700 bal toplayan abituriyent ixtisas seçimini edib
Vahab
Fuad oğlu Cəbrayılov 2000-ci ildə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olub.
Orta təhsilini 2006-2017-ci illərdə Lahıc qəsəbə tam orta məktəbində alıb. Orta
təhsil dövründə müxtəlif bilik yarışlarında, sosial tədbirlərdə fəal iştirak
edib. 2015-ci ildə riyaziyyat fənnindən Respublika Fənn Olimpiadalarında bürünc
medal qazanıb. Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üzrə
keçirilən qəbul imtahanında 700 bal toplayıb. O, Bakı Ali Neft Məktəbinin
(BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcək.
- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə
bilmisən? Necə düşünürsən, bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada
şans da rol oynayır?
-
Maksimum nəticə -700 bal toplamaq üçün fikrimcə, zəhmət əsas faktordur. Bu nəticəyə
yalnız gərgin zəhmətlə nail olmaq olar.
Amma yüksək diqqət də öz rolun oynayır, imtahanda təqdim olunan hər bir suala
eyni diqqətlə yanaşmaq lazımdır.
- Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və
imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?
-
İmtahanın ilk 10-15 dəqiqəsi hər kəs kimi məndə də həyəcanlı keçdi. Amma
sualları yazmağa başlayandan sonra insanda özünəinam hissi yaranır. Məncə, imtahanın
taleyini də elə bu həll edir. İmtahandan sonra cavablarımı DİM tərəfindən təqdim
olunmuş düzgün cavablarla yoxladıqdan sonra artıq bu nəticəyə nail olduğum
anlaşıldı və sonra rəsmi nəticələr də bunu təsdiqlədi.
- Niyə məhz
bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına
qoydun?
- Bakı
Ali Neft Məktəbinə daxil olmaq mənim ən xoşbəxt anımdır. Azərbaycan təhsilində öz
sözünü qısa bir müddətdə demiş Ali Neft Məktəbinə inanırdım və imtahandan öncəki
məqsədim də elə bu idi. "Proseslərin avtomatlaşdırılması mühəndisliyi”
ixtisasına gəldikdə isə kompüter və robot texnologiyalarına olan marağım səbəbindən
son qərarım kimi bu ixtisas üzərində durdum. Gələcəkdə bu sahədə təkcə Azərbaycanda
deyil, dünyada bu sahə üzrə peşəkar bir mütəxəssis kimi formalaşmağı və bu sahədə
ölkəm adına ilkə imza atmağı qarşıma məqsəd qoymuşam.
- Ən böyük arzun nədir?
- Ən
böyük arzum təhsil alacağım sahədə vətənimi uğurlu elmi kəşflə dünya miqyasında tanıtmaqdır.
- Özünü gələcəkdə harada görürsən və gələcək üçün
planların hansılardır?
- Özümü
gələcəkdə dünyanın ən nüfuzlu elm ocaqlarından birində vətənimin təmsilçisi
kimi görməyi planlaşdırıram və buna nail olacağıma inanıram.