• cümə, 29 Mart, 18:10
  • Baku Bakı 14°C

Abort edilib sağ qalan 6 aylıq uşaq müəmması - Açıqlama

14.11.13 15:11 1662
Abort edilib sağ qalan 6 aylıq uşaq müəmması - Açıqlama
“Kütləvi informasiya vasitələrində bir neçə gündür, müzakirə olunan o cür qeysəriyyə kəsiyi əməliyyatı nəinki bizim doğum evində, ümumiyyətlə, Bakı şəhərində fəaliyyət göstərən heç bir doğum evində aparıla bilməz”.
Bunu APA-ya açıqlamasında Şamama Ələsgərova adına Kliniki Doğum Evinin (keçmiş 5 saylı Doğum Evi) reanimasiya şöbəsinin müdiri (baş həkim əvəzləyicisi) Qəhrəman Kəngərli deyib. Q. Kəngərli bildirib ki, qeysəriyyə vasitəsilə dölün çıxarılması cərrahiyyə əməliyyatı sayılır və o da qeysəriyyə kəsiyi əməliyyatı adlanır:
“Mətbuatda və televiziya kanallarında deyirlər ki, cərrahiyyə əməliyyatının nəticəsində döl çıxarılıb, ölü sayılan uşaq dəfn edilməsi üçün valideynə verilib, sonra isə döl hərəkət edib. Və qadın uşağın hərəkət etdiyini görüb və ürəyi gedib. Bu qadın əgər əməliyyat olunubsa, o ya əməliyyatxanada, ya da reanimasiya şöbəsində olmalıdır. O bu hadisəni necə görə bilər? Bildirirlər ki, abort olunan 6 aylıq uşağın yaşamaq şansı var imiş. Bu ifadənin özü çox absurddur. Qeysəriyyə kəsiyi nə deməkdir, abort nə deməkdir? Axı bunlar fərqlidir. 6 aylıq hamilə qadınlarda qeysər kəsiyi əməliyyatı hamilə qadının həyatına təhlükə yaradan hər hansı xəstəlik olarsa, aparıla bilər. Bizim xəstəxanada belə bir hadisə olmayıb”.
Q. Kəngərli onu da əlavə edib ki, qeysəriyyə kəsiyi əməliyyatı aparılan hamilə qadınlarla bağlı 5 nəfər (həmin şöbənin müdiri və şöbəyə nəzarət edən Tibb Universitetinin alimi, xəstəni əməliyyat edəcək həkim, baş həkim, baş həkimin müavini) tərəfindən sənədləşmə aparılır, sonra əməliyyat olunmasına icazə verilir: “Sonra da tibb bacıları və həkimlərin, təxminən 8 nəfərin iştirakı ilə əməliyyat icra edilir. O qədər adamın içərisində belə bir kriminal etmək mümkündürmü? Tutaq ki, bu uşağın ailəsi onu istəmir, hər hansı bir həkim də bu istəklə razılaşır, bu qədər insanın içində onu etmək necə mümkün olar axı?”
Q. Kəngərli Doğum evinin rəhbərliyinin əməliyyatı həyata keçirən tibb işçilərini həmin şöbədən uzaqlaşdıraraq başqa şöbəyə keçirilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “Xəstəxanada heç bir yerdəyişmə olmayıb”.
Qeyd edək ki, mətbuatda yazılan məlumatlarda bir neçə gün öncə Şamama Ələsgərova adına Kliniki Doğum Evində 6 aylıq dölün hamiləlik pozulduqdan sonra 2 saata yaxın yaşadığı bildirilib. Məlumata görə, qadının hamiləliyinə qeysəriyyə əməliyyatı ilə son verilib. Əməliyyat zamanı döl çıxarılaraq kənara qoyulub. Təxminən 1 saatdan sonra isə döl dəfn olunmaq üçün torbada ananın yaxınlarına təhvil verilib. Bundan sonra dölün ölmədiyi, hərəkət etdiyi məlum olub. Abort edilən körpənin ölmədiyini görən ananın vəziyyəti pisləşib və o, huşunu itirib. Körpə yeni doğulanlar şöbəsinə yerləşdirilsə də, 2 saatdan artıq yaşamayıb.
banner

Oxşar Xəbərlər