• cümə, 29 Mart, 08:37
  • Baku Bakı 5°C

ABŞ-da Azərbaycan musiqisini təbliğ edən skripkaçı

29.01.20 10:00 4356
ABŞ-da Azərbaycan musiqisini təbliğ edən skripkaçı
Azər Dəmirov: "Musiqi ilə həyat maraqlıdır, amma...”

Musiqi mədəniyyətimizi vətəndən uzaqda, xarici ölkələrdə təmsil etmək çox məsuliyyətli işdir. İstedadlı gənclərimizin bu işin öhdəsindən məharətlə gəlməsi çox qürurverici və sevindirici bir haldır. Musiqimizi bir çox xarici ölkələrdə və Amerikada uğurla təmsil edən istedadlı skripka ifaçılarından biri də Azər Dəmirovdur.
Gənc və istedadlı skripka ifaçısı, sənətşünaslıq namizədi Azər Dəmirov Rusiya Federasiyasının Samara şəhərində anadan olub. Yeddiillik musiqi təhsilini də Samara şəhərində aldıqdan sonra Moskva Dövlət Konservatoriyasının nəzdində Akademik Musiqi Kollecində təhsilini davam etdirib. Daha sonra Amerikanın bir neçə universitetlərinə öz ifalarından ibarət videoyazı göndərmək qərarına gəlir və Filadelfiya şəhərində (Pensilvaniya ştatı) yerləşən Temple Universitetindən "Artis diplom” proqramı üzrə təhsil alma təklifini dəyərləndirir. Bu proqramı başa vurduqdan sonra orada bir il bakalavr və iki il magistratura təhsili alaraq, doktorantura pilləsinə yüksəlir (sənətşünaslıq namizədi). Hal-hazırda isə Boyer Musiqi və Rəqs Kollecində oxuyur və işləyir, həmçinin doktorluq dissertasiyası üzərində çalışır.
- Azər bəy, niyə məhz skripka?
- Səkkiz yaşım olanda anam məni musiqi məktəbinə apardı və skripka sinfinə yazdırdı. Başqa variant yox idi, yalnız skripka. Anam skripkanı çox sevirdi. Sovetlər zamanı televizorda Koqanı çox göstərirdilər. Hər dəfə onun ifasında "Karmen” fantaziyasını maraqla dinləyirdi və istəyirdi ki, mən də "Karmen” fantaziyasını onun kimi ifa edə bilim. Anamın bu sevgisi sayəsində 1-ci sinfə musiqi məktəbində başladım və ilk 7 il mənə çətin oldu. Sonra özümdə potensial olduğunu anladım, hiss etdim ki, məndə bu alına bilər. Musiqi təhsilimi davam etdirmək üçün də 15 yaşımda Moskvaya getdim.
- Musiqinin həyatınızın ayrılmaz bir hissəsi olduğunu anladınız, eləmi?
- Bəli, 15 yaşımda. O vaxta qədər tam anlamırdım, musiqiyə olan marağı, istəyi.
- Böyük səhnəyə ilk çıxışınız nə vaxt və harada olub?
- Böyük səhnədə ilk çıxışım Samara şəhərində olub. On bir yaşımda ilk dəfə orkestrlə ifa etdim. Üç dəfə "Lalo” simfoniyasını və Vivaldinin "Qış fəslini” ifa etmişdim. Ondan əvvəl də uşaqlar üçün olan müxtəlif konkurslarda iştirak edirdim.
- Hər bir insanın həyatında onu müəyyən peşəyə, sənətə sevdirən müəllimi olur, Sizə bu sənəti sevdirən ananızdan savayı, başqa müəllimlər olubmu?
- Mənim ilk pedaqoqum Samarada Tatyana Petrovna İvanova olub. Sonra isə bütün pedaqoqlarım, professorlarım (Marina Kesselman, Marina Yaşvili, Valeriy Vorona) mənim peşəkar musiqiçi olmağımda mühüm rol oynayıblar. İndi Amerikada professor Eduard Şmiederdən dərs alıram. O, görkəmli skripka ifaçısı, Oistrax və Vaymenin tələbəsi, beynəlxalq müsabiqələrin laureatıdır. Çox mükəmməl pedaqoqdur.
- Amerikadakı təhsil həyatından danışa bilərsinizmi? Amerika ilə Rusiya təhsili arasında fərq varmı?
