• cümə, 19 Aprel, 12:00
  • Baku Bakı 25°C

ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur

07.06.13 10:32 1964
ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur
Bakıda keçirilən forumda və Elmar Məmmədyarovun Vaşinqtona səfərində verilən bəyanatlar belə qənaətə gəlməyə əsas verir
“ABŞ-ın həll olunmasını görmək istədiyi məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir”. Bu bəyanatla Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra ABŞ dövlət katibi Con Kerri çıxış edibdir. Görüş zamanı iki ölkə arasında əməkdaşlıq, Qarabağ nizamlanması, Azərbaycandakı demokratik dəyişikliklər müzakirə olunub. Görüş zamanı C.Kerri Azərbaycanın ABŞ üçün önəmli tərəfdaş olduğunu vurğulayıb, ölkəmizin Əfqanıstanda NATO-nun Beynəlxalq Sülhə Dəstək Qüvvələrinə (İSAF) yardımını, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni və ABŞ üçün önəmli olan digər məsələlərdə böyük rol oynadığını deyib.
C.Kerri Ermənistan-Azərbaycan münaqişəsinin regionun sabitliyinə təhdid olduğunu bildirib və Vaşinqtonun Minsk Qrupunun həmsədr ölkəsi qismində tərəflərə münaqişənin həllini tapmağa kömək göstərməyə davam edəcəyini söyləyib. Dövlət katibi ABŞ-ın münaqişənin həllində çox maraqlı olduğunu vurğulayaraq deyib: “Biz məsələni Azərbaycan prezidenti ilə görüşdə də müzakirə eləmişik. Bu dondurulmuş münaqişə bölgənin sabitliyi üçün təhlükədir. Biz müharibə və münaqişənin bərpasını istəmirik. Biz səbirlə işləməyə davam edəcəyik və çalışacağıq ki, tərəfləri etimadın yaradılması üzrə tədbirlər görməyə və məsələnin həll yollarını tapmağa təşviq edək. Biz bunda çox maraqlıyıq”.
Öz növbəsində azərbaycanlı nazir Azərbaycanın ABŞ-la ikitərəfli əlaqələrə önəm verdiyini, iqtisadi, investisiya və enerji sahələrində, habelə beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminlik ifadə edib və Birləşmiş Ştatları Azərbaycanın strateji tərəfdaşı adlandırıb.
Elmar Məmmədyarov həmkarını Bakıya rəsmi səfərə dəvət edib. Con Kerri belə səfərin həyata keçirilməsində çox maraqlı olduğunu deyib və dəvəti məmnuniyyətlə qəbul edib.
Azərbaycan-ABŞ: Gələcəyə baxış nikbindir
Qeyd edək ki, bu bəyanat ABŞ-ın Azərbaycan üçün son dərəcə həssas olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyi ortaya qoyur. Rəsmi Vaşinqton imkanları çərçivəsində münaqişənin həlli ilə bağlı danışıqlar prosesi ölü nöqtədən çıxarmağa çalışır. Özü də ABŞ bu işi digər həmsədrlərdən fərqli olaraq səmimi etməyə çalışır.
Ümumiyyətlə, son vaxtlar Azərbaycan-ABŞ münasibətlərinin inkişafı istiqamətində mühüm dəyişikliklər müşahidə edilməkdədir. Belə ki, səfər ərəfəsində hər iki ölkə tərəfindən münasibətlərin inkişafına dəstək verə biləcək addımlar atılıb. Bu mənada xüsusilə də mayın 29-30-u Bakıda keçirilən «Azərbaycan-ABŞ: Gələcəyə baxış» adlı forumu qeyd etmək lazımdır. Forumda ABŞ-ın 42 ştatını təmsil edən 320 nəfərlik böyük nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə hazırkı və keçmiş konqresmenlər, senatorlar, keçmiş yüksək vəzifəli məmurlar, o cümlədən keçmiş nazirlər, tanınmış ekspertlər daxil olub. İştirakçılar arasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, xarici işlər naziri Elmar Məmmədyarov, maliyyə naziri Samir Şərifov, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, ABŞ Konqresinin üzvləri, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, ABŞ Hərbi Hava Qüvvələrinin generalı, sabiq Nəqliyyat Komandanı Dunkan Maknab və digər şəxsləri qeyd etmək olar.
Tədbirdə edən prezident İlham Əliyev ABŞ-Azərbaycan əlaqələrindən bəhs edib. Onun sözlərinə görə, ikitərəfli münasibətlərdə iqtisadi və təhlükəsizlik məsələləri ön planda dayanır: “Biz təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edirik və Azərbaycan hərbçiləri Əfqanıstanda sülhyaratma proseslərində iştirak edir. Azərbaycan Əfqanıstana daşınan yüklərin 40%-ni nəql edir və bizim marşrut ən təhlükəsiz marşrutdur. Terrorizmlə mübarizəyə də Azərbaycan öz töhfəsini verir”.
Dövlət başçısı Azərbaycanın Cənub Qaz dəhlizi layihəsində aparıcı dövlət olduğunu və bu layihənin ABŞ tərəfindən də dəstəkləndiyini vurğulayıb: «Bu layihə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaqdır. Bu, enerji mənbələrinin diversifikasiyası üçün önəmlidir. Biz nəhəng qaz yataqları kəşf etmişik. Düşünürəm ki, Azərbaycan-ABŞ əlaqələri 90-cı illərin ortalarında olduğu kimi mühüm əhəmiyyət daşıyır».
ABŞ həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında mühüm rol oynayır. İ.Əliyev ümidvar olduğunu bildirib ki, münaqişə ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunacaq. Prezident Ermənistan-Azərbaycan münaqişəsində hazırkı status-kvonun qəbul edilməzliyi ilə bağlı Amerikanın yüksək rəhbərliyinin məlum bəyanatını alqışlayıb.
ABŞ-ın Azərbaycana hər zaman dəstək verdiyini deyən prezident forumun iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini bəyan edib.
Öz növbəsində Nyu Yorkdan konqresmen Qreqori Miks qeyd edib ki, nümayəndə heyətinin tərkibində həm Respublikaçı, həm də Demokrat partiyalarının nümayəndələri var. Həm demokratların, həm də respublikaçıların Azərbaycanla bağlı mövqeləri üst-üstə düşür.
“Bu, hər iki partiyanın Azərbaycana dair mövqeyinin üst-üstə düşməsindən xəbər verir” - deyə konqresmen vurğulayıb.
Senator Riçard Luqar isə deyib ki, Azərbaycanın enerji resurslarının ixracatçısı kimi güclənməsi Avropanın təhlükəsizliyinə təsir edir. Senator vurğulayıb ki, hazırda Azərbaycan ABŞ-ın dostu, kommersiya tərəfdaşı və hərbi müttəfiqidir. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq gələcəkdə də yalnız genişlənəcək.
Senator qeyd edib ki, Azərbaycan ABŞ ilə həm quruda, həm də dənizdə uğurla əməkdaşlıq edir: "Biz Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edirik, lakin bu sahələrdən bəziləri regionun təhlükəsizliyi üçün həlledici rol oynayır. Regional təhlükəsizlik regiondan kənarda da böyük təsirlərə malikdir. Əgər İranda nüvə silah yaransa, bu həm ABŞ, həm də Azərbaycan üçün qəbuledilməz olacaq". Luqar iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib.
Milli Demokratiya İnstitutu ilə bağlı problem həll olundu
Paralel olaraq siyasi müstəvidə də münasibətlərin normalşmasına xidmət edən addımlar atılıb. Məlum olduğu kimi, bir müddət öncə ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti dayandırılmışdı. Milli Demokratiya İnstitutunun ölkədə facebook inqilabı üçün milyonlar xərcləməsi iddiası ölkə gündəminin əsas mövzularından birinə çevirmişdi. Məsələ ilə bağlı baş prokuror Zakir Qaralov ABŞ səfirliyinə məktub göndərmişdi.
E.Məmmədyarovun səfəri öncəsi -mayın 31-də ABŞ səfiri Riçard Morinqstar xüsusi açıqlama yayaraq ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti ilə bağlı əngəllərin aradan qaldırıldığını bildirib. O deyib ki, institut bundan sonra ölkəmizdəki fəaliyyətini davam etdirəcək: “Azərbaycan hökuməti bizə məlumat verib ki, Milli Demokratiya İnstitutu ilə bağlı məsələ həll olunub. MDİ vətəndaş cəmiyyətini inkişaf etdirməyə kömək göstərmək üçün Azərbaycanda öz işini davam etdirəcəkdir”.
Elmar Məmmədyarovun səfərindən öncə azərbaycanlı tələblərin xarici ölkələrin ali təhsil ocaqlarında oxumasını nəzərdə tutan dövlət proqramları çərçivəsində tələbələrə təklif edilən ABŞ universitetlərinin sayı ilə bağlı problem də aradan qaldırılmışdı.
ABŞ-dan Azərbaycana böyük jest
ABŞ-Azərbaycan münasibətləri üçün ən önəmli hadisələrdən biri də enerji sektorunda baş verməkdədir. Belə ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən «Şahdəniz» qaz yatağı ilə bağlı layihəyə İran şirkətinə görə sanksiya tətbiq edilə biləcəyi barədə təhlükə var idi. Belə bir sensasion bəyanatla «Azərbaycanda enerji və dəniz hüququ: Milli və beynəlxalq perspektivlər» mövzusunda keçirilən konfransda ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Riçard Morninqstar çıxış etmişdi. O bildirmişdi ki, «Şahdəniz» layihəsinə ona görə sanksiya tətbiq edilə bilər ki, onun işlədilməsində İranın NİCO şirkəti 10 faizlik iştirak payına malikdir. Bununla adıçəkilən yataqdan çıxarılan qaz qismən iranlılara da məxsusdur. ABŞ-a görə, iranlılarla neft-qaz sahəsində əməkdaşlıq edən şirkətləri sanksiyalar gözləyə bilər.
Amma səfərdən az öncə ABŞ tərəfi «Şahdəniz» yatağında payı olan İran şirkətlərini sanksiyalardan azad edib. Yəni Azərbaycana görə, İran şirkətlərinə güzəşt edilib.
Azərbaycanla ABŞ arasında münasibətlər yeni bir fazaya qədəm qoyur
Bütün bunlar göstərir ki, Azərbaycanla ABŞ arasında münasibətlər yeni bir fazaya qədəm qoyur. Tərəflər həm təhlükəsizlik, həm energetika, həm də demokratiya və insan hüquqlarının qorunması sahəsində maraqların uzlaşdırılmasını və daha da irəliyə aparılmasını prioritet kimi qəbul etməyə başlayıblar.
Bu kontekstdə son vaxtlar Azərbaycanın Rusiya və İran tərəfindən müəyyən təzyiqlərə məruz qalması da diqqətdən yayınmamalıdır.
İyunun 7-də Yeni Azərbaycan Partiyasının payızda keçiriləcək prezident seçkilərindəki namizədinin elan edəndən bir gün sonra Azərbaycan Avropa üçün çox önəmli olan qaz sazişinə imza atacaq. Bundan əlavə, Rusiya Avrasiya Birliyinin genişləndirilməsi və gücləndirilməsi istiqamətində cəhdlərini davam etdirir və Azərbaycanın da burda təmsil olunması üçün dəridən-qabıqdan çıxır. Azərbaycan isə öz milli maraqlarına söykənərək siyasət yürüdür və bu da bəzən regiondakı böyük güclərin xoşuna gəlmir. Bunun nəticəsi olaraq müəyyən təzyiq elementləri hiss olunur. Bu təzyiqlərin dəf etmək üçün ABŞ-dan dəstək almağın çox vacibdir. Eyni zamanda, ABŞ-ın regiondakı maraqlarının təmin olunması üçün Azərbaycanla əməkdaşlığı inkişaf etdirməsi mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Amerika Əfqanıstandakı hərbi kontingentinin təchizatını Azərbaycan üzərindən həyata keçirir. Regionun bir çox ölkələri Rusiyadan çəkinərək bu sahədə ABŞ-la əməkdaşlıqdan imtina etdiyi halda rəsmi Bakı neçə illərdir Pentaqonla bu sahədə yaxın tərəfdaşdır.
Azərbaycan, həmçinin, etibarlı enerji təchizatçısı kimi də ABŞ-ın əsas müttəfiqləri olan Avropa Birliyi ölkələri üçün mühüm əhəmiyyətə malikdir. Yaxın Şərq regionunda ABŞ-ın ən yaxın müttəfiqi olan İsrailin neftlə təchizatının böyük bir qismi də Azərbaycan tərəfindən reallaşdırılır. Yəni əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəfin maraqları çərçivəsindədir. Bütün bunlardan sonra belə qənaətə gəlmək olar ki, Azərbaycan regionda ABŞ üçün mühüm ölkədir və Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcək.
İlham QULİYEV
banner

Oxşar Xəbərlər