• cümə, 26 Aprel, 17:58
  • Baku Bakı 23°C

Ağ xalatlı qız – Uğur hekayəsi

04.03.14 08:52 9062
Ağ xalatlı qız – Uğur hekayəsi
“Bəzən iş özü mənim üçün istirahət olur, işimdən zövq alaraq işləyirəm”

Müsahibimiz Mərkəzi Klinik Xəstəxananın nefro-reanimatoloqu Səbinə Qasımovadır. Tibb Universitetinin məzunu olan S.Qasımova universiteti reanimatoloq ixtisası üzrə bitirdikdən sonra 3 saylı Bakı Şəhər Xəstəxanasında internatura keçib. Sonra isə Türkiyədə Gülhanə hərbi tibb akademiyasında nefrologiya üzrə ixtisaslaşıb. Oradan döndükdən sonra Mərkəzi Klinik Xəstəxanada fəaliyyətə başlayıb.
- Necə oldu ki, həkim olmağa qərar verdiniz?
- Atam həmişə deyirdi ki, qızlarım bircə həkim olmasın. Fikrini də belə əsaslandırırdı ki, həkim qızların ailə həyatı normal olmur, çünki gah gecə, gah səhər növbədə qalırlar, günün istənilən vaxtı xəstə üstünə gedirlər. Atam iqtisadçı olmasına baxmayaraq, kimya müəlliməsi olan anamın yolu ilə getdik. Məndən sonra bacılarım da Tibb Universitetinə qəbul oldular. Atam bir də gözünü açdı ki, oğlundan başqa qızlarının üçü də həkimdir.
- Səbinə xanım, hazırda çalışdığınız xəstəxanada işləmək hər həkimə nəsib olmur. Amma siz 25 yaşınızdan sözügedən tibb ocağında çalışırsınız. Necə oldu ki, burada işləməyə başladınız?
- Tibb Universitetini bitirəndə nə vaxtsa bu klinikada işləməyimi xəyal edirdim. Amma bu, mənə real görünmürdü. İnternaturamı başa vurub Türkiyədə nefrologiya üzrə ixtisaslaşandan sonra ürəkləndim və geri döndükdə iş üçün Mərkəzi Klinik Xəstəxanaya müraciət etdim. Xəstəxana rəhbərliyinin qəbulunda olub özüm haqqında məlumat verdim. Məni imtahan etdilər və reanimasiya şöbəsinə götürdülər.
- CV-nizə nəzər yetirdikdə görürük ki, Tibb Universitetini bitirdikdən sonra Türkiyənin müxtəlif xəstəxanalarında təcrübədə olmusunuz, kurslar, treyninqlər keçmisiniz. Bu, həkim üçün nə dərəcədə vacibdir?
- Həkim daim özünü inkişaf etdirməlidir. Çünki tibb elə bir sahədir ki, durmadan inkişaf edir, bu gün doğru olan bir şey sabah yanlış ola bilər. Bizim klinika da bunu nəzərə alır və hər bir personalın inkişafı üçün əlindən gələni edir. Buna görə xəstəxanamızın rəhbərliyinə təşəkkür edirəm. İndiyədək Ankarada Bayandır Xəstəxanasında Anesteziologiya və Reanimasiya ixtisası üzrə kursu başa vurmuşam. Eyni zamanda, İstanbulda Şişli Etfal Təhsil və Araşdırma Xəstəxanasında nefrologiya, hemodializ təhsil proqramını, daha sonra nefrologiyanın seçilmiş məsələləri üzrə tematik təkmilləşmə kursunu keçmişəm. İstanbul Universiteti İstanbul Tibb Fakültəsində Daxili xəstəliklər kafedrasının nefrologiya üzrə bölümündə təkmilləşmə kursunda da olmuşam. Ən son isə ötən il Ağdəniz Universiteti – Orqan Nəqli Təhsil, Araşdırma və Uyğulama Mərkəzində nefroloq həkim kimi kurs keçmişəm. Bundan başqa, Türkiyənin müxtəlif xəstəxanalarında professional təlimlərdə , konfranslarda vaxtaşırı iştirak edirəm.
- Nefro-reanimatoloq kimi reanimasiya şöbəsində də çalışırsınız və təbii ki, burada ağır xəstələriniz olur. Daim ağrı-acı ilə yaşayan xəstələrlə, xüsusən də ölümlə çabalaşan xəstələrlə işləmək çətin deyil ki?
- Əlbəttə, çətindir. Bəzən tibbin aciz qaldığı ağır durumlarla üzləşir və gənc yaşda xəstələrimizi gözümüzün önündə itiririk. 10 ildən çoxdur bu sahədə çalışmağıma baxmayaraq, buna alışmaq mümkün deyil. İnsanlar yaxşı şey eşitməyə öyrəşib. Həmişə gözləyirlər ki, xəstənin yanından çıxan həkim onlara xəstənin yaxşı olduğunu desin. Biz bəzən həqiqətləri deyəndə, xəstə yaxınlarının aqressiyası ilə qarşılaşırıq. Düzdür, acı yaşamış insan kimi onları çox yaxşı anlayıram, xəstənin yaxınlarının acısını yüngülləşdirmək üçün onların acılarını öz acım kimi qəbul etdiyimi hiss etdirirəm. Amma həkimi də anlamaq lazımdır. Heç bir həkim istəməz ki, xəstəsi ağır olsun, əlində rəhmətə gesin. Bir də görürsən, sağalacağına ümid etdiyin hansısa xəstəni itirirsən, digər tərəfdən sağalmasına o qədər də güman etmədiyin, komada olan ağır xəstən ayağa qalxır. Birinin sevinci, digərinin kədərini bir yerdə yaşamağa məcburuq.
- Yalnız fiziki cəhətdən deyil, həm də mənəvi cəhətdən bu qədər ağır iş rejimindən sonra necə dincəlirsiniz?
- Sözün doğrusu, bəzən iş özü mənim üçün istirahət olur, işimdən zövq alaraq dincəlirəm. İş həyatıyla ailə həyatını bir-birindən ayıranda mənə qəribə gəlir. Hətta həyatımın, günümün çox hissəsi klinikada keçdiyi üçün işimi də ailəm sayıram. Amma təbii ki, bioloji ailənlə dincəlməyin öz yeri var. Vaxtımı 10 yaşlı oğlumla keçirib yorğunluğumu unutmağa çalışıram. Düzdür, bu, bir qədər çətindir, çünki işdən sonra da telefonlar susmur, xəstələrimin yaxınları zəng edir. Yəni, işi işdə qoyub getmək istəsən də, iş səni tərk etmir. Mənim üçün dünyada ən böyük hədiyyə, sevinc xəstəmin sağalıb “həkim, nə yaxşı sağaldım”, “çox sağ olun, sizin sayənizdə düzəldim” deməsidir. Xəstəmin simasındakı təbəssüm mənim üçün hər şeydir.
- Səbinə xanım, yaxşı həkim olmağınızın sirri nədədir?
- Mən daim öz üzərimdə işləyir, İnternet vasitəsilə, yaxud aldığım kitablarla biliyimi dərinləşdirirəm, həmçinin bayaq da qeyd etdiyim kimi, müxtəlif treyninqlərdə, təkmilləşmə kurslarında və s. oluram. Əslində öz sənətinə dərindən yiyələnmək üçün daim öz üzərində işləməyin vacibdir. İlk növbədə isə öz sənətini sevməlisən ki, bu sahədə irəliləyə biləsən. Peşəsindən asılı olmayaraq, insan işlədiyi sahəni sevmirsə, müvəffəqiyyət qazana bilməz.
- Həkimliyin digər peşələrdən fərqi nədədir?
- Həkimlik həm də həyat tərzidir. Biz digər peşə sahibləri kimi istədiyimiz vaxt əylənə, dincələ bilmirik. Uzun müddətli yuxusuzluğa öyrəncəkliyik. Həkim ilk növbədə özünə inanmalıdır ki, xəstəsini də sağalacağına inandıra bilsin. Belə bir misal var ki, əgər xəstə həkimlə danışandan sonra onun xəstəliyində yarıbayarı irəliləyiş olmadısa, o, həkim deyil. Həkim xəstə ilə söhbətləşməli, ona xəstəliyinin incəliklərini tam başa salmalıdır. Məsələn, mən Tibb Universitetində oxuyarkən xəstəxanalara təcrübəyə gedəndə görürdüm ki, elə həkimlər var ki, resepti yazıb xəstənin əlinə verir və xəstəliyi barədə onu məlumatlandırmır. Bu, çox pis haldır. Əgər xəstə xəstəliyini tam başa düşmürsə, onu sağaltmaq üçün həkim xəstə ilə birgə çalışmırsa, sonda nəticə əldə etmək çətinləşir. Xəstə həkimə müraciət etdikdən sonra onlar hər ikisi eyni cəbhədə xəstəliyə qarşı mübarizə aparmalıdırlar. Eyni zamanda həkim bütün xəstələrinin sirrini öz sirri kimi saxlamalıdır.
- Səbinə xanım, bir qədər də gələcək planlarınızdan danışaq …
- Nefrologiya sahəsi üzrə dünyada tanınmış mütəxəssis olmaq istəyirəm. Buna görə daim üzərimdə çalışıram.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər