• cümə, 26 Aprel, 09:16
  • Baku Bakı 12°C

80 yaşlı “Almaz”

27.10.16 14:33 4427
80 yaşlı “Almaz”
XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan ictimai-siyasi və mədəni şərait incəsənətin digər sahələrində olduğu kimi, milli kinomuzun, xüsusilə bədii kinonun formalaşmasına geniş imkan yaratdı. Yazıçı İbrahim bəy Musabəyovun «Neft və milyonlar səltənətində» povesti əsasında 1915-ci ildə iki seriyalı eyni adlı bədii film yaradıldı. Filmin ssenari müəllifi A.Panova- Potyomkina idi. 1916-cı ildə isə bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında «Arşın mal alan» kinokomediyası çəkildi. Bu filmin də ssenarisini A.Panova-Potyomkina yazmışdı.

Ümumiyyətlə, o dövrdə və XX əsrin 20-ci illərində Azərbaycan kinosunda milli ssenarist problemi kəskin şəkildə mövcud idi. Həmin vaxtlarda filmlərin yaradılmasında ssenaristlərdən N.Breslav- Lurye («Qız qalası»), A.Litvinov («Mədənçi-neftçi istirahətdə və müalicədə», «Əvəz-əvəzə», «Müxtəlif sahillərdə»), P.Blyaxin («Bismillah»), L.Mur, A.Bıxovski («Gilan qızı»), P.Folyan, A.Beknazarov («Vulkan üzərində ev»), B.Askarov («Qızıl kol»), İ.Savçenko, L.Perelman, A.Makovski («Nikita İvanoviç və sosializm»), A.Yan («Direktiv bant»), A.Rjeşevski, N.Şengelaya («26 komissar»), K.Mints («Mavi dənizin sahilində») və digərləri iştirak ediblər.

Siyahıya diqqət yetirəndə aydın görmək olar ki, bu filmlərin böyük əksəriyyəti bədii cəhətdən çox zəif olması ilə yanaşı, onların Azərbaycan kinosu ilə də heç bir əlaqəsi yoxdur. Azərbaycan kinosu üçün ssenari yazanların hamısının əcnəbi olduqlarını görən Cəfər Cabbarlı bu vəziyyətlə heç cürə barışa bilməzdi. Ona görə də o, bu sahədə olan çatışmazlığı və özünün nigarançılığını «Azərkino hara gedir?» məqaləsində belə bildirmişdi: «Məsələ burasındadır ki, «Azərkino» yerli qüvvələrdən ssenari hazırlamaq üzərində işləmir və yalnız dəvət olunanlara ümid bağlayır, onlar isə yerli həyatla tanış olmadıqlarından türk kişisi və ya qadını haqqında hər cür uydurmalar yazırlar, sonra da ssenarini oxuyan elə türk buna etiraz edir və hər şey alt-üst olur».

Göründüyü kimi, Azərbaycan kinosu yarandığı gündən ta 1928-ci ilin ikinci yarısına kimi çəkilən bütün bədii və sənədli filmlərin ssenarilərini gəlmə dramaturqlar, yazıçılar yazıb. Bizim öz kinodramaturqlarımız isə o vaxtlar yox idi.

Bunu gözəl başa düşən Cəfər Cabbarlı kinomuz üçün ssenarilər yazaraq, Azərbaycan kino tarixinə ilk milli kinodramaturq kimi daxil olub.

C.Cabbarlı tərəfindən beş bədii filmin ssenarisi və bir əhatəli liberetto yazılıb. Bunlardan üçü - "Hacı Qara” ("Sona”), "Sevil” və "Almaz” ekranlaşdırılıb. "1905-ci ildə” və "Yaşar” ssenariləri və "Ölülər” liberettosu isə arxivdə saxlanılır.

C.Cabbarlı təkcə əla ssenarist deyil, həm də yaxşı rejissor idi. Bu xoşbəxt uyğunluq onun işlərində əyani şəkildə özünü göstərib. Onun ssenariləri dinamikliyi və dövrün kino sənəti üçün xarakterik olan cəhətləri ilə fərqlənir.

Yazıçı İmran Qasımov dramaturqun rejissorluq fəaliyyəti ilə bağlı yazıb: "Cəfər Cabbarlı "1905-ci ildə” pyesinin ssenarisini yazmışdı. Bu ssenarini o, özü çəkməli idi. Lakin bəzi texniki səbəblərə gör,ə bu əsərin quruluşu baş tutmadı. C.Cabbarlı qısa bir fasilədən sonra məşhur "Almaz” pyesinin ekranlaşdırılması üzərində işə başladı...”

