• cümə, 19 Aprel, 07:29
  • Baku Bakı 13°C

ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ

16.04.16 10:57 2822
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ
Prezident İlham Əliyevin ABŞ-a sonuncu səfərindən sonra iki ölkə arasında iqtisadi əlaqələrdə xüsusi dinamika müşahidə olunur. Belə ki, prezident hələ ABŞ-da olarkən bu dövlətin ticarət naziri Penni Pritzker ilə görüş keçirdi. Nazirlə söhbət zamanı ölkəmizdə gedən iqtisadi proseslər, işsizliyin aradan qaldırılması və qarşısının alınması ilə bağlı görülən tədbirlər, iqtisadiyyatın daha da inkişafı baxımından gömrük və vergi sahələrində aparılan islahatlar, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları, ticarət əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə edildi, "Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyəti vurğulandı. Həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Amerika şirkətlərinin ölkəmizdəki fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident bir neçə gün öncə Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edərkən də bu haqda danışıldı. Palataya daxil olan şirkətlərin ölkəmizin iqtisadi inkişafına böyük töhfə verdiyini qeyd edən ölkə başçısı belə uzunmüddətli tərəfdaşlığa görə minnətdarlığını ifadə etdi: “Bildiyiniz kimi, bu yaxınlarda mənim Birləşmiş Ştatlara olduqca uğurlu səfərim baş tutdu. Mən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdim və eyni zamanda, ABŞ-ın siyasi rəhbərliyi, vitse-prezidenti, dövlət katibi ilə görüşlər oldu. Biz ikitərəfli gündəliyimizə aid mühüm məsələləri, siyasi, təhlükəsizlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlığı müzakirə etdik. İqtisadi əməkdaşlığımız əsasən ticarət naziri ilə görüşüm zamanı müzakirə olundu. Əslində biz sizin də Azərbaycanda fəaliyyətinizi müzakirə etdik və razılığa gəldik ki, ölkələrimiz arasında iqtisadi işbirliyi respublikamızın, regionumuzun inkişafına, ABŞ-ın Azərbaycandakı maraqlarına və ölkəni inkişaf etdirmək, Azərbaycanda davamlı inkişafı yaratmaq planlarımıza uyğun olan eyni ölçüyə malik olmalıdır”.
Aprelin 14-də isə iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonqla görüşdü və ABŞ azad ticarət zonasının təşkilində iştirak etməyə dəvət edildi. Görüşdə Azərbaycan iqtisadiyyatına dair məlumat verildi, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, eləcə də ABŞ-ın ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi və islahatlara dəstək imkanlarına dair müzakirələr aparıldı. Bunun üçün böyük potensialın olduğunu qeyd edən Ş.Mustafayev Ələtdə azad ticarət zonasının təşkili istiqamətində işlərin görüldüyünü bildirdi, USAID və ABŞ-ın digər qurumları ilə bu sahədə əməkdaşlıq imkanlarının araşdırılmasını təklif etdi.
Bütün bunlar onu göstərir ki, artıq ABŞ-la əlaqələr təhlükəsizlik, terrorizmə qarşı mübarizə, enerji, logistika və digər sahələrlə məhdudlaşmayacaq və uğurlu əməkdaşlıq iqtisadi sahədə də şaxələndiriləcək.
Bu haqda fikirlərini “Kaspi”yə açıqlayan millət vəkili, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı dedi ki, Azərbaycanla Amerika hər zaman bir-birinə strateji müttəfiq ölkələr olublar və bu dövlətlər arasında yaxşı münasibətlər qurulması ənənəsi uğurla davam etdirilir: “Təbii ki, əməkdaşlığı mövcud çərçivədə saxlamaq istəmirik. Əlaqələr ildən-ilə daha da inkişaf etdirilir. Möhtərəm prezidentimizin ABŞ-a sonuncu səfəri, yəni nüvə sammiti zamanı keçirdiyi görüşlərin proqramı bir daha göstərdi ki, ABŞ-Azərbaycan münasibətləri artan sürətlə inkişaf edir. Yüksələn xətlə gedən əməkdaşlıq bu səfərdən sonra yeni bir mərhələyə qədəm qoydu. Məlumdur ki, ABŞ-la bir çox sahələrdə möhkəm əməkdaşlığımız var. Bu iki ölkə daha çox təhlükəsizlik məsələləri, antiterror əməliyyatları, enerji sahəsi və digər mövzularda eyni mövqedən çıxış edirlər. Amma bu səfərdən sonra gördük ki, digər sahələrdə də əməkdaşlığa maraq var. Söhbət iqtisadi-ticarət, eləcə də humanitar sahələrdə əməkdaşlığın formalaşmasından gedir”.
