• cümə axşamı, 18 aprel, 18:45
  • Baku Bakı 21°C

“Ağ canavar” – Eduard Məmmədov - Portret

08.04.14 12:12 17384
“Ağ canavar” – Eduard Məmmədov - Portret
Azərbaycanda qeyri-olimpiya idman növlərində qazanılan uğurlar heç də az deyil. Özü də nəticələr bəzən o qədər yaxşı olur ki, inanmaqda çətinlik çəkirsən. Yazımızın bugünkü qəhrəmanının karyerası məhz belələrindəndir. Onun titul və medal sayını eşidəndə heyrətlənməyə bilmirsən. Tanış olaq: əsl çempion, kikboksinq üzrə dəfələrlə dünya çempionu Eduard Məmmədov.
Ana əməyi
Eduard Tofiq oğlu Məmmədov 1978-ci il yanvar 2-də Bakıda anadan olub. Atası rəhmətə getdiyindən anası böyüdüb onu. Adını da o qoyub. Deyib ki, “sən məşhur biri olacaqsan, səni hamı tanıyacaq, qoy adın da fərqlənsin”. Ancaq anası onun idmançı yox, diplomat, həkim, professor olmağını istəyirdi. İdmançı olmağını istəmirdi, çünki deyirdi ki, idmançının günü məşqdə keçir, çox əziyyət çəkir. Düz deyirmiş. Ancaq balaca Eduardı fikrindən döndərmək çətin olub. Uşaqlıqda əsəbi və zəif olsa da, idmanın hesabına bütün bu problemləri arxada qoya bilib. İlk dəfə üzgüçülüyə gedib, sonra karate ilə məşğul olub. Amma tezliklə anlayıb ki, onun növü məhz kikboksinqdir. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Jan Klod Van Damm, Brüs Li və başqalarının populyarlığı bir çox uşağı döyüş növləri məşğul olmağa sövq edib. Ki, Eduard da belələrindəndir. Hər dəfə o kinolara baxanda onlar kimi idmançı olmaq istəyən, onların hərəkətlərini dəfələrlə təkrarlayan Məmmədov, bu həvəslə kikboksinqə gəlib çıxıb. 1993-cü ildə ilk və bu günə qədər çalışdığı məşqçisi Çingiz Eyvazovla tanış olub. Ona “Görürəm potensialın var. Gəl məşqlərə, səni çempion edəcəm” deyən mütəxəssisin sözləri illər sonra təsdiqini tapdı. Eduardın uşaqlıq illəri həqiqətən ağır keçib. Məşqə getməyə yolpulu olmurdu, amma zala qədər yolu piyada gedib-gəlirdi. Heç nəyi bəhanə etmədən çalışıb, əziyyət çəkib. Bəhrəsini də görüb. İndi o, dünyada ən titullu kikboksinqçidir.
Çoxsaylı titullar
Titullar demişkən... Eduard Məmmədov 15 qat Azərbaycan, 5 qat Avropa, 17 qat dünya çempionudur. Bununla yanaşı, o, dəfələrlə Asiya və Avrasiya çempionu (WAKO, World Profi and IAKSA versiyaları üzrə), müxtəlif peşəkar turnirlərin qalibi, dünya çempionatlarının beşqat bürünc, yeddiqat gümüş, üçqat gümüş medalçısı, peşəkarlar arasında ANS kubokunun qalibi, WAKO versiyası üzrə dünya kubokunun sahibi, İKBO versiyası üzrə peşəkarlar arasında dünya çempionu, WAKO-PRO versiyası üzrə ən nüfuzlu interkontinental kəmərin sahibidir, bu kəməri iki dəfə müdafiə edib. Ümumilikdə 50-dən çox beynəlxalq mükafat, medal və titulu olan həmvətənimiz, məşğul olduğu idman növünün kralıdır. Kikboksinqdə onun kimisi yoxdur, yaxın gələcəkdə də olacağı görünmür. Eduardın fəxri adları da az deyil. 1997-ci ildə Azərbaycan Respublikasının, iki il sonra beynəlxalq, daha dörd il sonra isə əməkdar idman ustası adını alan Məmmədov, 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən mənzillə mükafatlandırılıb, bir il sonra onun fərmanı ilə “Vətən uğrunda” ordeni alıb. 25 dekabr 2009-cu ildə prezident tərəfindən qeyri-olimpiya idman növünün inkişafında xüsusi xidmətlərə görə Fəxri Fərmanla təltif edilib, 5 mart 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görülüb.
Yeganə çempion!
Eduardın unikal göstəriciləri bununla bitmir. 2009-cu ilin iyununda o, İspaniyada World Profi versiyası üzrə keçirilən dünya çempionatında qələbə qazanıb. Eduard burada Low Kick və K-1 bölmələrində 2 qızıl medal əldə edib. Daha sonra oktyabrda WAKO Low Kick versiyası üzrə Avstriyada keçirilən dünya çempionatını, noyabrda isə WAKO Full Contact versiyası üzrə İtaliyada keçirilən dünya çempionatının qalibi adını qazanıb. Bu nəticə - bir ildə üç dünya çempionatının qalibi adını qazanmaq - dünya kikboksinq tarixində ilk və presedentsiz haldır.
Üç ali təhsil
İdmanda bu qədər nəticələrinə baxmayaraq, o, təhsil almağa da ciddi əhəmiyyət verib. Eduard başa düşür ki, savad və bilik çox böyük əhəmiyyət daşıyır. Məmmədovun üç ali təhsili var: Bədən Tərbiyəsi və İdman Akademiyası, Polis Akademiyası və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Hazırda Daxili İşlər Nazirliyində işləyir, mayor rütbəsindədir.
Ən vacib döyüşü
Vətənpərvərlik hissi onun üçün həmişə öndə olan məfhumlardan olub. İstənilən qələbəsindən sonra əlinə Azərbaycan bayrağını alıb rinqi dövrə vuran Eduard üçün düşmən erməni idmançıları ilə döyüşləri xüsusi əhəmiyyət daşıyıb. Ən parlaq və yaddaqalan qələbə isə 2000-ci ildə Yunanıstanda dünya çempionatında qazanılıb. Eduard Məmmədov rəqibini 15 saniyəyə nokaut vəziyyətinə salıb. O döyüşü belə xatırlayır: “Həmişə erməniylə döyüşümüz hamıya maraqlı olub və hamı bizdən, məhz onlarla döyüş zamanı qələbə gözləyib. 2000-ci ildə erməni ilə döyüşürdüm. Onu nokauta saldım, 15-ci saniyədə. Heç kim inanmırdı. Erməninin müəllimi qayıdıb dedi ki, “dur ayağa, biabır eləmə bizi”. İdmançı isə... İdmançı isə dedi ki, dura bilmirəm. Qışqırdı ki, “dur dedim sənə”! Döyüşçü isə məşqçisinə “belə istəyirsənsə, belə asandısa, gəl özün döyüş”. Həmin vaxt bayrağımızı açdım və fəxrlə qələbəmi qeyd elədim. Zurab Farayanı udandan sonra hamı gördü ki, azərbaycanlı idmançı hamıdan güclüdür”.
“Ağ canavar”
Eduard Məmmədovun çox məşhur ləqəbi var – “Ağ canavar”. Ağ bədəninin rəngini, canavar isə döyüş tərzini bildirir. Eduard rinqdə canavar kimi çox sürətli və cəlddir. Ayaqları ilə yaxşı döyüşür, ağır zərbələri var. Rinqdəki duruşu da adına layiqdir. Pusquda duran, ancaq rəqibinin düz gözünə baxan, onu öz şikarı hesab edən canavar kimi görünən Eduard, digər döyüşçülərin qorxulu röyasıdır. Üstəlik, döyüşlərə gülə-gülə çıxır qəhrəmanımız. Bununla qarşısındakı demək istəyir ki, “onsuz da səndə heç nə alınmayacaq”. Bu da bir psixoloji təsir vasitəsidir. Onun adını dünyada hər kəs tanıyır və hörmət edir. Bir çox döyüşlərdən sonra məğlub olan rəqiblərin onunla xüsusi görüşməsi, onunla bir rinqi bölüşməkdən fəxr duymasını dediyi məqamlar da olub. Bütün bunları Məmmədov böyük əziyyətlər, illərlə sürən aramsız məşqləri hesabına qazanıb.
Həm tələbə, həm də məşqçi
Eduard peşəkar idmançı karyerası ilə yanaşı, həm də məşqçilik fəaliyyəti ilə məşğuldur. O, hazırda yarışlarda həm də döyüşçü kimi iştirak edən yeganə çalışan məşqçidir. Məşqçilik fəaliyyətinə 2000-ci ildə başlayıb, tələbələri arasında dəfələrlə dünya və Avropa çempionları var. Özü də çox vaxt qeyd edir ki, həm müəllim, həm tələbə olmaq məsuliyyət tələb edir. O, həmişə tələbələrinə ilk olaraq vətənpərvər olmağın, vətəni sevməyin gərəkdiyini başa salır. Onlara məşqlərə maksimum diqqət ayırmağın vacibliyini deyir, bu yolla ölkəyə xidmət etdiklərini anlatmağa çalışır. İdmandan əlavə tələbələrinə elmlə məşğul olmağa çağıran Eduard, onlara yaxşı oxumağı, savadlı insan olmağı tövsiyə edir.
Portreti
Ləqəbi onu təsvir etmək üçün yetərlidir. Canavar baxışlı idmançı hər an döyüşə atılmağa hazırdır. Böyük karyera, ağır, gündəlik məşqlər, yarışlar, zədələr, çətinliklər onu yormayıb, əksinə daha da möhkəmləndirib. Sevimli idman növü ilə məşğul olması, bu yolla həyatını qura bilməsi, populyarlıq və xalq sevgisini qazanması onu sevindirir. Eduard həyatın hər anından zövq alır. Yəqin belə də olmalıdır.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər