• çərşənbə axşamı, 16 aprel, 12:06
  • Baku Bakı 19°C

8 illik həyat, 11 illik iş yoldaşları

31.03.14 10:06 4338
8 illik həyat, 11 illik iş yoldaşları
Nigar Məmmədli: “Biz tanış olanda bir-birimizdən başqa heç nəyimiz yox idi”
Elnur Məmmədli: “Günün 24 saatını bir yerdə keçiririk və bu, bezdirici deyil”

Bu dəfə “Ailə” rubrikası üçün Elnur və Nigar Məmmədovaların ailəsindəyik. 8 ilə yaxındır evli olan həmsöhbətlərimizlə tanışlıq dövrlərindən başlamış, evlilik təklifinə, kiçicik ailə sirlərinə qədər bir sıra məsələlər barədə danışdıq. Onu da qeyd edək ki, 8 ildir evliliklə yanaşı, 11 ildir Elnurla Nigar həm də eyni redaksiyalarda çiyin-çiyinə ilş yoldaşı kimi çalışırlar. Hazırda hər ikisi “Qafqazinfo.az” saytında işləyir. Elnur baş redaktor, Nigar isə reklam meneceridir.
“Qələbə günü” bizim “Sevgililər günümüz”dür

Əvvəlcə müsahiblərimizin tanışlığından başlayaq. Elnur deyir ki, hərbi xidmətdən qayıdandan sonra əvvəlki iş yerində “Ekspress” qəzetində fəaliyyətini davam etdirir. Elnur hərbi xidmətdəykən sözügedən qəzetdə işə başlayan Nigar Elnurun diqqətini zaman-zaman cəlb edir: “Yəni Nigara qarşı münasibətim ildırımsürətli olmadı. Götür-qoy elədim və qəti qərara gələndən sonra fikrimi ona dedim. Amma Nigarın götür-qoyu da az çəkmədi, düz bir ildən sona mənə “hə” dedi”.
Nigarın sözlərinə görə, ilk vaxtlar aralarında yalnız dost münasibəti olub: “Onu saf, təmiz, iş prosesində iş yoldaşlarına yardım əlini uzadan bir oğlan kimi tanımışam. Ağlımın ucundan belə keçmirdi ki, nə vaxtsa bizim aramızda başqa münasibət yarana bilər. Hətta ona bəzən “qaqa” deyə müraciət edirdim. Sən demə, bunun fikri başqaymış. Bir il gizlincə sevib, məni izləyib. Nəhayət 2004-cü ilin aprelində hisslərini açıb dedi. Təbii ki, bu təklif mənimçün gözlənilməz oldu və cavabım “hə” olmadı. Bir il bir aydan sonra mayın 9-da, Qələbə günü nəhayət ki, saqqızımı oğurladı. Biz artıq 9 ildir ki, mayın 9-nu öz “Sevgililər günü”müz kimi qeyd edirik. 2006-cı il yanvarın 7-də nişanlandıq, dekabrın 10-da toyumuz oldu”.
Nigar deyir ki, Elnurdakı dürüstlüyü, ailəcanlılığı, ailəyə qarşı məsuliyyətli olmağını hiss edirmiş: “Gələcəkdə necə ailə başçısı olacağını təxmin edirdim və şükürlər olsun ki, bu təxminlərim özünü doğrultdu”.
Günün 24 saatını bir yerdə keçiririk

11 ildir həm də iş yoldaşı olduqlarını xatırladan Elnurun sözlərinə görə, belə davam etsə, onların həyat yoldaşı tarixçəsi heç vaxt iş yoldaşı tarixçəmizdən uzun ola bilməyəcək. Eyni pewe sahibi ilə ailə qurmaq və daim bir yerdə işləməyin çətinliyinə gəlincə, müsahibimiz deyir ki, onlar üçün bu, heç də çətin deyil: “Baxır kimi üçün çətindir. Məncə, bu, daha çox insanın tipindən asılı olan məsələdir. Əksinə, eyni peşədə olmaq və eyni yerdə işləmək bizim işimizi çox yüngülləşdirir. Evdən ailə olaraq bir yerdə çıxırıq, uşaqları məktəbə, bağçaya qoyub işimizə başlayırıq”.
Nigar da həyat yoldaşı ilə eyni fikirdədir. Onun sözlərinə görə, eyni iş yerini paylaşmaq onun üçün də çox rahatdır: “Bir-birimizin dilini yaxşı başa düşürük. Bəzən tanışlarım da mənə deyir ki, Elnurla bütün günü bir yerdə olmaqdan bezmirsən? Deyirəm, yox. Çünki Elnurun bezdirici xüsusiyyətini görməmişəm. Biz günün 24 saatını bir yerdə keçiririk və bu, ikimiz üçün də artıq normal yaşam tərzinə çevrilib. Əksinə Elnur işdə olmayanda mənimçün darıxdırıcı olur. Ayrı-ayrı redaksiyalarda işləməyi təsəvvür belə edə bilmirəm”.
Nişanlılıqdakı naz-qəmzənin evlilikdə yeri olmur