Millət vəkili düşünür ki, artıq sözügedən sahələrdə münasibətlərin genişlənəcəyinə təminat verən görüşlər baş tutub. Bunun nəticəsidir ki, az keçmədən Azərbaycanda da amerikalı nümayəndələrlə görüşlər baş tutdu və müzakirələr aparıldı: “Nüfuzlu şəxslərlə aparılan danışıqlar, azad ticarət zonasının yaradılması ilə bağlı müzakirələr bir daha göstərir ki, ABŞ Azərbaycana böyük önəm verir. Təbii ki, biz də onlarla əməkdaşlıqda maraqlıyıq. Heç kimə sirr deyil ki, ABŞ dünyanın supergücə malik dövlətidir. Niyə də daha sıx əlaqələrin olmasını istəməyək? Amerika dövləti də Azərbaycanın yaxın dost, bir çox məsələlərdə vacib tərəfdaş olduğunu bilir və hər zaman əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu açıqlayır. Biz bu ölkə ilə ticarət əlaqələrinin genişlənməsini istəyirik və bunun hansı müsbət nəticələr verəcəyini gələcəkdə görəcəyik”.
İqtisadçı ekspert Samir Əliyev də ABŞ-la iqtisadi əlaqələrin genişləndirilməsini ölkə iqtisadiyyatı üçün vacib addım hesab edir: “ABŞ-la istənilən sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bu dövlət Azərbaycanın ilk olaraq siyasi baxımdan dostudur və həmişə ölkəmizin müstəqilliyinin qarantı kimi çıxış edib. İstər Bakı-Ceyhan kəmərinin tikintisi, istər yeni başlanan TANAP xəttinin çəkilməsi, istərsə də digər layihələrin reallaşmasında ABŞ-ın müstəsna rolu olub. Təbii ki, əlaqələr bunlarla məhdudlaşmamalıdır. Münasibətlər iqtisadi baxımdan da geniş bir sahəni əhatə etməlidir. Biz bilirik ki, ABŞ dünyada ən böyük iqtisadiyyata malik ölkədir. Bu dövlət kifayət qədər məhsul idxal edir. ABŞ-la əlaqələrimizin genişlənməsi də təkcə ABŞ-dan mal idxalı ilə yekunlaşmamalıdır. Bizim də Amerika bazarına ixrac potensialımız araşdırılmalıdır. Çünki ora çox böyük bazardır”.
Amerikanın coğrafi baxımdan bizdən xeyli uzaq olması haqda da danışan ekspert hazırkı dönəmdə məsafə uzaqlığının ciddi narahatlıq yaratmadığını düşünür: “Bu gün dünyada yükdaşımalar sahəsində texnika və texnologiya o qədər inkişaf edib ki, hansısa məkanın yaxın və ya uzaqlığı sadəcə olaraq yol xərcinə görə fərqlənir. O baxımdan bizim ABŞ-a məhsul ixracımız reallaşa bilər. İxrac dedikdə təkcə nefti nəzərdə tutmuram. Hazırkı dövrdə qeyri-neft sektorunun inkişafının vacib olduğu məlumdur. Bizim üçün ABŞ-la əlaqələr çox faydalıdır. ABŞ-ın dünyada ən yüksək keyfiyyətli texnologiyalara malik olması da bəlli məsələdir. Müasir texnologiyalar, həmçinin neft sahəsində də ən son texniki avadanlıqları ölkəmizə gətirə bilərik. Eyni zamanda, istehsal etdiyimiz məhsulları oraya ixrac edə bilərik. Bu mənada qida, ərzaq məhsullarını nəzərdə tuturam. Yəni qeyri-neft ixracının ABŞ bazarına yol tapmasına çalışmalıyıq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər