• cümə, 29 Mart, 13:35
  • Baku Bakı 14°C

85 illik tarix

23.12.19 11:15 1042
85 illik tarix
Və ya yazarların həmişə ehtiyac duyduqları ocaq
"Sovet İttifaqının süqutundan sonra əksər ölkələrdəki yazıçılar birlikləri dağıldı. Bizdə isə ulu öndər Heydər Əliyev yazıçıları himayəsinə götürdüyü üçün Yazıçılar Birliyi yaşadı. Güman edirəm ki, 85 il yaşamışıqsa, şərəflə yaşamışıq. Tariximizdə qara səhifələr də, faciəvi illər də olub. Bütün bunlara baxmayaraq, Yazıçılar Birliyi Azərbaycan dilini, ədəbiyyatını, mənəviyyatını qoruyub, yazıçıların müqəddəs ocağı kimi fəaliyyət göstərib, bundan sonra da göstərəcək”.
Bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar rəhbərlik etdiyi qurumun 85 illik yubiley tədbirində söyləyib. Xalq yazıçısı qeyd edib ki, ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra Yazıçılar Birliyi milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında, azərbaycançılıq ideologiyasının formalaşmasında böyük xidmətlər göstərib. Təşkilat bu illər ərzində həmişə xalqımızın mədəniyyət tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirib.
Xatırladaq ki, Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılıb. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən, bir neçə yazıçı çap etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı dərnəyi" təsis etdiklərini bildiriblər. Həmin ədəbi birlik "İldırım” adlanırdı. "Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. "Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirlər həyata keçirirdi. "Maarif və mədəniyyət” jurnalında, "Kommunist” və "Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, "Qızıl qələmlər”, "Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.XX.1929) çağırıldı.
ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı.
"Müzakirə”mizdə AYB-nin keçdiyi yola nəzər salmağa çalışdıq.

Bir işıq ətrafında
"Yazıçılar Birliyi o təşkilatlarımızdandır ki, uzun bir tarix yaşayıb”-deyən yazıçı İlqar Fəhmi qeyd edir ki, bu qurum fəaliyyəti ərzində çətinliklər də, problemli anlar da yaşayıb: "Yazıçılar Birliyi 90-cı illərdə çətin vəziyyətdə olub. Ancaq sevindirici hal odur ki, bir çox təşkilatlardan və başqa ölkələrdəki eyni qurumlardan fərqli olaraq Yazıçılar Birliyi öz funksiyasını qoruyub saxlaya bilib. Bunda da bizim ağsaqqal yazarlarımızın, ziyalılarımızın xidməti böyükdür. Onlar ən gərgin, hətta ən mübahisəli məqamlara qədər mübarizə aparıblar. 90-cı illərin əvvəllərində "bu yaradıcı təşkilatların aqibəti necə olacaq” sualı ilə üz-üzə qalanda, onlar bu təşkilatı çətinliklərin içərisindən çıxarıblar”. Yazıçılar Birliyinin ədəbiyyat adamlarının həyatındakı roluna gəlincə, İ.Fəhminin fikrincə, burada ümumiləşdirici amil rol oynayır: "Yazıçılar elə bir sahənin adamlarıdır ki, heç biri hardasa şair və ya yazıçı işləmir. Yəni yazı əhli hərəsi bir yerdə işləyir və oradan gündəlik dolanışıqlarını təmin edirlər. Bəziləri mətbuatda, bəziləri tədrisdə, bəziləri isə aidiyyəti olmayan fərqli sahələrdə çalışırlar. Ancaq bu adamlar üçün Yazıçılar Birliyi mənəvi tələbatlarını ödəmək üçün əhəmiyyətli rol oynayır. Əgər insanın içində yaradıcılıq eşqi varsa, onların, mütləq özlərini ifadə etməyə, toplaşmağa, dərdləşməyə, dövlətə müəyyən mesajları çatdırmağa və ya öhdəsindən gələ biləcəyi müəyyən mesajları qəbul edən bir ocağa ehtiyacı olur. Olmasa, çox dağınıq şəkildə fəaliyyət göstərərlər. Bu baxımdan, bu təşkilat tərəfindən yazarların bir yerə toplaşmağından ötrü imkanla yanaşı, kitabların çap olunmağı, jurnal və qəzetlərin çapı, təqaüd məsələləri və s. ilə bağlı müəyyən yardımlar olur. Bunlar, əsasən içində ədəbiyyat yanğısı olanların bir işıq ətrafında birləşməsinə xidmət edir. Yazıçılar Birliyi də bacardığı qədər bu yükü çəkməyə çalışır”.
Hər bir qələm adamı üçün ocaq
Şair Baba Vəziroğlu Yazıçılar Birliyini evsiz-eşiksiz adamların evinə bənzədir: "Yazıçılar Birliyi hər bir qələm adamı üçün bir ailə, bir ocaqdır. Ola bilsin ki, ora rəhbərlər gəlir-gedir. Amma bu, o qədər önəm daşımır. Ocaq, ev öz mahiyyətini dəyişmir - ocaq ocaqlığında, ailə ailəliyində qalır. Yazıçılar Birliyinin üzvü olmaq ailənin üzvü olmaq deməkdir. Ora heç kimə yazmağı öyrətməyib, heç kimə yazmağı qadağan etməyib - onun belə bir səlahiyyəti yoxdur. Yazıçılar Birliyi eyni fikirli, eyni düşüncəli, eyni sözə xidmət edən insanları birləşdirən bir ailədir. O, ailənin hər bir üzvünün problemi barədə də Yazıçılar İttifaqı daim düşünür, imkanı daxilində onlara kömək edir. Təbii ki, sovet dövründə olduğu kimi qurumun səlahiyyətləri, imkanları o qədər böyük deyil. Heç o dövrdəki imkanların yüzdə biri də qalmayıb. Buna baxmayaraq, ailə ailədir – ailə kasıb da ola bilər, varlı da. Sovet dövründə ailə daha varlı idi və üzvləri firavan dolanırdılar. İndi ailə büdcəsi kasıblayıb. Təbii ki, bu da kapitalizmin öz qanunlarıdır. Amma qurum bir tərəfdən azadlıq əldə edib. Tanrı hər şeyi birdən vermir. Çünki həm varın, həm də azadlığın birdən verilməsi mümkün deyil. O zaman azadlıq məhdud idi. Yuxarıdan gələn tapşırıqların əsasında əsərlər yazılırdı, bu əsərləri yazanlara mükafat verilirdi. Sözə baxmayan yazıçılar bütün imtiyazlardan kənarda qalırdı. O dövr belə idi. İndi azadlıq var, imkanlar yoxdur. İkisi bir yerdə olmur”. B.Vəziroğlunun fikrincə, Yazıçılar Birliyinin hazırda qeyd etdiyi 85 illik yubiley böyük bir tarixdir: "Bu, qocaman bir təşkilatın yubileyidir. İnanıram ki, Birlik uzun illər ömrünü sürəcək. Hərçənd 90-cı illərdə eyforiyaya uyub onu dağıtmağa cəhd edənlər vardı. Ancaq nəyisə dağıtmaq istəyəndə əvvəlcə gərək düşünəsən. O dövrdə də bir çox təşkilatlar dağıdıldı, əvəzində heç nə yaranmadı. Yaxşı ki, zəkalı insanlar Yazıçılar Birliyini qoruyub saxladılar. Qurum bu gün də nüfuzlu bir təşkilat kimi fəaliyyət göstərir”.
Daim bir ocağa ehtiyac
Yazıçı Mübariz Örən "85 illik tarix, əhəmiyyətli hadisədir” deyir: "Belə bir tarix qeyd olunmalıdır. Bu gün Yazıçılar Birliyinin fəaliyyəti lazımlıdır. Yaxşı, pis fəaliyyəti var. İstənilən halda, bir ocaqdır. Bu ocağın başına kimlərsə toplaşır, yaradıcılıqla bağlı planlarını bölüşür, dərdləşir, məsləhət alır. Bu baxımdan yazarların bir ocağa həmişə ehtiyacı var”.
Ədəbi mühitin paytaxtı
Tənqidçi Vaqif Yusifli "Bu 85 ildə Azərbaycan Yazıçılar Birliyini sözün əsl mənasında bir yaradıcılıq akademiyası, qaynar ədəbi mühitin "paytaxtı” adlandırmaq olar” deyir: "Azərbaycan Yazıçılar Birliyi müəyyən struktura, iş prinsipinə malik bir təşkilatdır. Onun rəhbər orqanları yazıçıların qurultayında açıq, yaxud gizli səsvermə ilə seçilir. İndiyə kimi Birliyin on iki qurultayı keçirilib (1934, 1954, 1958, 1965, 1971, 1976, 1981, 1986, 1991, 1997, 2004, 2014-cü illərdə). Birliyin fəaliyyət proqramı onun Nizamnaməsində dolğun əks olunub. Keçən əsrin 70-80-ci illərindən başlayaraq, Birliyin fəaliyyətini daha da genişləndirmək məqsədilə ayrı-ayrı bölgələrdə onun filialları açıldı. Vaxtilə "əyalət ədəbiyyatı” deyilən bir ifadə vardı, rayonlarda yaşayıb-yaradan yazarların yaradıcılığı məhz bu meyarla qiymətləndirilirdi və bu fikirdə həqiqət olduğu da şəksizdi. Çünki rayonlarda az-çox istedadı olan şair və nasirlər Bakıya - qaynar ədəbi mühitə can atırdılar. Bölgələrdə isə ədəbi həyat süst və zəif idi. Lakin filiallar təsis olunduqdan sonra əyalətlərdə də ədəbi həyat canlanmağa başladı. Bu 85 ildə çətin və əzablı, amma, eyni dərəcədə, şərəfli bir yol keçmiş bir qurumun-təşkilatın fəaliyyətini izləyərkən ən vacib, ən zəruri bir faktı qeyd etməyi lazım bilirik - Azərbaycan Yazıçılar Birliyi bu illər ərzində xalqın mənəvi dünyasının zənginləşməsində, onun bədii-estetik zövqünün formalaşmasında, vətənpərvərlik tərbiyəsində, bir az geniş kontekstdə götürsək, Azərbaycan ədəbiyyatının dünya miqyasında tanınmasında və təbliğ edilməsində misilsiz rol oynayıb”.
Tənqidçi, Yazıçılar Birliyinin ədəbi orqanlarının fəaliyyətini xüsusi qeyd edir: "1923-cü ildən nəşrə başlayan və "Azərbaycan ədəbiyyatının güzgüsü” adlandırılan qocaman "Azərbaycan” jurnalının 87 illik nüsxələrini qoyun qarşınıza... Ədəbiyyatımızın ən parlaq sənət incilərinin ilk müjdəçisi məhz "Azərbaycan” jurnalı olmuşdur. Əgər Amerika və Avropa ölkələrindən bir azərbaycanşünas alim Azərbaycan ədəbiyyatı haqqında mükəmməl məlumat almaq istəsə, heç şübhəsiz, ilk növbədə, "Azərbaycan” jurnalı vasitəsilə buna nail ola bilər. Yazıçılar Birliyinin nəşrləri içərisində "Ədəbiyyat qəzeti”nin, "Literaturnıy Azerbaydjan” və "Ulduz” jurnallarının da ədəbiyyatımızın təbliğində mühüm rolu olmuşdur”.
Tənqidçi qeyd edir ki, hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin 1500-ə yaxın üzvü var: "Bəlkə də bu rəqəm gözlənildiyindən artıqdır, amma üzvlərin tən yarısını gənclər - ədəbiyyatın yeni qüvvələri təşkil edir. Onların içərisində istedadlar az deyil. Yazıçılar Birliyi mövcud olandan bu günə kimi ədəbi gəncliklə bağlı qayğılarını heç vaxt əsirgəməmişdir. Bu qayğı qırxıncı-əllinci illərdə Səməd Vurğunun, 60-70-ci illərdə Rəsul Rzanın, sonrakı onilliklərdə B.Vahabzadənin, N.Xəzrinin, Anarın, Elçinin adı ilə bağlıdır, amma söhbət Yazıçılar Birliyindən gedirsə, əllinci illərdə M.İbrahimovun sədrliyi ilə keçirilən "Gənclər günü"ndən tutmuş cavanların yaradıcılığına həsr olunan onlarla plenumların, konfransların, müşavirələrin keçirildiyini, onların şeir və nəsr nümunələrini əhatə edən topluların nəşr edildiyini də unutmaq olmaz”.

21-ci əsr Azərbaycan ədəbiyyatının hadisəsi
Şair Ümid Nəccarinin fikrincə, Yazıcılar Birliyi illərdir fəaliyyəti sayəsində ədəbi mühiti bacardığı qədər öz ətrafına toplayıb: "Birlik bir orqan olaraq bacardığı yardımı ədəbiyyat mühitinə göstərir. Ciddi və professional ədəbiyyatı yürütmək üçün Yazıcılar Birliyinin tərkibində fəaliyyət göstərən "Ədəbiyyat qəzeti” Azər Turanın dövründə böyük imzaları təqdim etməyə nail ola bildi. Mən bunu 21-ci əsr Azərbaycan ədəbiyyatının hadisəsi hesab edirəm və deyə bilərəm ki, bu dövrdə ədəbiyyatın gərgin və sönük durumunda bu qəzetin əməyi nəticəsində aktiv mühitin şahidi ola bildik. Bu orqanın fəaliyyətinin gün-gündən güclənməsini arzu edirəm!”

Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər