və bu da Ermənistan hökuməti və diaspor təşkilatları tərəfindən sərt tənqid edilməkdədir. Ermənistanın ABŞ-dakı səfiri Armen Kirakosyan hökumətin və diaspora təşkilatlarının etirazlarını koordinasiya edib. Diaspor təşkilatları Ədliyyə Nazirliyinin bu qərarını dəyişdirmək üçün minlərlə faks göndərərək etirazlarını bildirib.

Onu da qeyd edək ki, Ermənistan müstəqilliyini elan edəndən sonra İsraildən sonra ABŞ-dan adambaşına ən çox maliyyə yardımı alan ikinci dövlət olub. Ərazisində Rusiya hərbi kontingentinin olmasına rəğmən, ABŞ Ermənistana bir çox sahələrdə maliyyə və texniki köməklik göstərib. Sənaye, enerji, kənd təsərrüfatı infrastrukturunun yenidən qurulması üçün müxtəlif layihələr həyata keçirib. Birdən-birə bu yardımların azalması bir sıra mətləblərdən xəbər verir. Bəlli olduğu kimi, ötən il Avropa Birliyi və Birləşmiş Ştatlar İrana qarşı sərt iqtisadi sanksiyalar tətbiq etdilər. Ağ ev və Avropa ölkələri bu yolla İranın nüvə proqramından əl çəkəcəyini düşünürdülər və deyək ki, bu addımlar bir qədər effektli də oldu.

Lakin Ermənistan bu sanksiyaları qulaqardına vuraraq İranla bütün sahələrdə əməkdaşlığı davam etdirməyə üstünlük verdi. Hazırda isə Ermənistan İrandan idxal edilən mallar üzərindən embarqonun götürülməsi üzrə İran İslam Respublikası ilə danışıqlar aparır. Ermənistan iqtisadiyyat naziri Tiqran Davtyan məlumat verib ki, bu istiqamətdə həm rəsmi, həm qeyri-rəsmi səviyyədə danışıqlar aparılır. Onun sözlərinə görə, Ermənistan hökuməti embarqonun onlara şamil edilməməsinə nail olmağa çalışır. Lakin adətən ticarət məhdudiyyətləri bütün dövlətlərə aiddir. İran noyabr ayının əvvəlindən 52 növ malın ixrac edilməsini qadağan edib. Bu, İran üzərinə tətbiq edilən beynəlxalq sanksiyalar nəticəsində ölkənin daxili bazarında bəzi malların çatışmazlığı ilə bağlıdır. “Xüsusi bir ölkə üçün xüsusi münasibətə nail olmaq çox çətindir” – deyə nazir deyib. Ermənistan sahibkarları İrandan alınmasına qadağa qoyulan malların Avropa və MDB ölkələrindən idxal edilməsinə çalışırlar. İran xammalının çatışmazlığı ucbatından artıq bir sıra Ermənistan müəssisələri dayanıb. Bu müəssisələrdə əsasən süd qutuları, parnik üçün polietilen plyonka və tara istehsal olunur. Bu barədə məlumat verən “Joğovurd” (“Xalq”) qəzeti vəziyyəti təcili surətdə sahmana salmaq məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinin İranla danışıqlara başladığını bildirmişdi. İrandan başqa Ermənistana polimer xammal Rusiyadan, Çindən, Cənubi Koreyadan, Səudiyyə Ərəbistanından da idxal edilir, lakin bu, nisbətən baha başa gəlir və istehsalatın maya dəyərinin artmasına səbəb olur. Qəzet bunun nəticəsində Ermənistanda qiymətlərin 7 faizədək artdığını qeyd edir.

Beynəlxalq sanksiyalarla sıxışdırılan İran bank fəaliyyətini də Ermənistanda genişləndirmək istəyir. Bu barədə "Reuters" agentliyinin yaydığı məqalədə bildirilir ki, İran qonşu Ermənistana artan marağını Qərb ölkələri və xüsusi xidmət orqanları tərəfindən “nüvə proqramının boğulması” ilə bağlı beynəlxalq təzyiqlər atdığı bir şəraitdə göstərir. “İranla sıx əlaqələri olan və Avropa Birliyi ilə daha yaxın münasibətlərin yaradılması üçün böyük səylər sərf edən Ermənistan kimi keçmiş sovet respublikasında yerli valyuta üçün dayaq Tehran üçün xarici müştərilərlə ödənişlərin gizlədilməsini və İranın nüvə proqramının genişlənməsinin qarşısını almağa çalışan Qərbi aldatmağın yollarını asanlaşdırır” - deyə məqalədə bildirilir. "Reuters" qeyd edir ki, erməni vəzifəli şəxsləri İranla qeyri-qanuni bank əlaqələrini etiraf etmirlər. Lakin buna baxmayaraq, amerikalı məmurlar onları ancaq maliyyə nəzarətinin artırılacağı ilə bağlı xəbərdarlıq etməklə kifayətlənirlər. Məqalədə vurğulanan əsas məqamlardan biri də İranla Ermənistanın neft kəməri sahəsindəki ticarət əməkdaşlığıdır. Daha doğrusu, 2014-cü ildə tikintisinə başlanacaq neft kəməri transsərhəd bank fəaliyyətinin müəyyən formasını tələb edir. İran prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, iki ölkə arasında illik ticarət dövriyyəsi 1 milyard dollar təşkil edir. Bütün bunlar isə ABŞ-da narahatçılıq doğurmaya bilməzdi. Elə bu yaxınlarda Vaşinqton məsələ ilə bağlı narahatlığını Ermənistanın rəsmi şəxslərinə də bildirib.

Bir faktı da qeyd edək ki, təhlükəsizlik və hərbi sənaye baxımından tamamilə Rusiyanın nəzarətində olan Ermənistana son zamanlarda ABŞ hərbiçilərinin ziyarəti də artıb. Bu da əlbəttə təsadüfi deyil. ABŞ Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmağa cəhd edir. İqtisadi, siyasi və maliyyə sahələrindəki əməkdaşlığı hərbi və müdafiə sənayesi çərçivəsində də həyata keçirməyə çalışan ABŞ buna nə qədər nail olacaq hələlik məlum deyil. Əhəmiyyətli olan belə bir addımın atılmasıdır. ABŞ-ın bu siyasəti ilə bağlı Rusiya mətbuatında müxtəlif fikirlərin ifadə edilməsinə baxmayaraq, Kreml təmsilçiləri tərəfindən hələlik heç bir rəsmi münasibət bildirilməyib.

Azər NURİYEV