• çərşənbə, 24 Aprel, 04:45
  • Baku Bakı 14°C

ABŞ-dan Gürcüstana hərbi dəstək

25.11.17 09:30 4980
ABŞ-dan Gürcüstana hərbi dəstək
Birləşmiş Ştatlar Gürcüstan ilə hərbi əməkdaşlıq proqramı çərçivəsində bu ölkəyə hərbi yardımları genişləndirmək qərarına gəlib. Rəsmi Vaşinqtonun hərbi strukturuna daxil olan Təhlükəsizlik sahəsi üzrə əməkdaşlıq Agentliyi Gürcüstana 410 ədəd özühədəf alan raket qurğusu və 75 ədəd komanda-buraxılış sistemləri verəcək. "Qruziya-Online” portalı xəbər verir ki, rəsmi Tbilisi sovetdən qalma silahların mərhələli şəkildə NATO standartlarına uyğun olanlarla əvəzlənməsi prosesini həyata keçirir. Proses çərçivəsində "M240” pulemyotları və "M4” avtomat tüfəngləri də əldə olunacaq. Silahlar ABŞ-ın illik yardım çərçivəsində Gürcüstana ayırdığı vəsaitlər hesabına alınacaq. "Civil.ge” nəşri yazır ki, ən əsası, gürcü ordusu Birləşmiş Ştatların tank əleyhinə "Javelin” raket kompleksi ilə təchiz olunacaq. Bu sistem ən qüdrətli daşınan tank əleyhinə müdafiə sistemi hesab edilir, hazırda ABŞ hərbi və dəniz hərbi birləşmələrində geniş şəkildə istifadə olunur. Agentliyin məlumatına görə, bu sistemlər Gürcüstanın təhlükəsizliyi üçün mühüm rol oynayacaq. İnformasiyada xüsusi vurğulanır ki, bu sistem Gürcüstanın milli müdafiəsi ilə bağlı təhlükəsizlik imkanlarını gücləndirmiş olacaq. Eləcə də, bu sistemin regionda əsas hərbi balansı dəyişməyəcəyi, hər hansı bir mənfi təsiri olmayacağı qeyd edilib. Agentlik onu da bəyan edib ki, satış barədə ABŞ Konqresi məlumatlandırılıb. Bu sövdələşmədən bir həftə öncə Gürcüstanın müdafiə naziri Levan İzaoriya Birləşmiş Ştatlarda səfərdə olub və amerikalı həmkarı Ceyms Mattislə görüşüb. Görüş zamanı Gürcüstanın yeni müdafiə qabiliyyəti proqramı müzakirə olunub. Gürcüstan tərəfi də bəyan edib ki, yeni sistem ölkənin müdafiə qabiliyyətini gücləndirəcək, silahlar isə yalnız və yalnız müdafiə üçün istifadə olunacaq.
Xarici işlər nazirinin müavini David Zalkaliani bəyan edib ki, "bu qərar iki suveren dövlətin mənafeyini, iki ölkə arasında son illər daha da güclənən strateji tərəfdaşlığı göstərir. Yeni sistem hücum xarakterli olmayıb, özünün texniki xarakteristikası ilə sırf müdafiə məqsədləri üçün nəzərdə tutulub”.
Gürcüstan parlamentinin müdafiə komitəsinin sədri İrakli Sisiaşvili öz şərhində bildirib ki, bu qərar Gürcüstana müdafiə sahəsində etibar və inamın göstəricisidir. "Bu addım sülh və təhlükəsizliyə dəstək olacaq. Qeyd etmək istərdim ki, bu effektiv müdafiə vasitələrindən biri olub, bizim regionda sülh və əmin-amanlığın olmasına xidmət edir”, - deyə komitə sədri vurğulayıb.
Yeni sövdələşmə Rusiya tərəfindən qısqanclıqla qarşılanıb. Məsələn, erməni saytında dərc edilən məqaləsində rusiyalı ekspert Aleksandr Xramçixin belə bir sualla çıxış edib - "Gürcüstan bu sistemi hansı məqsədlərlə əldə edir”. Dərhal da özü sualı cavablandırıb. Onun fikrincə, Gürcüstan bu sistemi qonşularına qarşı istifadə etməyə çalışıb: "Ermənistanla münaqişəyə girmək qəribə olardı. Ermənistan özünün hərbi potensialına görə Gürcüstandan güclüdür. Rusiya da bu ölkə ilə müttəfiqlik münasibətlərində onu yalnız qoymayacağını açıq bəyan edir”. Əlavə edib ki, Azərbaycana qarşı da Gürcüstan heç bir zaman çıxış etməz. Ekspert sonda belə bir qənaətə gəlir ki, Tbilisi üçüncü ölkəyə də bu silahı sata bilməz. Çünki, bu Birləşmiş Ştatlar tərəfindən narazılıqla qarşılana bilər. "Əgər bu baş versə belə, Vaşinqton bu silahın harada olmasını izləyəcək”, - deyə ekspert bildirib.
Öz növbəsində "EvrasiaNet” yazır ki, Birləşmiş Ştatlar tək hərbi sahədə deyil, informasiya sahəsində də Gürcüstana yardım göstərmək niyyətindədir. Nəşr yazır ki, ABŞ Rusiyanın bu ölkəyə qarşı dezinformasiya mübarizəsində Tbilisiyə effektiv yardım göstərəcək. Qeyd edilir ki, Kreml Gürcüstan vətəndaşlarının Qərb istiqamətindən yayındırmaq istiqamətində hər cür vasitədən istifadə strategiyası hazırlayıb və iki ildir ki, həyata keçirir. Bu da Vaşinqtonun diqqətindən yayınmayıb. ABŞ bu səbəbdən də postsovet məkanında antiqərb və antiliberal təbliğata qarşı vəsaitlər ayırmağa başlayıb. Artıq ABŞ-ın Gürcüstandakı səfirliyi bu məqsədlə 250 min dollarlıq qrant alıb. Bu vəsait avroatlantik inteqrasiya ideyasının populyarlaşdırılması işlərinə sərf olunacaq. Narahatçılıq üçün əsas da var. Belə ki, nəşrdə dərc edilən məqalədə o da qeyd edilir ki, Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda ölkədə konservativ elementlər əks-hücuma keçiblər. Onlar iddia edirlər ki, Avropa ilə əlaqələr Gürcüstan iqtisadiyyatına, ənənələrinə ciddi zərbə vurur.
Azər
banner

Oxşar Xəbərlər