O, «Almaz» ssenarisini nə üçün yazdım» məqaləsində nəyə görə bu pyesin ekran variantını qələmə almaq istədiyini açıqlayıb. Məqalədə deyilir ki, pedaqoji texnikumu, digər tədris müəssisələrini bitirən gənclər çox vaxt rayonlara, kəndlərə getməkdən boyun qaçırırlar. Buna kiminin valideynləri, kiminin adaxlısı icazə vermir. Kimi də sadəcə olaraq qorxaqlıq edir.

Dramaturq bununla əlaqədar Azərbaycan Xalq Komissarlığına gedir, burada qəribə bir hadisənin şahidi olur. Belə ki, 1931-1932-ci tədris ilini başa vurmuş bir ziyalı qız kəndə işləməyə gedir, orada cahil bir kənd soveti katibi qızın namusunu ləkələyir. Nəticədə qız özünə qəsd edir...

Məqalədə bütün bu məsələlər şərh olunur, müəllif gənc qızları ayıq-sayıq olmağa, bu cür iyrənc hadisələrə qarşı mübarizə aparmağa çağırır. Sənətşünas N.Sadıxov «Azərbaycan bədii kinosu» kitabında yazır: «Bəlkə elə buna görədir ki, pyesdə Yaxşının namusuna təcavüz edən məchul Molla Sübhanın əvəzində kənd şurasının katibi Şərifi göstərir».

Hələ Cəfər Cabbarlının sağlığında «Almaz» filminin çəkilişlərinə hazırlıq işləri 1934-cü il iyunun 25-də başlanmışdı. Lakin dramaturqun vəfatından sonra filmin çəkilişləri quruluşçu rejissorlardan Ağarza Quliyev və Qriqori Braginskiyə tapşırıldı.

Filmin çəkilişi prosesində kinofabrikdə 1935-ci il mayın 25-də bədii filmlər şöbəsinin iclası keçirildi. Gündəlikdə bir məsələ dururdu: «Almaz» ssenarisinin rejissor həlli». Protokol üzrə filmin rejissorlarından biri Q.Braginski çıxış etdi:
- Biz bəzi səhnələri yenidən çəkmək istərdik. Hələ işə başlamamışdan əvvəl hiss etdik ki, ssenari ağırlaşdırılıb. Biz rejissorların səhvi ondadır ki, ssenariyə tənqidi yanaşmamışıq. Baş qəhrəmanın ətrafında mənfi obrazlar çox, müsbətlər isə azdır. Bəzi aktyorlardan heç də razı deyiləm. Almazla işləmək çox çətindir. Lakin ondan razıyıq.
Dubrovski:
- Film çəkiləndə ssenari barədə belə danışmaq yaxşı üsul deyil. Ssenari ikiqat yaxşıdır: birincisi, ona görə ki, onu Cabbarlı yazıb, ikincisi ona görə ki, ssenari biz tərəfdən lazımi qiymətini alıb. Bu ssenari filmin uğurunun təminatıdır. Məncə, ssenari uğurludur. O, sizin işinizdə təməl daşıdır. Ayrı-ayrı səhnələr lap yaxşıdır.
Tomski:
– Bizim rejissorlarımız ssenarinin quluna çevriliblər.
Dubrovski:
- Ssenaridə kənddə sinfi mübarizənin müəyyən tarixi mərhələsi öz əksini tapıb. Məsələ heç də onda deyil ki, ssenaridə dəyişiklik aparılmalıdır. Sadəcə, materialı düzgün təqdim etmək lazımdır. Onu nəzərə almaq lazımdır ki, yoldaş Braginski dramaturq kimi yoldaş Cabbarlıdan zəifdir. Bu ssenari dramaturji baxımdan təməl daşıdır. Onun əsasında da filmi çəkmək lazımdır. Bu ssenaridə əsas olan Almaz obrazıdır. Burada heç bir əsas olmadan ssenaridə dəyişiklik aparmaqdan deyil, obrazların traktovkasından, rejissor işindən danışmaq lazımdır.

Almaz sovet həqiqətlərinin müsbət başlanğıcının daşıyıcısıdır. Əgər Almaz bütün film boyu həyatsevərliyi özündə qoruyub saxlaya bilsə, deməli, o, yubka geymiş «Çapayevdir…»

Bundan əvvəlki iclasda Q.Braginski filmin səsli olması məsələsini qaldırmışdı. Qərara alınmışdı ki, filmin istehsalı dayandırılsın. Filmin səsli olması üçün Moskvadan, baş kino idarəsindən icazə alınsın. Moskvanın bu məsələyə münasibəti belə olmuşdu: «Sizin xahişinizi nəzərə alaraq, hesab edirik ki, səssiz variantda çəkdiyiniz «Almaz» filmini əsasən musiqi partiturası ilə və mümkün olan yerdə səs-küydən istifadə etməklə səsləndirmək mümkündür. Bu filmin səsləndirilmə proqramında söz və dialoqdan istifadə etmək daxil deyil.

Filmi səsləndirməzdən əvvəl bir daha onun montajını diqqətlə yoxlamalı və əsərin ritmini pozan kadrları ixtisar etməli».

Bütün bu deyilənlərdən aydın olur ki, əgər Cəfər Cabbarlı «Almaz» filminə özü quruluş verməli olsaydı, «Hacı Qara»nı və «Sevil»i nəzərə alıb, bu kinolentin də səssiz variantını çəkərdi. Yəqin ki, «Almaz» ilk müstəqil rejissor işi olduğu üçün Cəfər Cabbarlı risk etmək istəməyib. Arxiv sənədlərindən məlum olur ki, Cəfər Cabbarlıda səssiz variantın da tamaşaçı tərəfindən müsbət qarşılanacağına böyük inam var idi. Təsadüfi deyil ki, nə üçün filmin səssiz variantını seçdiyini rejissor Q.Braginski ilə söhbətində belə izah etmişdi: «İnsanlar məni sevirlər, çünki mən onların dilini bilirəm, fikirlərini duya bilirəm…»

C.Cabbarlı "Almaz”ın çəkilişi ilə bağlı yaradıcı qrupu özü komplektləşdirmişdi: operatorlar İvan Frolov, Əsgər İsmayılov, rəssam Viktor Aden, rejissor assistenti Əlisəttar Məlikov, bədii rəhbər Nikolay Şengelaya təsdiq olunmuşdular.

Hətta aktyorlar arasında sınaq çəkilişlərini də aparıb, rolları bölüşdürmüşdü. Səhnə ustalarından ibarət gözəl aktyor ansamblı yaratmışdı. Xeyri Əmirzadəyə Kərim, Əlisəttar Məlikova Barat, Ələkbər Hüseynzadəyə Hacı Əhməd, İsmayıl Hidayətzadəyə Şərif, Panfilya Tanailidiyə Fatmanisə, Əli Qurbanova Aftil, Əzizə Məmmədovaya Telli, Mirzəağa Əliyevə Mirzə Səməndər, Ələsgər Ələkbərova Fuad, Əhməd Qəmərlinskiyə kənd sovetinin sədri rollarını tapşırmışdı. Almaz roluna bundan əvvəl "Sevil” filmində baş rolu oynamış İzzət Orucovanı, Yaxşı roluna isə öz qardaşı qızı Mələk xanımı təsdiq etmişdi. C.Cabbarlının ölümündən sonra Mələk xanım bu roldan imtina etdiyinə görə Yaxşının obrazını aktrisa Hökümə Qurbanova yaratdı.

C.Cabbarlı çəkəcəyi naturanı belə müəyyənləşdirmişdi. Yaradıcı qrupla birgə Şamaxı rayonunun Dədəgünəş kəndinə gedib çəkiliş üçün yer də seçmişdi. Amansız ölüm də onun işini yarımçıq qoya bilmədi. Dostları, həmkarları, ardıcılları onun kinematoqrafiya sahəsindəki işini davam etdirdilər. "Almaz” bədii filmi sənətkarın vəfatının ildönümü münasibətilə ekranlara buraxıldı. Filmin operatorlarından Əsgər İsmayılov "Kommunist” qəzetində dərc etdirdiyi məqalədə yazmışdı: "Film hazırdır. "Azərkino”nun işçiləri öz sevimli yoldaşları və dostları olan Əziz Cəfərin başladığı işi şərəflə yerinə yetirdilər”.

Filmdə sosialist quruluşu təbliğ edilir, bu quruluşun inkişafı və möhkəmləndirilməsi yolunda qarşıya çıxan əngəllər, çətinliklər barədə bəhs olunur. Burada eyni zamanda kollektivləşmə dövründə Azərbaycan kəndlərində gedən sinfi mübarizədən, belə bir çətin vaxtda kəndə işləməyə gəlmiş gənc müəllimə Almazın keşməkeşli həyat yolundan bəhs edilir.

... 1930-cu il. Sovet Azərbaycanının uzaq dağ kəndi. Dağlar arasında itib qalmış Sarıtorpaq kəndinə işləmək üçün Almaz Əliyeva adlı müəllimə gəlir. İlk günlərdən gənc müəllimənin gəlişinə sevinən, onunla əlbir olan adamlar müəyyən olunur. Bunlar yoxsul Aftil və onun arvadı, komsomolçu Barat və kənd qızı Yaxşıdır. Kəndin ağsaqqalı Hacı Əhməd müəlliməyə öz işi və «məsləhətləri» ilə həvəslə yardım edir.

Müəllimə kəndin qadınlarına kömək etmək məqsədi ilə xalçaçılıq arteli təşkil etmək fikrinə düşür. Hacı Əhməd birincilər sırasında onun təşəbbüsünü alqışlayır və bu işdə ona kömək edəcəyini söyləyir. Lakin ilk xanalar gətirildikdən sonra birinci münaqişə baş verir. İlk anlardan Almaza ədavətlə yanaşan məktəb müdiri Mirzə Səməndər xanaları məktəbin həyətinə yığmağı qadağan edir.

Təcili surətdə bina lazımdır; bu zaman Hacı Əhməd boş qalmış məsciddən istifadə etmək fikrini Almasın «yadına salır». Həm də nəinki «yadına salır», hətta kənd sovetinin sədri yanında malik olduğu nüfuzundan istifadə edərək məsciddən istifadə üçün icazə almasına kömək edir. Lakin Almazın məscid binasının artel üçün tutmağa hazırlaşdığı vaxtda kənd qadınları və qocalarının həmin Hacı Əhməd və onun vəkili Fatmanisə tərəfindən öyrədilmiş bir hissəsi müqavimət göstərmək təşəbbüsündə olur.

Lakin bütün bu çətinliklərə, hədə-qorxulara baxmayaraq, gənc müəllimə haqq işi uğrunda vuruşduğunu yaxşı başa düşür, ona görə də meydandan qaçmır.

Almaz rolunun ifaçısı İzzət Orucova pyesdə olan sözlərdən məhrum olsa da, qəhrəmanının hiss və həyəcanlarını jestlər vasitəsilə tamaşaçıya çatdırır.

Almaz kənddə hər hansı bir yeniliyi keçirmək istərkən, köhnə fikirli adamlarla üz-üzə gəlir, amma nə iş görürsə özü kimi cavanlara arxalanır.

Məhz cavanların köməkliyi ilə bütün ziddiyyətlər, çətinliklər aradan qalxandan və rahat nəfəs alandan sonra o, mübarizəni davam etdirmək əzmində olduğunu bildirir.

İrəlidə görüləcək işlər çoxdur, o, «silahı» əlindən yerə qoymaq fikrində deyil. Almaz öz həmyaşıdları kimi gələcəyə nikbinliklə baxır.

İstər mövzu, istərsə də qaldırılan problemlərin həlli baxımından «Almaz» filmi öz dövrünə görə çox aktual idi. Film ekranlara buraxılandan sonra respublikamızın mədəni həyatında əlamətdar hadisəyə çevrildi.

Bəzi mənbələrdə «Almaz» ilk səsli bədii film kimi təqdim olunub. Əslində isə «Almaz» Azərbaycan kinosunun sonuncu səssiz filmidir. Bu film iki variantda çəkilib. Yəni birinci variant tam səssizdir. İkinci variantda isə yalnız musiqidən istifadə edilib. Filmə musiqini bəstəkarlardan Niyazi və Zülfüqar Hacıbəyov yazıb. Lakin aktyorlar danışmırlar. Aktyorların dialoqları yazılar vasitəsilə verilib.

Kinoşünas N.Hacınskaya bu film haqqında yazıb: «Almaz» filmi azərbaycanlı qadın obrazının təcəssümündə kino tarixində yeni səhifə idi… Almaz özü üçün deyil, başqalarından ötrü mübarizə aparırdı… Azərbaycan filmlərində qəhrəman qadın obrazının sonrakı inkişafı artıq başqa vəziyyətlərlə, başqa dövrlə bağlıdır».

Görkəmli gürcü rejissoru Nikolay Şengelaya ssenariyə və baş qəhrəman Almaza belə qiymət verib: "Mən təsdiq edirəm ki, bu, dramaturji əsərlərdən biridir... Şübhəsiz bu əsərə quruluş verilməlidir. Çünki bu, dolğun əsərdir. Əsərdə qəhrəman qadın fiquru qabardılıb. Mənə sovet kinematoqrafiyasında qəhrəman qadın fiqurunun adını çəkə bilərsinizmi?”

Bu sözlər gürcü rejissorunun Azərbaycanın böyük dramaturqu və rejissoru Cəfər Cabbarlı sənətinə verdiyi layiqli qiymətdir.

Cəfər Cabbarlının yaradıcılığı Azərbaycan kino sənətinin inkişafında böyük rol oynayıb, istedadlı kinodramaturqlar nəslinin yetişməsində öz müsbət təsirini göstərib.
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi

banner

Oxşar Xəbərlər