• çərşənbə axşamı, 23 aprel, 17:50
  • Baku Bakı 24°C

9 may Qələbə günü teatrlarımız nə göstərəcək?

08.05.15 09:25 1578
9 may Qələbə günü teatrlarımız nə göstərəcək?
İkinci dünya müharibəsi (1939-1945) bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yaddaşlara həkk olunub. Kiçikdən böyüyə qədər o illərin dəhşətini şahidlərdən eşidərək yaddaşında nəsildən-nəslə ötürməkdədir. SSRİ dövründə yaşamış insanların zehnində isə bu məqam xüsusilə özünəməxsus bir yer tutur. Məktəb vaxtlarında dərsliklərdən oxuduğumuz və yaxud müharibənin dəhşətlərini yaşamış insanlardan eşitdiklərimiz bir ömür xatirəmizdən silinməyəcək. Bununla yanaşı o şərəfli yolu keçmiş insanlara qarşı qəlbimizdə yer tutan hörmət və məhəbbət hər zaman təravətini qoruyacaq. Bu il faşizm üzərində qələbənin üzərindən tam 70 il ötür. Bu münasibətlə ölkəmizdə bir sıra tədbirlər keçirilir. Kimisi bu qələbəni öz qələbələri hesab edir, kimisi də 9 Mayı Qələbə günü kimi qeyd etməkdən boyun qaçırır. “Bu bizim bayramımız deyil” deyərək həmin günü bayram etməkdən imtina edir.
Biz də 9 May Qələbə günü teatrlarımızın repertuarına nəzər yetirdik. Teatrların rəhbərlikləri, mətbuat xidmətləri ilə əlaqə saxlayıb, bu əlamətdar günü necə keçirdiklərini soruşduq.
Həmin gün teatrlarda repertuar tamaşaları yer alacaq
Həmin gün Ana teatrımız olan Akademik Milli Dram Teatrında heç bir tamaşa nümayiş olunmayacaq. Musiqili Teatrın yaradıcı heyəti də həmin gün xüsusi tədbir hazırlamayıb. Belə ki, 9 may günü teatrda saat 12:00 da uşaq tamaşası olan “Qırmızı papaq”, 17:00 da isə “O olmasın, bu olsun “tamaşası nümayiş olunacaq.
May ayının 9-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 9 may Qələbə günü münasibətilə tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən “Kaspi”-yə verilən məlumata görə, tədbir “1941- 1945–ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli, Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına əsasən gerçəkləşəcək. Əvvəlcə səhnədə XX əsrdə bəşəriyyətin ən dəhşətli dövrü olan 1941- 1945–ci illər müharibəsi haqqında çıxışlar olacaq. Daha sonra İsveç dramaturqu Lars Nurenin “Müharibə” əsəri əsasında hazırlanmış “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası nümayiş etdiriləcək.
İki hissəli tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarınıın Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadur. Səhnə əsərində əsas rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Roza İbadova canlandıracaqlar.
Bölgə teatrlarımız da həmin günü qeyd etmək niyyətində deyillər
Mingəçevir Dövlət Dram Teatrında isə hazırda yeni tamaşalar üzrə məşqlər gedir. 9 May günü teatrın səhnəsində S.S.Axundovun “Eşq və intiqam” tamaşası oynanılacaq. Teatrın truppa rəhbəri Elşən Məmmədovun verdiyi məlumata görə, bu tamaşaya xalq artisti Zülfüqar Abbasov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Tamaşada əsas rolları əməkdar artistlər Ella Yaqubova, Akif Mirabov, aktyorlar Aydın Quliyev, Ruhəngiz Abdullayeva, Afət Əliyeva, İlqar Rəhimov və başqaları canlandıracaqlar.
Sumqayıt Dövlət Musiqili Dram Teatrında isə həmin gün Hüseynbala Mirələmovun “Vicdanın hökmü” tamaşası nümayiş olunacaq. 9 Mayda teatrın səhnəsində heç bir xüsusi tədbir nəzərdə tutulmayıb.
Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımovdan aldığımız məlumata görə, hazırda Gəncə şəhərində ümumşəhər tədbiri keçirilir. Onlar 3 gün sərasər o tədbirdə iştirak edəcəklər. Ancaq Qələbə gününə həsr olunmuş hər hansı bir tədbir nəzərdə tutulmayıb. Daha bir bölgə teatrımızda, Lənkəran Dövlət Dram Teatrında da 9 mayla əlaqədar heç bir tamaşa və ya tədbir keçirilməyəcək.
“Qaçqın” teatrlarımız həmin günü necə qeyd edəcəklər?
Vətənindən ayrı düşmüş, “Qaçqın” teatrlarımızdan İrəvan Dövlət Azərbaycan Dram Teatrında 9 may günü heç bir tədbir keçirilməyəcək. Teatrın həmin günü qeyd etmək üçün ilk növbədə əlverişli səhnəsi yoxdur. Əldə olan kiçik səhnə var ki, Qələbə günü həmin səhnədə yeni tamaşaların məşqləri baş tutacaq.
Şuşa Dövlət Musiqili Dram Teatrında isə vəziyyət bir qədər başqadır. Bu teatrın da hər hansı tədbir keçirmək üçün geniş, əlverişli səhnəsi yoxdur. Ancaq buna baxmayaraq teatrın kollektivi mütəmadi olaraq mədəniyyət ocaqlarında Şuşanın işğalı ilə bağlı mütəmadi şəkildə tamaşalar, kompozisiyalar nümayiş etdirir. Teatrın direktor müavini Azad Məmmədovun sözlərinə görə, Şuşanın işğalı ilə bağlı hazırladıqları tamaşaların nümayişinə başlanılıb. Belə ki, teatrın yaradıcı heyəti Mayın 5-də İqtisad Universitetində “Güllələnmiş heykəllərin fəryadı” tamaşasını nümayiş etdiriblər. Mayın 6-da isə Beynəlxalq Muğam Mərkəzində “Darıxma, Şuşam” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Daha sonra Binəqədi Mədəniyyət Evində Mayın 7-də Elnurə Abdullayevanın “Ağ qayıq” tamaşası tədbir iştirakçları tərəfindən izlənilib. Mayın 8-də isə Dövlət Mahnı Teatrında növbəti dəfə “Ağ qayıq” tamaşası oynanılacaq.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər