AZE | RUS | ENG |


ABŞ-Azərbaycan əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

ABŞ-Azərbaycan əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Donald Tramp keçmiş administrasiyadan fərqli olaraq, ölkəmizin regionda oynadığı rolu daha dəqiq qiymətləndirir

ABŞ prezidenti Donald Tramp seçkiöncəsi verdiyi bir sıra vədləri yerinə yetirməyə başlayıb. O, öz platformasında bəyan etdiyi kimi, prezident seçiləndən sonra Amerikanın xarici siyasətində dəyişiklik etməyə, digər dünya dövlətlərinin daxili işlərinə qarışmamağa, onlarla daha çox əməkdaşlığa başlayıb. Beləliklə də ABŞ ilə xarici ölkələr arasında münasibətlər tamamilə yeni müstəviyə qədəm qoyub. Bu çərçivədə ABŞ-Azərbaycan əlaqələri də yeni mərhələyə keçib. Buna misal olaraq, 21 may tarixində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammitinin keçirilməsini, Azərbaycan Prezidenti İlham Əliyevin də həmin tədbirə dəvət olunmasını, Sammitdə ABŞ dövlət başçısının və digər ölkə rəhbərlərinin mühüm bəyanatlar səsləndirməsini göstərmək olar. 

Bununla yanaşı, ABŞ prezident D.Trampın həm 28 May - Respublika Günü, həm də XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı təbrik məktublarını da qeyd etmək lazımdır. Hər iki təbrik məktubunda ölkələrimiz arasındakı isti münasibətlərin davam etdirilməsi birmənalı olaraq vurğulanıb. Prezident D.Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirib. O, eyni zamanda Azərbaycanı ABŞ-ın dəyərli tərəfdaşı hesab edib və son 25 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin daha da gücləndirilməsini diqqətə çatdırıb. ABŞ prezidenti təbrik məktubunda Azərbaycan və Amerika xalqlarının rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını səmimiyyətlə arzulayıb. Daha sonra Azərbaycanda həyata keçirilən islahatlara toxunan D.Tramp Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri alqışladığını, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyini dilə gətirib. 
 
 

Qlobal təhlükəsizliyin möhkəmləndirilməsini qeyd edən Ağ Ev rəhbəri ABŞ və Azərbaycanın birgə terrorizmə qarşı mübarizə apardığını xüsusilə qeyd edib: "ABŞ Azərbaycan xalqının yanındadır və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqdir. Eyni zamanda ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir, ölkənizin və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. Bu mənada biz Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edirik”. 
 
 

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, 28 may-Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev bu barədə danışıb: "Dövlət başçısı ABŞ-ın yeni administrasiyasının həm Azərbaycana, həm də bütövlükdə müsəlman aləminə yanaşmada daha düzgün siyasət yürütdüyünü  və bu siyasətin rəğbət doğurduğunu vurğulamışdı. ABŞ dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini xanım Robin Danniqanla görüşdə də Prezident İlham Əliyev qeyd etdi ki, iki ölkə arasında əməkdaşlığını yeni bir mərhələsinin başlanğıcı qoyulub. Konkret məktublara gəldikdə isə, keçmiş prezident Barak Obama ilə yeni prezident Donald Trampın həm 28 may Respublika günü, həm də Beynəlxalq "Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar ünvanladıqları məktublardakı fərqləri açıq görmək olar. ABŞ-ın indiki administrasiyası ideoloji klişelərdən uzaqdır və Azərbaycana yanaşmada daha çox praqmatik əsaslara dayanır. Keçmiş administrasiyadan fərqli olaraq ölkəmizin regionda oynadığı rolu daha dəqiq qiymətləndirir. Azərbaycanın həyata keçirdiyi siyasəti daha dəqiq görür. Trampın məktublarında Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və məhkəmə islahatlarının aparılmasının vurğulanması bunu təsdiqləyir. ABŞ prezidenti hər iki məktubunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ölkəsinin qəti dəstəyini ifadə edir. Düzdür, bu, hələ ki, biz arzuladığımız dəstək deyil, amma keçmiş administrasiyadan fərqli olaraq, daha aydın və qətiyyətli yanaşmanın şahidi oluruq”.

S.Alıyev əlavə etdi ki, keçmiş prezident Barak Obamanın məktublarında daha çox demokratik dəyərlər, insan haqları və digər məsələlər qabardılırdı: "Halbuki, burada heç də söhbət həmin məsələlərdən yox, onların kölgəsində edilən təzyiqdən gedirdi. Lakin Trampın məktubunda əməkdaşlıq təklifi öz əksini tapır. Onun Respublika Günü ilə bağlı məktubunda açıq bildirilir ki, biz Azərbaycanla biznes sahəsində yeni əlaqələrin qurulmasının tərəfdarıyıq. Təbii ki, bu, praqmatik yanaşmadır. Çünki Tramp vaxtı ilə bizneslə məşğul olub və uğurlar qazanıb. O, Azərbaycanın apardığı iqtisadi siyasətin həm ölkəmiz, həm də bizimlə əməkdaşlıq edənlər üçün vəd etdiyi sərfəliliyi görür və qiymətləndirir. Hesab edirəm ki, əlaqələrin genişləndirilməsi sayəsində gələcəkdə Azərbaycan-ABŞ əməkdaşlığı həqiqətən yeni bir mərhələyə qədəm qoyacaq. Bu həm də rəsmi Vaşinqtonun Dağlı Qarabağ münaqişəsinin həlli prosesində mövqeyinin də qətiləşməsinə aparıb çıxara bilər”.
 
 

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadəqeyd etdi ki, yeni administrasiyanın Azərbaycanın Amerikanın milli maraqları üçün çox böyük önəm daşıdığını anlaması müsbət hadisədir: "Azərbaycan Amerikanın milli təhlükəsizlik maraqları nöqteyi-nəzərdən çox önəmlidir. Ölkəmiz ABŞ-la enerji sahəsində uzun illərdir əməkdaşlıq edir və Azərbaycan Vaşinqtonun müttəfiqlərinin enerji təhlükəsizliyində böyük rol oynayır. Bununla yanaşı, Azərbaycan böyük nəqliyyat dəhlizi yaradaraq demək olar ki, Amerikanın strateji maraqlarına uyğun olan yeni sistemi formalaşdırır”.

A.Mollazadə vurğuladı ki, Azərbaycan Şərqin birinci demokratik və dünyəvi dövlətini quran xalq kimi öz dəyərlərini genişləndirə bilər: "Məhz bunun üçün də ABŞ və yeni administrasiya Azərbaycanla əməkdaşlığı gücləndirməlidir. Eləcə də Azərbaycanın ərazi bütövlüyünü təmin etmək və təhlükəsizliyini daha da artırmaq istiqamətində addımlar atmalıdır. Ümidvaram ki, bu istiqamətdə çoxşaxəli əməkdaşlığımız üçün böyük potensial var”.

Bəxtiyar MƏMMƏDLİ           
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6853
GBP 1 İngilis funt sterlinqi 2.2538
TRY 1 Türk lirəsi 0.4659
KWD 1 Küveyt dinarı 5.6320
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0028
CHF 1 İsveçrə frankı 1.7405
USD 1 ABŞ dolları 1.7003