• cümə axşamı, 18 aprel, 20:04
  • Baku Bakı 21°C

“Aaa, ıııı, eee”siz necə danışaq? - Araşdırma

05.06.20 14:00 7033
“Aaa, ıııı, eee”siz necə danışaq? - Araşdırma
Ekspertlər deyirlər ki, mütəxəssislə məşq etməklə gözəl danışığa daha tez sahib olmaq mümkündür, ancaq evdə də edə biləcəyimiz nələrsə var
Hər hansı məişət əşyasını götürün və onun haqqında 5 dəqiqə bədii üslubda danışmağa, əşyanı təsvir etməyə çalışın. Məsələn, bu, hansısa tava ola bilər. "5 dəqiqə tavadan nə danışmaq olar” kimi sual verənlər ola bilər. Bəs tava haqqında bir saat danışmaq? Məşqlə bunun da mümkün olduğu bildirilir.

Bu üsul internetdə qarşıma çıxdı, maraqlı və özünü test etmək üçün praktik gəldi. Ancaq gözəl danışıq qabiliyyəti ilə bağlı insanların yanaşması fərqlidir. Kimi deyir ki, gərək uşaq vaxtından dilli-dilavər olasan, bu, bir istedaddır. Ancaq Bayronun fikri bunun əksidir: "Gözəl danışıq qabiliyyəti Allah vergisi olmaqdan çox, çalışmaqla əldə edilən bir şeydir”. Mütəxəssis yanına gedib nəticə əldə edən şəxslər çoxdur. Bəs mütəxəssis yanına getmədən, elə evdə özümüz danışıq qabiliyyətimizi inkişaf etdirmək üçün hansı üsullardan istifadə edə bilərik?

Günay Həsənova hər vasitəni yoxladığını deyir: "Bədii kitablar oxuyuram. Bundan başqa, hər gün telefonun ön kamerasını açıb danışıram, sonra özümü dinləyirəm. Düzü, heç bəyənmirəm (Gülür). Bir də evdəkilərə tapşırmışam ki, danışığımda aaa, ııı, tipli səslər çıxaranda, mənə irad tutsunlar. Bununla problemin yarısını həll etmiş sayılıram”.

Turanə Tağızadə diksiyası gözəl olan şəxsləri dinləməklə çox şey öyrəndiyini deyir: "Düzdür, kitab oxuyuruq, ancaq danışığı inkişaf etdirmək üçün tək bu üsul yetərli deyil. Mən danışa bilən, nitqi gözəl olan insanlara qulaq asıram. Maraqlı bloqlardan yazılar oxuyuram. Çalışıram ki, danışığımda eyni sözləri tez-tez istifadə etməyim. Sinonimlər və yeni dünya dilinə daxil olan sözləri nitqimizə daxil etmək bəyəniləndir. Bənzətmələr olmalıdır. Təkrarçılıq olanda, qarşı tərəfə yorucu gələ bilir. Ona görə, sözlərin sinonimlərini, tapıb işlədirəm. Bunun üçün daim axtarışdayam. Öyrənmək öz yerində, onu tətbiq də etmək vacibdir. Ona görə danışaraq danışıq qabiliyyətimi inkişaf etdirirəm”.

Mütəxəssissiz də olar

"Diksiya Akademiyası”nın direktoru, nitq təlimçisi Cəlalə Nəzəroğludeyir ki, mütəxəssislə daha qısa vaxtda nəticə əldə etmək mümkündür, ancaq insan istəsə, evə də danışıq qabiliyyətini inkişaf etdirə bilər: "Bütün bacarıqlar kimi nitq qabiliyyətini də inkişaf etdirmək üçün mütləq bir rəhbərə ehtiyac var. Bu rəhbər "Youtube” videosu, hansısa kitab, mütəxəssis və s. ola bilər. Ancaq mütəxəssis nəzarəti olmadan edilən məşqlərin düzgünlüyü sual altındadır. Təlimatlara uyğun öz bildiyi kimi edəcək, ancaq düz, yoxsa səhv etdiyini müəyyənləşdirməsi çətindir. Mütəxəssis isə onu yönləndirə bilər. Digər tərəfdən, insanlar ödəniş edib, konkret gün götürüb hansısa mütəxəssisin yanına getməyəndə, bir qədər məsuliyyətsiz olurlar. Biz bilirik ki, hər şey vərdişdən, davamlılıqdan, səbirdən asılıdır. Əgər özümüzdə hansısa yeni bir vərdişi formalaşdırmaq istəyiriksə, mütləq ona aid hər gün nəsə etməliyik. Nitq də belədir. Mütəxəssislə işləyəndə, o, daim nəzarət altında olur, tapşırıqlar edir. Əgər qısa zamanda effektli nəticə istəyirlərsə, mütəxəssislə işləyə bilərlər. Ancaq kitab və "Youtube”dan istifadə edərək də, bu bacarıqlarını inkişaf etdirə bilərlər”.


K.Yaşar praktik ev şəraiti üçün məsləhət də verdi: "İnsanlar danışığa öncə ağız aparatlarını və nəfəsi doğru idarə etməklə başlamalı ("Youtube”da bəzi çalışmalar tapa bilərlər) və bunu edəndən sonra ilk işləri səsli oxu olmalıdır. Oxu o vaxta qədər davam etməlidir ki, oxuduqları özlərinə xoş gəlsin. Bunun üçünsə özlərini duymalıdırlar. Oxuda məqsəd nəql etməkdir. Şirin və aydın nəql. Sanki bir adama macəra, yaxud bir uşağa nağıl danışırmışıq kimi. Bu, ölüncə davam etməlidir. Ən praktik yolu səsli oxudur. Amma təkrar edirəm, adamda nəfəs idarəetmədə problem varsa, alınmayacaq. Bəsit qayda budur ki, nəfəs qarınla, diafraqmayla alınmalıdır. Sinəylə alarkən ağciyərlərin az faizi havayla dolur və danışıq istər-istəməz qısa və qırıq olur. Dili düzəltməyin də maneəli məşğələləri var. Ağızda fındıqla, qələmlə məşğələlər. Dil, çənə və dodaqlar doğru idarə edilməlidir. Artikulyasiya çalışmaları vacibdir. Yəni ev şəraitində bunları əldə etmək olar. Kimsə köklü dəyişiklik istəyirsə, köklü addım atmalıdır. Yüngül ev şəraitində dəyişikliklər üçünsə yuxarıda yazdıqlarım yetərlidir”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər