• cümə axşamı, 28 mart, 23:29
  • Baku Bakı 13°C

Ağaxan Salmanlı: “Milli teatrımız öz simasını tam olaraq hələ tapmayıb”

03.05.14 13:48 2771
Ağaxan Salmanlı: “Milli teatrımız öz simasını tam olaraq hələ tapmayıb”
“Gün kimi aydındır ki, kinomuz bərbad hala düşüb, təcrübəli sənətkarlar fəaliyyətsiz qalıblar”
Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır. Həyatda yüngül və şərəfsiz tanınan aktyor heç bir zaman səhnədə tamaşaçını inandıra bilməz. Tamaşaçı həmişə aktyora qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və rast gələrkən sevinməlidir. Bu günkü müsahibim də 50 ildir ki, səhnədə fəaliyyət göstərən, öz dəsti-xətti, yaradıcılıq yolu ilə digər aktyorlardan seçilən xalq artisti, prezident mükafatçısı Ağaxan Salmanlıdır.
Ağaxan müəllim, 73 yaşının olmasına baxmayaraq sosial şəbəkələrdə kifayət qədər aktivdir. Teatrda onu hər zaman gənclərin əhatəsində görürük. Bol enerjili, şən xalq artistinə yaşlı nəslin nümayəndəsi deməyə adamın dili gəlmir.
Ağaxan Salmanlı söhbətimizdə ona ünvanlandığımız sualları səbrlə cavablandıraraq, maraqlı açıqlamalar verdi.
İrad tutmaq yersizdir
- Sizcə, Ağaxan müəllim sənətdə öz sözünü istədiyi şəkildə deyə bilibmi?

- Əlbəttə, bu sənətdə sözümü 50 il əvvəl demişəm. Sonralar da zaman-zaman bunu obrazlarımla təsdiqləmişəm. Belə ki, zaman- zaman Cəfər Cabbarlı (“Aydınlığa döğru”-1965), Romeo (“Romeo və Cülyetta2-1966), Artur (“Ovod”-1970), Dinar (“Yadındamı”-1976), Səməd (“Sən nə üçün yaşayırsan”-1980), Kəblə Mirzalı (“Danabaş kəndinin məktəbi”-1983) Doktor (“Yuxulama”-1988), Filibert (“Məzəli hadisə”-2004), Doktor Bayram (“Ordan-burdan”-1986), Balakərim (“Ağ dəvə”-2006), Məcid (“Dələduz”-2009), Fecin (“Oliver Tvist”-2010) və sair obrazlar yaratmışam. Xronika göstərir ki, aktyor daim özünü təsdiqləməklə gündəmdə qalır, əks təqdirdə canlı sənətlə məşğul olduğu üçün unudula bilər.
- Sizi son zamanlar televiziya verilişlərində ekspert kimi tez-tez görürük. Mətbuatda isə sənət adamlarının ekspert kimi çıxışı qınanılmaqdadır. Buna münasibətiniz necədir?
- Düzünü desəm mətbuatın qınağına rast gəlməmişəm, lakin onu deyərdim ki, ekspertlər məhkəmə nümayəndələri deyil, onlar məsləhətçi kimi öz həyat təcrübələri ilə, bildikləri və düşündükləri ilə bölüşür, məsləhətlər verirlər. Onların dediklərini qanun kimi qəbul etmək, irad tutmaq yersizdir. Xoşun gəlir, ağlına batırsa əməl elə, xoşun gəlmir eləmə. Hər halda bir insan kiminsə taleyinə görə narahat olursa onun bu narahatlığına “çox sağ ol” düşür.
- Teatr aləmi aktyordan çox böyük fədakarlıq tələb edir. Bu gün canını, ömrünü teatra fəda edən aktyorlarımız varmı?
- Bütün aktyorlar həyatını qurban verib deyərdim - ən aşağı maddi durumda olan insanların fədakarlığını görməmək mümkünsüzdür. Bu gün sənətdə kim çalışırsa, böyükdən-kiçiyə, kiçikdən-böyüyə hamını fədakar saymaq olar.
Tamaşa zalının boşluğu aktyor üçün fəlakətdir
- Yəqin ki, vaxtaşırı Azərbaycanın digər teatrlarında hazırlanan tamaşalara gedirsiniz. Tək Gənc Tamaşaçılar Teatrı deyil, bütün Azərbaycan teatrının hazırkı durumunu necə təhlil edərdiniz?