- Bəli, fərq var. Əlbəttə, öncə həyat səviyyəsi orada tamam fərqlidir, insanlara qarşı münasibət də başqadır, Rusiya və Azərbaycanla müqayisədə mentalitet də çox fərqlənir. Klassik musiqiyə maraq orada daha yüksəkdir, daha çox hörmət edirlər. Bilirəm ki, Azərbaycanda da klassik musiqiyə yüksək dəyər verilir.
- Amerikaya ilk dəfə gələrkən uyğunlaşmaq çətin oldu?
- Əvvəlcə hava şəraitinə uyğunlaşmaq çətin oldu. Sonra dil problemi yaşadım. Çünki Amerikaya gələndə ingilis dilini heç bilmirdim. Bura gəldikdən sonra ingilis dilini təxminən iki ilə sıfırdan öyrəndim. Uzun müddətdən sonra deyə bilərəm ki, ingilis dilinə artıq mükəmməl yiyələnmişəm, nəzərə alsaq ki, müxtəlif məqalələr, esseləri məhz ingilis dilində yazıram. Hətta dissertasiya işimi də ingilis dilində yazmışam.
- Musiqimizi Amerikada təmsil edirsiniz, musiqiçilər və auditoriya tərəfindən necə qarşılanır?
- Amerikada Azərbaycan Respublikasının 100 iliyinə həsr olunan konsertdə Fikrət Əmirovun muğam poemasını və tanınmış pianoçu Nərgir Əliyarova ilə birlikdə Arif Məlikovun romansını ifa etdik. Amerikalılar çox böyük dəyər verirlər, sevirlər bizim milli musiqini, məmnuniyyətlə musiqimizi dinləyirlər, ümumiyyətlə, onlar müxtəlif ölkələrin folkloru ilə çox maraqlanırlar. Hətta Filadelfiya Simfonik Orkestri Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovun əsərlərinə tez-tez müraciət edir. Yəni musiqimiz burada tanınır və çox sevilir.
- Gələcək planlarınızdan danışardınız, müəllimlik keçirmi fikrinizdən?
- Gələcək planlarıma, pedaqoqlarım və professorlarımdan aldığım bütün biliklərimi tələbələrə öyrətmək, onlarla paylaşmaq daxildir. Əlbəttə ki, konsertlər vermək də planlarımda var. Müxtəlif festivallar təşkil edib, gənc
musiqiçiləri dəvət etmək olar. Bu, gələcək nəsillər üçün çox vacibdir.
- Bir çox musiqiçinin həyatında sevimli bəstəkarı və əsəri olur. Sizdə necədir?
- Bir neçə belə bəstəkar və əsər var. Amma onu deyim ki, nədənsə romantik musiqini ifa etmək mənə daha rahatdır. Bilmirəm, bəlkə də bu məndə yaxşı alınır, ya da ürəyimə romantik musiqi daha yaxındır. Romantik bəstəkarlardan Raxmaninov, İzzai, Çaykovski, Brams və s. sevimli bəstəkarın adını çəkə bilərəm.
- Fəaliyyətinizi Azərbaycanda davam etdirmək istəyirsiniz?
- Böyük məmnuniyyətlə. Çox istərdim.
- Azərbaycanlı musiqiçilərlə birgə konsert təşkil etmək nə dərəcədə mümkündür?
- Əla olardı. Həmyerlilərimlə birgə proyekt hazırlamaq çox gözəl olardı. Bu barədə düşünmək lazımdır.
- Tanınmış skripka ifaçılarından kimləri dinləyirsiniz?
- Daha çox Yascha Heifetz, David Oistrax, Leonidas Kavakos, Maksim Vengerovun ifasını dinləyirəm.
- Yəqin ki, musiqi artıq həyat fəlsəfənizə çevrilib...
- Bəli. Çünki musiqi ilə həyat maraqlıdır. Musiqi təkcə skripkadan, skripka ifa etməkdən ibarət deyil. Musiqiyə aid kitablar oxuyub, müxtəlif məlumatlar əldə etmək, konsertlərə getmək... Bir sözlə, musiqi insanı daha da motivasiyalı və nikbin edir.
İsgəndərova Ofelya,
Bakı Musiqi Akademiyasının magistrı
banner

Oxşar Xəbərlər