Etiraf edək ki, cütlüklərin əksəriyyəti evlənəndə, xüsusilə də uşaq sahibi olandan sonra qarşı tərəfin xasiyyətində müəyyən dəyişikliklərin baş verdiyini, yaxşı və pis mənada bir-birlərini təəccübləndiklərini deyirlər. Elnur yarızarafat, yarıgerçək deyir ki, evlənəndən sonra Nigar onu xeyli təəccübləndirib. Konkret nəylə təəccübləndirdiyini deməsə də, müsahibimizin sözlərinə görə, ailə-məişət məsələlərində yeni-yeni “istedad”ları üzə çıxıb: “Sözün doğrusu, əvvəllər Nigar məni çox təəccübləndirdi. Amma artıq neçə ildir ki, təəccübləndirə bilmir”.
Nigarın fikrincə, nişanlılıqla evlilik dövrü bir-birindən tamamilə fərqlənir: “Nişanlılıqda etdiyin naz-qəmzənin evlilikdə yeri olmur. Ailə qayğıları insanın xarakterinə təsirsiz ötüşmür. Şükürlər olsun ki, biz o dövrü üzüağ yola verdik. Ailədə bir-birinə inam, sevgi, etibar olduqdan sonra qalan şeylər ikinci plana keçir. Hər şeyin öhdəsindən gəlməyə gücün yetir”.
Deyirlər, kişilərin sevgisi mədələrinə gedən yoldan keçir. Amma Nigar bu misalın onun həyat yoldaşına yapışmadığını bildirir: “Heç vaxt Elnurun mədəsi sarıdan “kapriz”lərini görməmişəm. Bizim evdə həm mən işlədiyim zaman, həm də evdə olduğum zaman “yemək niyə gec bişdi”, “mən bunu yemirəm” kimi problemlər olmayıb. Düzdür, mən də çalışmışam ki, hər şeydən öncə evdə yemək hazır olsun. Həm də etiraf edim ki, əlimin duzu var və Elnur bişirdiyim bütün yeməkləri ləzzətlə yeyir”.
Ailənin möhkəmliyinin əsası kişidən asılıdır

Bütün ailələrdə müşahidə edilən mübahisələr və onların həlli yollarına gəlincə, Elnurun sözlərinə görə, problem olanda da çalışır ki, Nigara qulaqlığı qulağına keçirib kompyuterin qarşısında oturmaqla “cavab versin” və bu, həmişə işə yarayır: “Həmişə alış-verişə gedəndə mütləq dava edib qayıdırıq. Qadınların bazarlıq prinsiplərinə qəti şəkildə dözümüm yoxdur. Amma doğrusu, bizdə son illər demək olar ki, problem olmur. Həqiqətən, qurd quzu ilə rahat şəkildə yaşayır. Başımız işə o qədər qarışır ki, dava etməyə vaxtımız olmur”.
Nigar da deyir ki, ailələrindəki inam, sevgi bütün anlaşılmazlıqları yola verir: “Elnur çox səbrli insandır, amma mən özümdən tez çıxanam. Hələ yadıma gəlmir ki, boş bir şeyin üstündə evdə söz-söhbət salsın, qan-qaraçılıq yaratsın. Söhbəti çürütməyi heç sevmir. Buna görə də bizdə mübahisələr, anlaşılmazlıqlar çox az hallarda olur”.
Gənc ailənin möhkəm ailə qurmaq üçün gənclərə məsləhətlərinə gəlincə, Nigarın fikrincə, ilk növbədə gənclər ürəklərinin səsini dinləməlidirlər: “Ən əsası ürəklərinin səsinə qulaq asıb öz yarılarını doğru seçsinlər. Var-dövlətə uymasınlar. Ailədə ki, zəhmət, sevgi, sədaqət, normal münasibətlər, qarşılıqlı anlaşma varsa, var-dövlət, ruzi-bərərkət gəlib özü o ailəni mütləq tapacaq. Biz tanış olanda bir-birimizdən başqa heç nəyimiz yox idi. Amma indi şükürlər olsun ki, əl-ələ verib hər şeyə nail olmuşuq”.
Elnurun fikrincə, ailənin möhkəmliyinin 60-70 faizi kişidən asılıdır: “Amma qadın yerində deyilsə, kişi intihar etsə belə, xeyiri yoxdur. Bir də ailəyə istənilən üçüncü şəxsin müdaxiləsi olmamalıdır. Kiminsə belə bir sözü var ki, sevgi iki nəfərin arasında olan münasibətdir. Mən bunu ailəyə də aid edirəm”.
Elnursuz işlərimin öhdəsindən gəlmək çətin olardı

Uşaqların tərbiyəsi ilə hər ikisinin məşğul olduğunu deyən müsahiblərimiz işlədiklərinə görə, uşaqlara çox vaxt ayıra bilmədiklərini etiraf etdilər. Hətta Nigar deyir ki, o, uşaqlara həyat yoldaşından daha az vaxt ayırır: “İşdən əlavə, ev işləri də mənim üzərimdə olduğundan uşaqlara az vaxt ayırmaq məcburiyyətində qalıram. Həm də Elnur uşaqlarla münasibətdə daha səbrlidir. Elnur olmasaydı, həm işin, həm evin, həm də uşaqların öhdəsindən gəlmək mənim üçün çox çətin olardı. Bəzən mənə təəccüblü gəlir ki, bu qədər işin öhdəsindən gəlmək üçün gücü, enerjini haradan alıram? Cavabım da bu olur ki, ailəmə və işimə olan sevgimdən bütün bunların öhdəsindən gələ bilirəm. Hətta deyərdim ki, bundan zövq alıram”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər