AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ağacları qıraraq yerində obyektlər tikirlər

Ağacları qıraraq yerində obyektlər tikirlər

İqtisadiyyat
06 Mart 2013, 08:49 1938
Sürüşmə zonası kimi tanınan Bayılın “20-ci sahə” deyilən ərazisində, Oqtay Daşdəmirov küçəsində bu günlərdə baş verən uçqun hadisəsi sakinləri yenidən təlaşa salıb. Sürüşmə hadisələrindən əziyyət çəkməyə alışan insanlar indi də uçqun qorxusu yaşayıblar. Belə ki, hündürlükdən uçub tökülən qaya parçaları bəzi ərazilərdə sakinlərin evlərini və həyatlarını təhlükə altına alıb.

Uçqunların baş verməsi baxımından xüsusən Bayıl yamacının çox təhlükəli olduğu qeyd olunur. Ərazidə tez-tez sürüşmə və uçqun hadisələrinin baş verməsi də problemin böyüklüyündən xəbər verir. Burada hər sürüşmənin, hər uçqunun ölçüsü əvvəlkindən böyük olur. Məsələn, 1996-cı ildə baş verən sürüşmənin eni 150 metr idisə, 2000-ci ildə baş verən sürüşmənin eni 350 metr olub. Ekspertlər bildirirlər ki, sürüşmə ilə uçqun hadisələri fərqli olsa da, bir-birinin baş verməsinə şərait yaradır. Sürüşmə və uçqun hadisələri fəallaşmağa başlayandan mütəxəssislər həyəcanla bildirirlər ki, Bibiheybət məscidinin yerləşdiyi ərazidən tutmuş “20-ci sahə”yə qədər ərazi həm sürüşmə, həm də uçqun təhlükəsi olan zonadır. Ərazidə hər an təhlükə baş verə bilər. Əgər mütəxəssislər paytaxtda əsas sürüşmə təhlükəsi olan sahələrin Bayıl yamacı, Günəşli-Əhmədli-Qaraçuxur sahəsi və Əhmədli 2 zonası olduğunu bildirirlərsə, uçqun riskini daha çox Bayıl ərazisinə aid edirlər.

Aktivləşmə hər an gözlənilir

Ekspertlər son günlər baş verən uçqun hadisəsini daha çox atmosfer yağıntılarının çoxalması ilə əlaqələndirirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli geologiya kəşfiyyat xidməti, kompleks hidrogeologiya və mühəndis geologiyası ekspedisiyası texnogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov baş verən uçqunu təbii proses adlandırıb. ETSN rəsmisinin sözlərinə görə, uçqun əhəng daşı qırıntılarının aşınması nəticəsində baş verib. Hadisə ilə bağlı lazımi orqanlara müvafiq tədbirlər təklif edilib. Belə ki, "20-ci sahə"də tədbirlərin görülməsi üçün Fövqəladə Hallar Nazirliyi ilə birgə təkliflər hazırlanaraq müvafiq qurumlara verilib. Nazirlik rəsmisinin sözlərinə görə, onlar ərazidəki təhlükə ilə bağlı 5 tədbir təklif ediblər. Əhalinin köçürülməsindən başqa, uçqun materiallarını kənarlaşdırmaq, bərkitmə və s. kimi təkliflər irəli sürülüb. Ərazidə təhlükəli yerdə yerləşən 4 evin köçürülməsi məqsədəuyğun hesab olunub: “Hazırda bununla bağlı müəyyən işlər həyata keçirilir».