- Bütün teatrların repertuarı ilə yaxından tanışam. Kəsə desəm, hələ milli teatrımız öz simasını tam olaraq tapmayıb. Deməzdim ki, bu yöndə də axtarışlar fəal gedir. Bütün teatrlar məlum standartlarla işləyir. Bəzən milli teatr ənənələrinə köklənən tamaşalar yaransa da axıra qədər gedilmir, davamlı olmur. Zaman keçirsə də yenə unudulur. Dünya teatrı içərisində öz yerini tutmaq çox mürəkkəb işdir. Bu işi xüsusi institut işləməlidir. Misalçün götürək hind filmlərini. Onlara demək olmaz ki, hind kinolarının hamısı sənət nümunələridir. Həmin filmlərin içərisində elələri var ki, çox primitivdir. Lakin, hind filmidir - bunu danmaq olmaz. Teatr sənətinin daim hərəkətdə, dəyişməkdə, inkişafda olduğunu nəzərə alsaq aktyorluq məktəbi də daim dəyişir. Teatr sənəti canlıdır - buna görə də zaman faktoru əsasdır. Teatr sənəti sintetikdir - bu səbəbdən başqa sənət növlərindəki dəyişikliklərdən xəbəri olmalı, istifadə etməlidir. Ən əsası isə teatrda əsas dramaturgiyadır ki, vacib, təxirəsalınmaz problemlərdən söz açmalıdır. Belə olsa, əlbəttə, teatrlarımıza tamaşaçı üz tutar. Ancaq təəssüflər olsun ki, çox vaxt konservatizm bütün bunlara mane olur.
- Sizcə, tamaşaçı bu gün teatra gəlib nə tapacaq, nə qazanacaq, gənclik ondan nə götürəcək? Ümumiyyətlə, nə isə tapacaqmı?
- Tamaşadan həmişə ibrətli, həyat üçün gərəkli, dəyərli bir fikir götürmək mümkündür. Gərəkdir ki, həvəsi, istəyi olan tamaşaçı olsun. Tamaşaçı incəsənətə mənəvi ehtiyac kimi yanaşsa, çörəyə-suya olan ehtiyac kimi qəbul etsə, incəsənəti də məişət qayğıları siyahısına daxil etsə, bu halda tamaşa zalı heç vaxt boş qalmaz. Məişət qayğıları bitib-tükənən deyil. Həyatını təkcə məişət qayğılarına həsr edən insan, mənəviyyatdan geri qalar. Belə halda ona teatr da gərəksiz olur. Tamaşa zalının boşluğu aktyor üçün fəlakətdir. Sıxıntıdır... Susuz akvariumdur...
- Vaxtilə Xalq Teatrları fəaliyyət göstərirdi. Həvəskarlar bu teatrlarda formalaşıb daha sonra böyük səhnələrə çıxardılar. İndi Xalq Teatrlarından əsər-əlamət qalmayıb.
- Bəli, vaxtilə belə olub. Zaman keçib, dövran dəyişib, həmin üsuldan bərk yapışıb qalan deyilik ki? Həmin Xalq Teatrlarının böyük xidməti var idi. Aktyorluq sənətinin başlanğıc məkanı kimi dəyərli idi. Oradan ali məktəblərə çoxsayda gənclər gedir və daha da dərindən sənətə yiyələnirdilər. Bu gün üsul dəyişib. Çoxlu sayda və məzmunda müsabiqələr, festivallar və sairələr keçirilir ki, bunlar həmin məqsədə xidmət edirlər. Yəni, gənc istedadlara incəsənətin müxtəlif sahələrində xüsusi diqqət verilir ki, bu tədbirlər əvvəlkindən daha effektli olmalıdır. Bir çox uğurlu nəticələrin də şahidi oluruq. Gənc rejissorlara meydan açılıb. Aktyorlar müxtəlif teatrların səhnələrində oyununu nümayiş etdirə bilir. Məsələn, Mingəçevir Dram Teatrında nəvəm Ləman Salmanlıya şərait yaradıldı. “Tıq-tıq xanım” tamaşasının tərtibatını hazırladı və nəticəsi də uğurlu oldu. Bunu 18 yaşlı gənc rəssamın ilk teatr debütü saymaq olar. Belə faktlar çoxdur, aktyorluqda, rejissorluqda, gənc rəssamların işlərinin sərgilənməsində, musiqi sahəsində, hər sahədə. Sadəcə forma dəyişib. Gileyə yer yoxdur.
- Necə bilirsiniz, Azərbaycan kinosunun hazırkı vəziyyəti ilə bağlı deyilənlər, yazılan tənqidlər həqiqətdirmi?
- Düşünürəm ki, kino sənətinə xüsusi diqqət ayrılmalıdır. Çox böyük həcmdə maliyyə xərcləri tələb edir. Kimisə qınamaq, irad tutmaq ,yazılanları təsdiqləmək məncə düzgün olmaz. Danışanda dəlil-sübutla danışmaq lazımdır. Əks təqdirdə şayiə olar. Ona görə də yazılanlar barədə bir söz deməyə haqqım yoxdur. Lakin, gün kimi aydındır ki, kinomuz bərbad hala düşüb, təcrübəli sənətkarlar fəaliyyətsiz qalıblar. Halbuki, inkişaf etmək istəyiriksə, paralel olaraq çoxlu sayda çəkilişlər getməlidir, rəqabət yaranmalıdır - onda inkişaf olar, uğur olar. Tək-tük uğurlu filmlər yaransa belə, ardıcıl olmadığından növbəti uğura qədər unudulur. Onu xüsusi qeyd etməliyəm ki, kinoya ən böyük zərbəni kinonun prokatının olmaması vurub. Kinonun nümayişi, satışı üçün kino-teatrlar bütün respublikada repressiyaya uğrayıb. Yaxşı bəs çəkilən bu filmlər harada içıq üzü görsün?
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər