Abadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - Fotolar
Qobustanrayonunun
inzibati mərkəzi sayılan Qobustan şəhərini paytaxt Bakıdan cəmi 1 saatlıq
məsafə ayırır. Şamaxı və digər rayonlar istiqamətində hərəkət edən Azərbaycan
vətəndaşları, eləcə də qonaqlar tariximizin ilk daş səhifələrini min illərlə
özündə yaşadan Qobustanın mərkəzində - Qobustan şəhərində mütləq ayaq saxlayar,
buradakı quruculuq nişanələri, yaşayış məntəqəsinin tarixi, zəhmətsevər
insanların güzəranı, həyat tərzi ilə maraqlanarlar. Biz də elə etdik. Son illər
daha da abadlaşan, inkişaf edən, geniş tikinti-quruculuq meydançasını
xatırladan Qobustan şəhərini bir neçə saatlıq gəzib dolaşdıq, müşahidələrimizi,
qeydlərimizi apardıq.
Əvvəlcə onu qeyd edim ki, Qobustan rayonunun mərkəzi
sayılan hazırkı ərazi 25 aprel 2008-ci il tarixinə qədər Mərəzə adlandırılıb.
Sonralar Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilib və Azərbaycanın
ərazi vahidlərinin və inzibati ərazi dairələrinin dövlət reyestrindən çıxarılıb.
Beləliklə də? ərazi baxımından genişlənən və əhali sayı artan Qobustan qəsəbəsi
şəhər statusu alıb.
İnkişaf,
yenilənmə dövrü
Yerli əhali ilə şəhərin tarixi barədə söhbət edərkən, onlar Mərəzə
adına diqqət çəkərək bildirdilər ki, məşhur bir rəvayətə görə, bu yaşayış
məntəqəsinin adı, yəni "mərəz” nüfuzlu şəxslərdən birinin sevimli həyat yoldaşı
ilə əlaqədardır. Belə ki, həmin nüfuzlu şəxsin arvadı burada məskunlaşaraq
sağaldığına görə, bura Mərəz – Mərəzə adlandırılıb. Bu rəvayətin həqiqət olub-olmadığını
heç kəs dəqiqliklə sübut edə bilmir. Ancaq sakinlərin söylədiyinə görə, Mərəzə
yaxınlığında mineral su bulağı var. Onun suyu şor və acı olmasına baxmayaraq,
müəyyən mədə bağırsaq xəstəliklərini sağaldır.
Bununla yanaşı, məşhur Şıx düzü
kurqanları, b.e.ə. 1-8-ci əsrlərə aid olan, indiki Dağ Kolanı kəndinin qədim
ticarət yollarında yerləşmiş qədim insan məskənlərinin qalıqları, yaşayış
məntəqəsinin ətrafındakı XV əsrə aid Diri Baba türbəsi, eləcə də şəhərin lap
mərkəzində yerləşən Şah Abbas Karvansarasının qalıqları göstərir ki, bu
yerlərdə ən qədim dövrlərdə insan məskənləri olub. Bundan başqa, dünyaca məşhur
"Mərəzə”, "Çuxanlı”, "Çemcemli”, "Nabur” xalçalarının naxışları da Mərəzənin –
indiki Qobustan şəhərinin lap qədim tarixindən, insanların ənənəvi məşğuliyyətindən
xəbər verir.
Müasir dövrdə Qobustanın vəziyyətinə gəlincə, Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın
təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərovun bizə
verdiyi məlumata görə, təkcə son bir neçə ay ərzində Qobustan şəhərində "Kapitalbank”ın
filialı üçün inzibati bina, Cəmcəmli kəndində tibb məntəqəsi, cəzaçəkmə
müəssisələrindən azad olunmuş şəxslər üçün 50 yerlik sosial adaptasiya mərkəzi,
2 mərtəbəli 100 yerlik uşaq bağçası tikilib, 624 yerlik 3 mərtəbəli məktəb
binasının, 50 çarpayılıq xəstəxana binasının tikintisi, həmçinin Heydər Əliyev
Parkında təmir işləri isə davam edir. Eyni zamanda, 3 ədəd birmərtəbəli, 9 ədəd
2 mərtəbəli binaların təmiri işləri də görülüb.
İcra Hakimiyyəti başçısının
müavini M.Ələkbərov 2017-ci ilin birinci yarısının Qobustan rayonunda inkişaf,
yenilənmə dövrü kimi yadda qaldığını xatırladaraq, ümumi məhsul istehasalı ilə
bağlı statistik göstəriciləri də diqqətə çatdırdı. Bildirdi ki, məhsul istehsalı
ötən ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 66 milyon 210 min manat olub.
Bununla da kənd təsərrüfatı məhsullarının həcmi 5,8, tikinti iş və
xidmətlərinin cəmi 63,6, nəqliyyatda 3,1, rabitə və poçt xidmətlərində 23,6,
ticarətdə 15,8 faiz artım olub. Rayonda sənaye məhsulunun həcmi də 15,3 faiz artıb:
"Pərakəndə əmtəə dövriyyəsi 16,6, əhaliyə göstərilən pullu xidmətlər 12, iaşə
xidmətləri 13,9 faiz artıb”.
M.Ələkbərov cari ilin ötən
müddətində ümumilikdə rayonun fasiləsiz elektrik enerjisi ilə 100, təbii qazla
93 faiz təmin edildiyini də bildirdi. O, Qobustan rayonu, xüsusilə Qobustan
şəhəri üçün uzun illər ən ağrılı, ən çətin problemlərdən birinin içməli su ilə
təminat məsələsi olduğunu də söylədi. Bildirdi ki, Prezident İlham Əliyevin qayğısı
nəticəsində rayon əhalisi üçün taleyüklü
bu problem də həllini tapıb: "Bu sahədə həm iş baxımından, həm də dəyər
baxımından çox böyük işlər görülüb. Son beş ildə bu sahəyə qoyulan vəsait 100
milyon manata yaxındır ki, bu da rayonun
illik büdcəsindən 30 dəfə artıqdır. Həyata keçirilmiş layihələr nəticəsində
təkcə son beş ildə rayon əhalisinin təxminən 46 faizinin içməli su ilə təminatı
yaxşılaşdırılıb.
Əhalinin
sosial müdafiəsi gücləndirilir
İcra Hakimiyyəti başçısının
müavini M.Ələkbərov Qobustan rayonunda əhalinin sosial müdafiəsinin, məşğulluq
məsələlərinin də daim diqqət mərkəzində saxlanıldığını vurğuladı. Bildirdi ki,
təkcə bu ilin birinci yarısında açılmış iş yerlərində 15-i qadın olmaqla,
ümumilikdə 207 nəfər müvafiq işlə təmin edilib. O, qeyd etdi ki, 2017-ci ilin 6
ayı ərzində rayonda 457-si daimi olmaqla, bütövlükdə 1943 yeni iş yeri açılıb,
daimi iş yerlərinin 99,5 faizi fiziki şəxslər tərəfindən yaradılıb. Qobustanın
aqrar rayon olduğunu xatırladan icra hakimiyyəti rəsmisi onu da əlavə etdi ki, hazırda
Qaracüzlü kəndi ərazisində 1000
ha sahədə Aqropark yaradılması istiqamətində işlər davam
etdirilir.
Qeyd edək ki, bütün ölkə
ərazisində əhalinin sağlamlığının qorunması Prezident İlham Əliyevin diqqət
mərkəzindədir. Məhz buna görə də Azərbaycanın demək olar ki, bütün
rayonlarında, şəhər və qəsəbələrində yeni, ən müasir standartlara cavab verən səhiyyə
müəssisələri tikilir, əhalinin istifadəsinə verilir. Bununla yanaşı, Azərbaycan
Prezidentinin tapşırığına uyğun olaraq, ölkəmizin hər bir regionunda əhalinin
kütləvi pulsuz tibbi müayinəsi aparılır. Ənənəvi olaraq Qobustan rayonunda, o
cümlədən Qobustan şəhərində də bu ilin müvafiq dövründə əhali tibbi müayinədən
keçirilib.
Qobustan Rayon Mərkəzi
Xəstəxanasının Baş həkimi, həkim-oftolmoloq Emin Hüseynin bizə söylədiyinə
görə, cari ildə ümumilikdə 23054 nəfər tibbi müayinədən keçirilib, 3132 nəfər
ambulator, 91 nəfər stasionar müalicəyə cəlb edilib, 11 nəfər pulsuz
cərrahiyyə əməliyyatı olunub, 95 nəfər isə Bakı şəhərinə müayinə və müalicə
üçün göndərilib. Baş həkimin sözlərinə görə, bütün bu diqqət və qayğı əhali
tərəfindən minnətdarlıqla qarşılanır və çox mühüm əhəmiyyətə malikdir. O,
Qobustan şəhərində hazırda tikintisi davam etdirilən 50 çarpayılıq xəstəxana
binasının istifadəyə verilməsindən sonra rayon sakinlərinə göstərilən tibbi
xidmətin səviyyəsinin daha da artacağını vurğuladı.
Onu da əlavə edək ki, aqrar
rayon sayılan Qobustanda heyvandarlıq, quşçuluq da əhalinin məşğuliyyət
sahələrindən biridir. İcra hakimiyyətindən əldə etdiyimiz məlumata görə, cari
ilin ilk 6 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu
mal-qaranın baş sayı 0,3 faiz artaraq 30592 başa, o cümlədən inək və camışların
baş sayı 1 faiz artaraq 11510 başa çatıb. Qoyun və keçilərin baş sayı 0,2 faiz
artaraq 190714 baş olub. Quşların baş sayı 1 faiz artaraq 87982 başa çatıb. Bu
ilin 6 ayında təkcə Qobustan şəhərində sahibkar tərəfindən 10 min başdan artıq
quş saxlanılması təşkil edilib. Bütün bunlar sayəsində 2017-ci ilin 6 ayı
ərzində ət istehsalı 1,5, süd istehsalı 1,4, yumurta və yun istehsalı 1,4 faiz
artıb.
Sahibkarlara
dəstək
Sadalanan bu faktlara əyani
misal olaraq, qobustanlı sahibkar Həsən
Zümürxanovun fəaliyyətini göstərmək olar. O, sahibkarlıq fəaliyyətinə
2001-ci ildən başlayıb. Hazırda özünün dinamik istehsal gücü ilə işləyən
dəyirmanında 7 nəfər, digər istehsal sahələrində - məsələn, daş sexində 3
nəfər, əkinçilikdə 10 nəfər, heyvandarlıqda 8 nəfər çalışır. Eləcə də istehsal
müəssisələrində işləyən texnikanın hamısını aqrolizinq yolu ilə alaraq, şəxsi
təsərrüfatında istifadə edir. H.Zümürxanovun heyvandarlıq kompleksində olarkən
o, ölkəmizdə sahibkarlığın inkişafı üçün hər bir şəraitin yaradıldığını
vurğuladı. Bildirdi ki, bu əlverişli şəraitdən ruhlanaraq, əvvəlcə taxılçılıq
təsərrüfatı yaradıb.
Hazırda 550 hektar əkin sahəsi, sutkada istehsal gücü 20
ton olan un dəyirmanı, 20 ədəd müxtəlif kənd təsərrüfatı texnikası var. Bu
işləri görmək üçün Sahibkarlığa Kömək Milli Fondundan 2 dəfə güzəştli kredit
götürüb. Gəlirləri artdıqca təsərrüfatını daha da inkişaf etdirməyi
planlaşdırır. Rayon rəhbərliyinin sahibkarlara qayğısını vacib şərt kimi
dəyərləndirən fermer H.Zümürxanov Qobustan Rayon İcra Hakimiyyətinin başçısı
Adil Məmmədovun vaxtaşırı onlarla keçirdiyi görüşlərin əhəmiyyətindən də söhbət
açdı. Bildirdi ki, nəinki özü, eləcə də digər sahibkarlar qarşılaşdıqları hər
hansı bir problemin həllində rayon rəhbərliyinin dərhal həssaslığını, məsələnin
müsbət yöndə həllinə köməklik göstərildiyini müşahidə edirlər.
Cəmi bir neçə saat ərzində
Qobustan rayonunun inzibati mərkəzində apardığımız müşahidələr, həmsöhbətlərimizin
dilə gətirdiyi faktlar tam əminliklə onu deməyə əsas yaradır ki, müasir
qobustanlılar da öz dədə-babalarının yolu ilə gedərək, zəhmətə qatlaşır, yaşadıqları
rayonun, şəhər və kəndlərin tarixi keçmişini, ənənəvi məşğulluğunu qoruyur, əldə
etdikləri halal ruzi ilə yaşayış məntəqələrinin inkişafına töhfə verir, onu -
əmanəti gələcək nəsillərə çatdırırlar.
R.İSMAYILOV