Nazirlik rəsmisinin bildirdiyinə görə, uçqun baş verən ərazidə sürüşmə prosesi yoxdur: «Bu, uçqun prosesidir. Bu, sürüşmə prosesindən fərqlidir. Uçqun aşınmış qaya süxurlarının meyillilikdən asılı olaraq hərəkətidir». S.Əmiraslanov hesab edir ki, prosesdə antropogen təsirlərin - insan fəaliyyətinin heç bir rolu yoxdur. Belə ki, nazirliyin rəsmisi Bayılda hündürlükdə yerləşən villalarda yaşayan insanların fəaliyyətinin, ərazidə kanalizasiya xətlərinin olmamasının uçqunun yaranmasına heç bir təsir göstərmədiyini qeyd edir: «Hündürlükdə tikilən villalar bir qədər kənarda yerləşir. Uçqun prosesinə təsir edən bu amillər deyil. O sahədə - dairəvi bir ərazidə dəniz mənşəli əhəng daşları yerləşir. Onlar istər-istəməz yamac boyu uçqun prosesi əmələ gətirir. Bunların neçə illər öncə əmələ gəlmiş əlamətləri də var». S.Əmiraslanov hesab edir ki, əgər aparılan qabaqlayıcı tədbirlər effektiv olsa, insanların köçürülməsinə ehtiyac qalmayacaq: «Qısa müddət ərzində tədqiqatın nəticəsi olmalıdır. Yamacda yerləşən, asılı vəziyyətdə olan qaya parçalarını yamaca bərkitmək üsullarını təklif etmişik. Çünki ərazidə evlərin sayı-hesabı yoxdur. Bu, ciddi uçqundur». Nazirlik rəsmisinin sözlərinə görə, uçqun baş verən ərazilərdə həyata keçirilən qabaqlayıcı tədbirlər sürüşmə ərazilərində görülən tədbirlərdən bir qədər fərqlidir: «Belə ki, uçqun təhlükəsi olan ərazilərdə qaya parçalarını xüsusi betonlaşmış metal torlarla bərkitmək olur. Əgər bu tədbirlər səmərə verərsə, gələcəkdə bunu bütün ərazi üzrə həyata keçirmək olar və əhalinin köçürülməsinə də ehtiyac qalmaz”.

ETSN nümayəndəsinin sözlərinə görə, hazırda Abşeron yarımadasındakı sürüşmə sahələrində ciddi aktivlik qeydə alınmayıb: “Ancaq Abşeron yarımadası daxil olmaqla, bütün respublika ərazisindəki uçqun və sürüşmə prosesinə məruz qalmış yamaclarda atmosferin təsiri nəticəsində aktivləşmə hər an gözlənilir. Təhlükəni hər an gözə almaq və qabaqlayıcı tədbirlər görmək lazımdır”.

Real təhlükə

“Ekoloji araşdırmalar mərkəzi”nin rəhbəri Telman Zeynalovun problemə münasibəti isə fərqlidir. Düzdür, ekoloq da uçqun hadisəsinin baş verməsində antropogen təsirlərin rolunu vurğulayaraq prosesi təbiət hadisəsi adlandırır. Ancaq təhlükənin böyüklüyünü istisna etmir: “Uçqunların yaranmasında əsas səbəb təbiətin fiziki, kimyəvi xüsusiyyətləridir. Belə ki, dağlıq zonalarda ana süxurlar üzə çıxır. Yağış, günəş şüaları nəticəsində onlar tədricən parçalanır. Qayalar parçalandıqca bəzən dağ sürüşür, bəzən də həmin daşların özü uçaraq aşağı yuvarlanırlar. Bu, sürüşməyə aid deyil. Qayalar aşağı düşərək öz qarşısında nə varsa vurub dağıdır. Əgər 500 kq və ya 1 ton ağırlığında daş parçaları aşağı düşərsə, bu, təbii ki, orada yaşayan insanların evləri və həyatları üçün təhlükəlidir. Burada yaşayan insanlar sözsüz ki, həlak ola bilər».

T.Zeynalov prosesin qarşısını almaq üçün qaya parçalarının yamaclara bərkidilməsi prosesini düzgün hesab etmir: «Təbiətdə gedən proseslərin qarşısını süni surətdə almaq mümkün deyil. Əgər mümkün olsa belə, bu, 1 və ya 2 il davam edə bilər. Sonra davam gətirməyəcək. Həmin qaya parçaları onların qarşısını almaq üçün tökülən betonlarla birgə insanların həyatı üçün daha böyük təhlükə yaradacaq». Ekoloq hesab edir ki, uçqun prosesləri daha çox şimal və dağlıq zonalarında, çılpaq qayalıqlarda baş verir. Belə ki, həmin ərazilərdə fiziki, kimyəvi aşınmalar nəticəsində qayalar parçalanır. Bu baxımdan hadisə hər bir dağlıq və qayalıq yerdə baş verə bilər: «Bəzən 50 tonluq qayanı sel-su daşıyaraq aşağı tökür. Onun qarşısında heç bir bənd dayana bilməz. Qabaqlayıcı tədbirlər bu qüvvənin qarşısında nə edə bilər ki?»

Bu cür ərazilərdə evlərin, binaların tikilməsini isə ekoloq qanunsuz hesab edir: «İlk növbədə binanı inşa etdirən sahibkar və ya evi tikən şəxs fikirləşməlidir ki, o ərazidə ev tikiləcəyi təqdirdə, gələcəkdə hansı qəzalar baş verə bilər. O, ilk növbədə mütəxəssislərlə məsləhətləşməli, ərazinin təhlükəlilik dərəcəsini nəzərə almalıdır. Bundan əlavə, həmin ərazini satan bələdiyyə, torpaq komissiyası və ya icra hakimiyyəti fikirləşməlidir ki, həmin insanları ölümə sürükləyirlər. 5-3 manat qazanmaq xətrinə insanların həyatını təhlükəyə atmaq olmaz. İnsanlar da bədbəxt hadisə baş verəndən sonra hökumətə müraciət edirlər ki, pulumuzu ödəməlisən. Hökumət bu pulu ödəməməlidir. Həmin vəsaiti onlara ərazini satan şəxslər ödəməlidir».

İnsanların uzun illərdən bəri yaşadığı Bayıl yamacında yaranan real təhlükələrə gəlincə, ekoloq bildirib ki, son 10 ildə həm uçqun, həm də sürüşmə halları aktivləşib. Belə ki, yağıntıların miqdarının artması, rütubətin çoxalması, buxarlanmanın çoxalması prosesi sürətləndirir: «Bu ərazilərdə mövcud olan binaların divarlarında rütubət evin daxilində də özünü göstərir. Bunların hamısı xəstəlikdir. İnsanlar nə qədər təmir etsələr də, sonradan həmin tikintilər get-gedə ovulmağa başlayır”. Həm sürüşmə hadisəsinin, həm də uçqunun insanlar üçün təhlükəli olduğunu bildirən EAM rəhbəri insanların həyatlarını xilas etmək üçün tədbirlər görməyin vacib olduğunu bildirib: “Həm sürüşmə, həm də uçqun insanlar üçün təhlükəlidir. Uçqun nəticəsində daş parçası bir binanın üstünə düşə və orada həm binanı dağıda, həm də insanları məhv edə bilər. Sürüşmə nəticəsində isə həmin ərazidə olan binalar birbaşa aşağı sürüşür. Bu, həddən artıq dəhşətli prosesdir».

Ekoloqun fikrincə, bu cür təhlükəli ərazilərdə ağacların əkilməsi məqsədəuyğundur: «Bu, təhlükənin qarşısını almaq üçündür. Ancaq biz buna riayət etmirik. 70-ci illərdən bəri yamaclarda terras şəklində ağaclar əkilirdi. İndi həmin ağacları qıraraq mağaza və digər obyektlər tikirlər. Ancaq bu tikililər də get-gedə uçacaq. Çünki yağıntıların miqdarı və nəmişlik get-gedə artır. Yağıntıların miqdarı artdıqca qurunt suların səviyyəsi də get-gedə qalxır. Yamaclarda terras şəklində ağaclar əkilməlidir ki, sürüşmənin və uçqunun qarşısını alsın. Uçqun təhlükəsi həmçinin torpaq sürüşməsinə səbəb olur». T.Zeynalovun fikrincə, bu cür təhlükəli ərazilərdə yaşayan əhali yalnız köçürülməlidir.

Qeyd edək ki, Azərbaycanın digər dağlıq ərazilərində, bir sıra yollarda da uçqun təhlükəsi var. Bu sırada İsmayıllı-Lahıc, Bakı- Şamaxı-Qəbələ, Lerik və Yardımlı yollarının adı hallanır. Mütəxəssislər hesab edirlər ki, sürüşmə əraziləri üçün labüd olan rayonlaşdırma, uçqun riski olan ərazilərə də şamil edilməlidir. Belə ki, ümumilikdə ölkədə yolların sürüşmə və uçquna görə qiymətləndirilməsi, risk və təhlükəlilik dərəcəsinin müəyyənləşdirilməsi lazımdır. Unutmaq lazım deyil ki, gec partlayan mina kimi sürüşmə və uçqun təhlükəsi hər an yarana bilər.

Təranə Məhərrəmova